Bildiyimiz kimi, iki gündən sonra Laçın dəhlizinə alternativ yolun çəkilməsi fonunda Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu fonda ermənilərin həmin ərazini tərk etmələri üçün avqustun 5-də 20 günlük vaxt verilmişdi. Beləliklə,avqustun 25-də bu vaxt başa çatır. Qeyd edək ki, bu xəbərdən dərhal sonra ermənilər öz xislətlərinə sadiq qalaraq ərazidəki evləri, meşələri yandırdılar. Hətta bəzi yerlərə piyada əleyhinə minalar da basdırılır.
Mövzu ətrafında Qaynarinfo-ya danışan siyasi şərhçi Fərhad Məmmədov ermənilərin növbəti bir bəhanə tapıb, ərazilərdən çıxmaq məsələsini bir qədər də uzadacaqlarını düşünmür:
"Onlar birmənalı olaraq ərazidən çıxacaqlar. Ermənilərin Laçın, Zabux və Susdan çıxması ilə həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər isə yalnız alternativ olaraq yaradılan yeni yoldan istifadə edəcək. Həmin yol isə Rusiya sülhməramlılarının nəzarətində olacaq. İndi qalır Laçın dəhlizinin Ermənistana daxil olan hissəsində Azərbaycan sərhəd və gömrük məntəqələrinin yerləşdirilməsi məsələsi. O da Zəngəzur dəhlizilə bağlıdır”.
Politoloq Cümşüd Nuriyev bildirir ki, qalan iki gün ərzində ermənilər çıxdıqları sözügedən ərazilərdə hər hansı bir pisliyə əl ata bilməyəcəklər:
"Ermənilər artıq heç nə edə bilməz. Onlar Azərbaycan Ordusunun gücünü də bilir. Bu gecə Laçının mərkəzində Azərbaycan bayrağı dalğalanacaq. Separatçı rejim tör-töküntülərinin məlumatına görə, Zabux tam boşaldılıb. Laçın da boşalıb. Sus kəndində bir erməni qalıb. Ermənilər bu ərəfədə elədikləri pislikləri yenə də etdilər. Yenə xislətlərinə uyğun olaraq evləri, meşələri yandırdılar. Amma artıq Azərbaycan Ordusu Laçında olduğundan, bundan sonrakı iki gün ərzində nə evləri, nə də meşə yandıra biləcəklər. Çünki bilirlər ki, onun başağrısı ağır olacaq. Ali Baş Komandan da göstəriş verib ki, belə hərəkəti törədənlər cəzasız qalmayacaq. Ona görə də ermənilərin bu ərazidə növbəti dəfə hər hansı bir təxribata gedəcəklərini istisna edirəm. Amma kənar ərazilərdə buna gedə bilərlər. Məsələn, Ağdərə və Xocavəndin başqa kəndlərində təxribatlar törədə bilərlər”.
Rüfət Sultan