Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Laçınla bağlı məsələnin müsbət həlli digər anoloji problemlərin də tezliklə həllini tapacağı və Azərbaycanın yuridiksiyasının bütün ərazilərimizdə tam şəkildə bərpa olunacağına da əminlik yaradır:
"Məlum olduğu kimi, postmüharibə dövrünün həllini gözləyən bir sıra vəzifələr mövcuddur. Həmin vəzifə və hədəflər sırasında xüsusi əhəmiyyətli məsələ də var idi. Bu, Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində də Azərbaycanın suverenliyinin təminatı ilə bağlı məsələdir. Laçın şəhəri Laçın dəhlizi ərazisində yerləşdiyindən və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına düşdüyündən bu məsələ müharibədən sonra hələ tam həllini tapmamışdı. Azərbaycan Prezidentinin təkidli davranış və səylərindən sonra 10 Noyabr sənədində 3 il ərzində həmin ərazidə yeni alternativ dəhlizin çəkilişi məsələsi də qoyulmuşdu. Azərbaycan Prezidentinin rəhbərliyi altında faktiki olaraq vaxtından kifayət qədər tez müddətdə həmin təşəbbüs reallaşdırıldı. Ermənilərə 25 avqusta qədər əraziləri tərk etmələri üçün möhlət verildi. Bu da reallaşdı. Nəticədə Laçın şəhəri və ətraf kəndlər tam şəkildə Azərbaycanın nəzarətindədir.
Azərbaycan Prezidenti də bununla bağlı müjdə xəbərini xalqla paylaşıb. Bu bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin Ali Baş Komandanın rəhbərliyi altında həll edə bilmədiyi heç bir məsələ yoxdur. Sadəcə, hər şey zamana möhtacdır. Nəyi, nə vaxt, necə etməyi dövlət başçısı gözəl bilir. Artıq Laçın və ətraf kəndlərdə də Azərbaycanın yurisdiksiyası bərpa olundu. Azərbaycan Ordusu da burada yerləşib. Qarşıda həllini gözləyən digər anoloji vəziflər də var. Xankəndi və ətrafdakı digər ərazilər üzərində də Azərbaycan yurisdiksiyasının təmini məsələləri durur. Laçınla bağlı məsələnin müsbət həll olunması əminlik yaradır ki, digər anoloji problemlər də tezliklə öz həllini tapacaq və Azərbaycanın yuridiksiyası bütün ərazilərimizdə tam şəkildə bərpa olunacaq”.
Rüfət Sultan