"Yaxın zamanlarda Rusiyanın bölgəmizdə gərginliyi artırmasının şahidi ola bilərik”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Bakıda səfərdə olarkən Rusiya XİN rəhbəri Sergey Lavrovun Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin qurulmasının müzakirə mövzusu olmadığı barədə səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, Rusiya bu kimi vasitələrlə bölgədə daha uzun müddətə qalmaq üçün yenidən vəziyyəti gərginləşdirmək istəyir:
"Lavrov bəhanə axtarır. Rusiya bu kimi vasitələrlə bölgədə daha uzun müddətə qalmaq üçün yenidən vəziyyəti gərginləşdirmək istəyir. Böyük ehtimalla yaxın zamanlarda bunun şahidi olacağıq. 10 noyabr bəyannaməsində Laçın koridorunun açılmasından söhbət gedir. Amma Azərbaycan öz ərazisində fəaliyyət azadlığına malikdir. Bakı istədiyi ərazidə nəzarət-buraxılış məntəqəsi də yarada, yoxlanış da apara bilər. Azərbaycan öz ərazisində Konstitusiyanın toxunulmazlığını qoruyur. Laçın dəhlizi rus sülhməramlılarının nəzarət etdiyi hissəyə qədər olan yerdir. Dəhlizin digər hissəsində isə ekofəalların aksiyası keçirilir”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunu üzrə birgə mətbuat konfransında Laçın yolunun rejimi və onun funksiyasının üçtərəfli 10 noyabr 2020-ci il bəyanatına uyğun olmasının vacibliyini bildirib. Bu fonda da o, Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin qurulmasının müzakirə mövzusu olmadığını deyib: "Azərbaycan, Lacın yolunda sərhəd və gömrük xidməti yarada bilməz".
Rüfət Sultan