"Lavrovun belə açıqlaması fonunda, Azərbaycan Rusiyaya adekvat cavablar verməli, Moskvanın qarşısında açıq tələblər qoymalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdə "Azərbaycan hərbi əsirləri ilkin şərt olmadan qaytarmalıdır” kimi sərt və heç bir müstəviyə sığmayan fikirlərinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, Azərbaycan sülhməramlı missiya yerinə yetirən Moskvanın qarşısında açıq tələblər qoymalıdır:
"Necə olur ki, 10 Noyabr sazişinin 4,7 və 9-cu bəndlərində qeyd edilən müddəalar bu günə qədər öz həllini tapmayıb? Erməni silahlı qüvvələri hələ də Qarabağdadır. Azərbayanlı qaçqınların ərazilərə köçürülməsi təmin edilməyib. Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz məsələsində də irəliləyiş yoxdur. Azərbaycan əsgəri həbs edilir, qanunsuz olaraq saxlanılır. Rusiya sülhməramlıları isə öz məsuliyyət zonasında baş versə də, özlərini elə göstərir ki, sanki bu onlara aid məsələ deyil. Onlar orda olmasa idi, Azərbaycan əsgərinə heç kim toxuna bilməzdi. Azərbaycan adekvat cavab olaraq sadaladığım bu tələbləri Rusiya qarşısında sərt şəkildə səsləndirməlidir”.
Politoloqun fikrincə, Lavrov bu kimi açıqlamaları ilə faktiki olaraq həm Ermənistan, həm Azərbaycan, həm də Qərb ictimaiyyətinə göstərmək istəyir ki, Rusiya Qarabağda mövcud olan separatçı rejimin himayəçisidir:
"Təəssüf ki, Qərbin Rusiyanın Qarabağdakı fəaliyyətinə münasibəti, Moskvanın Ukrayna, Gürcüstan və Moldovadakı fəaliyyətinə sərgilədiyi münasibətilə eyni deyil. Sanki Qərb də Rusiyanın Qarabağdakı mövcudluğuna oradakı erməni əhalisinin təhlükəsizliyinə qarantiya kimi baxır. Bu baxımdan Rusiya Azərbaycana yönəlik bəyanatlarında daha cəsarətli, sərhədləri keçən açıqlamalarla çıxış edir. Bunlardan biri də əsirlərlə bağlı məsələdir. Azərbaycanda saxlanılan ermənilər əsir deyil. Konkret cinayət faktı üzrə yaxalanmış şəxslərdir. Hərbi əsir kateqoriyasına daxil olanlar isə tamamilə azad edilib”.
Rüfət Sultan