Xəbər lenti

Lavrov demək istəyir ki... (ŞƏRH)
Siyasət 14:16 13.10.2022

Lavrov demək istəyir ki... (ŞƏRH)

Azərbaycan və Ermənistan rəhbərlərinin Praqa görüşü və əldə edilən razılaşmalardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, tərəflər arasında süh sazişi Moskvanın planı ilə imzalanacaq. Onun dediyi kimi olacaqsa, deməli saziş Rusiyada imzalanacaq.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri deyib ki, Lavrovun bu açıqlaması əslində başından böyük açıqlamadır və hər iki dövlətə təzyiq xarakteri daşıyır:

"Sülh müqaviləsinin imzalanması üçün müqavilənin bütün şərt və prinsipləri hər iki dövlət tərəfindən qəbul olunmalıdır. Rusiyanın təqdim  etdiyi sənəd isə Bakı tərəfindən qəbul edilməyib. Çünki Moskva sülh müqaviləsi çərçivəsində özünün geosiyasi maraqlarını üstün tutub. Söhbət sülh müqaviləsinin imzalanmasından gedirsə, ona gətirib çıxaran və 30 illik müharibənin ortaya çıxmasına konkret səbəblər var. Bu səbəb Qarabağdakı separatçı rejimin Kremlin dəstəyilə münaqişəni başlatması ilə bağlıdır. Sülh müqaviləsinin imzalanması üçün mütləq mənada bu münaqişəni ortaya çıxaran səbəblər aradan götürülməlidir. Rusiyanın təqdim etdiyi sənəddə qarşılıqlı olaraq dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliklərini tanımaları qeyd edilsə də, Qarabağ məsələsinin həlli isə sonraya saxlanılır”. 
 


Həmsöhbətimizə görə, Kreml bunu da ona görə edir ki, Rusiya Azərbaycanın ərazisi olan Qarabağda yerləşdirdiyi qoşunlarını uzun müddətə burada saxlamaya bilsin: 

"Buna nail olmaq üçün də Kreml istənilən süni səbəblər yaratmağa çalışacaq. Belə olan halda, Moskva hansı əsasla iddia edir ki, sülh müqaviləsi mütləq mənada Rusiyada imzalanmalıdır”. 

Ekspert bildirir ki, Qərbin sülh səylərindən narahat olan Rusiya buna yol verməmək istəyirdisə, son iki il ərzində prosesin başa çatmasına nail olmalı idi:

"Rusiya sülh müqaviləsinin həqiqətən imzalanmasını istəyirsə, Ermənistan-Azərbaycan sərhədinə beynəlxalq müşahidəçilərin gəlməsinə qarşı çıxış edirsə, onda son iki il ərzində Moskva nə ilə məşğul olub? Son iki ildə ABŞ və Fransa ortada böyük boşluğun olmasından yararlanaraq, prosesə müdaxilə etmək imkanı qazanıb və bunda da haqlıdırlar. Çünki müqəddəs yerlər heç zaman boş qalmır. Kreml müharibə bitəndən sonra zəhmət çəkib 10 noyabr sənədinin bütün müddəalarını icra etsəydi, Qarabağdakı qanunsuz erməni birləşmələrinin Azərbaycanı tərk etməsini təmin etsəydi, belə vəziyyət yaranmazdı. Bunlar edilməyibsə və Kreml zaman qazanmağa oynayıbsa, bu gün "qazandan çömçə ilə çıxan nə varsa”, Rusiya onunla da kifayətlənməlidir. Daldan atılan daş topuğa dəyər”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->