Erməni mətbuatının yazdığına görə, bu günlərdə Qarabağdakı separatçıların rəhbərlərinin nümayəndələri Xankəndi ilə rəsmi Bakı arasında "sülh müqaviləsi” layihəsinin surətini yerli ictimai fəallara təqdim ediblər. Bu layihə ermənilərin Azərbaycanda yaşamasının hüquqi aspektlərini əks etdirir. Onlar iddia edirlər ki, sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında xüsusi qeyd olunur ki, o, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər üçün nəzərdə tutulub.
"Arsaxpress”in məlumatına görə, "Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi "Artsax Prezidenti yanında Antiböhran Şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə təklif edib.
Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.
Layihəyə əsasən, Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir. Rusiyanın təklif etdiyi sənədə görə, yalnız hərbi cinayətlər törətmiş və məhkəmə tərəfindən cinayətkar kimi tanınmış Qarabağ erməniləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə məruz qala bilərlər.
Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında sözügedən sənədin təklif edildiyini istisna etməyib, lakin bildirib ki, təklif edilsə də, Azərbaycan tərəfi onu rədd edib:
"Düşünürəm ki, bu, uydurmaya oxşayan məsələ deyil. Belə bir məlumatı ilk dəfə qondarma rejimin rəhbəri Araik Arutyunyanın yaratdığı anti-böhran komissiyasının sədri Tiqran Petrosyan açıqlayıb. O elə böyük füqur deyil ki, nəhəng dövlətin xarici siyasət rəhbərinin təqdim etmədiyi bir sənədi ictimailəşdirsin. Petrosyan tərəfindən açıqlanan bu sənəd həmçinin Lavrovun açıqladığı sənəd kimi təqdim olunub. Deməli, reallıqda belə bir sənəd olub. Hətta bəlkə müzakirə predmeti də olub. Ancaq Rusiya adına belə sənəd olsa da, o Azərbaycan üçün qəbuledilən deyil".
Politoloq hesab edir ki, Bakı bu sənədi rədd edib. "Nə Bakı, nə Moskva, nə də İrəvan səviyyəsində belə bir sənədin müzakirəsindən söhbət getmir”, deyə Natiq Miri əlavə edib.
Həmsəhbötimizə görə, sənəddə Azərbaycan dövlətinin unitarlığını pozan və gələcək perspektivdə separat toxumların yenidən cücərməsinə münbit şərait yaradan müddəalar mövcuddur:
"Ermənilər yalnız bələdiyyə seçkiləri vasitəsilə yerli idarəetmədə iştirak edə bilərlər. Amma bütün pillələr üzrə erməni dilində təhsilin olmasına ehtiyac yoxdur. Orta məktəblərdə yalnız ana dili kitabları tədris oluna bilər. Universitet və məktəblərin yalnız erməni dilində tədris olunması separatizmi tətikləyən təhlükəli məqamdır. Burada Lavrovun hiyləsi də görünür”.
Rüfət Sultan