Xəbər lenti

Kvaratsxeliyanın Yevlaxa gəlməsi
Amal Abuşov
İdman 14:33 31.08.2023

Kvaratsxeliyanın Yevlaxa gəlməsi

Bəli, gürcüstanlı futbolçu Kvaratsxeliya Yevlaxa gəlir. Ciddi sözümdür. 23 yaşlı futbolçu növbəti mövsüm I Liqada mübarizə aparacaq "Karvan”ın formasını geyinəcək, Yevlax klubunun uğurları üçün çalışacaq. Uğur deyəndə sözsüz ki, burda hansısa böyük məqsədlərdən söhbət getmir. I Liqada yarışan klubun nə məqsədi ola bilər? Düz tapdınız, Azərbaycan Premyer Liqasına yüksəlmək. Ondan sonrası da Allah kərimdir.

Amma burda çox vacib bir nüans var ki, onu da sizə deməliyəm. Məsələ ondadır ki, Yevlaxa gələn Kvartsxeliya o məşhur gürcü deyil. Yəni, söhbət "Napoli”də qolları sıralayan, Neapol təmsilçisinin İtaliya çempionu olmasına böyük töhvə verən Xviça Kvartsxeliyadan getmir. "Karvan”a gələn gürcü futbolçu heç hücumçu da deyil, qapıçıdır. Gürcüstanlı "çərçivə” qoruyucusu Tornike Kvaratsxeliya artıq bir müddətdir ki, "Karvan”ın düşərgəsində məşq edir. Komandanın məşqçiləri də onun çıxışını bəyənib. Son klubu Gürcüstanın birinci liqasında mübarizə aparan "Merani” olan Kvaratsxeliya ilə qarşıdakı mövsümü əhatə edəcək bir illik müqavilə bağlanacaq. Bu yerdə onu da qeyd edim ki, Tornike bir vaxtlar "Şəmkir”in, "Kəpəz”in heyətində çıxış etmiş, Azərbaycan millisinin də formasını geyinmiş məşhur Badri Kvaratsxeliyanın qohumu-filan da deyil. Görünür, Kvaratsxeliya soyadı qonşu Gürcüstanda xeyli məşhurdur, ona görə də qısa müddət ərzində Azərbaycana ordan oxşar soyadlı ikinci futbolçu transfer edilir.

Tərəflərin hər ikisinə xeyirli-uğurlu olsun deyirəm. Gürcü qapıçı "çərçivə”də inamlı dayansın, "Karvan”a uğur qazanmasında yardımçı olsun. Bununda qarşısında maaşını, mükafatını vaxtlı-vaxtında alıb, hesabına qoya bilsin. Bir klub və bir futbolçu üçün bundan yaxşı nə arzu ola bilər? Amma bu məsələdə məni təəssüfləndirən bir məqam var ki, onu mütləq deməliyəm. Bizim I Liqanın da, orda iştirak edən klubların da səviyyəsi bəllidir. Üzdə olan, lakin Premyer Liqa klublarında özünə yer tapa bilməyən futbolçuları bir komandaya toplayıb, aşağı liqada uğur qazanmaq heç də çətin olmamalıdır. 

Oxşar taktikadan illər öncə Azərbaycan çempionatının elitasında da istifadə edilib. Ağasəlim Mircavadov Mahmud Qurbanov başda olmaqla bir qrup futbolçunu başına yığmışdı. Kim yaxşı pul verirdisə, Mircavadov həmin klubla anlaşırdı, sonra da o qrupa daxil olan futbolçulara dəvət göndərirdi. Bir mövsüm "Kəpəz”i çempion edən heyət növbəti il "Şəmkir”i və onun azarkeşlərini arzusuna çatdırırdı. Qonşu Gəncə ilə sözün yaxşı mənasında mübarizə aparan, bəhsə-bəhs edən şəmkirlilər məhz bu ssenariylə bir vaxtlar Azərbaycan çempionluğunu bayram etmişdilər. Elə Ağasəlim bəy "Neftçi”ni Azərbaycanın ən güclüsü edəndə də həmin qrup futbolçuların köməyindən istifadə etmişdi. Ortada bu boyda təcrübə varkən, ondan niyə yararlanmayasan ki?!

"Karvan”ın rəhbərliyi isə fərqli yol tutub, aşağı dəstədə oynayan komandaya əcnəbi qapıçı dəvət edib. Bu həm də o deməkdir ki, hansısa azərbaycanlı futbolçunun qarşısı kəsilir, onun futbol oynamasına, eyni zamanda da sevimli peşəsiylə məşğul olub, pul qazanmasına əngəl törədilir. Söhbət heç də bir futbolçunun futbolsuz qalmasından, yaxud da əcnəbinin Azərbaycanda oynamasından getmir. Məni daha çox narahat edən "Karvan”ın strategiyasının olmamasıdır. Yevlax təmsilçisi indidən legionerlərə qucaq açır, pulunu əcnəbilərə xərcləyir. Bir vaxtlar Azərbaycan futbolunda fırtına kimi əsən, avrokuboklarda mərhələ adlamaqla adını futbolumuzun tarixinə yazdıran "Karvan” var idi. Sonrası nə oldu? Peşəkar "sarvanı” olmayan "Karvan” mürəkkəb yollarda azdı, futbol səhnəsindən də silindi. Ondan sonra da Yevlax futbolsuz qaldı. Bu səbəbdən de deyirəm ki, keçmiş səhvlər təkrarlanmasın. Ələ pul düşübsə, onu bir mövsümün içində göyə sovurmaq, "Premyer Liqaya yüksələk, sonrasına baxarıq” düşüncəsiylə hərəkət etmək yanlışdır.

Özü də bu sözlərim təkcə yevlaxlılara aid deyil. İndidən nəticə dalınca qaçmayın. Həm öz sabahınızı düşünün, həm də futbolumuzun sabahını.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->