Dünya 11:24 09.07.2022

Lavrovun G20-də qeyri-etik hərəkətləri: Ciddi psixoloji problem? (ŞƏRH)

Təcavüzkar siyasət yürüdən Rusiya rəsmiləri özlərini beynəlxalq tədbirlərdə də diplomatik müstivədə apara bilmirlər. Bu günlərdə İndoneziyada keçirilən G20 zirvəsinə qatılan Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə diplomatik etiketləri pozan hərəkətlərə yol verib. 

Belə ki, Lavrov bir sıra ölkələrin rəsmiləri çıxış edərkən nümayişkaranə şəkildə zalı tərk edib. Lavrov etiket qaydalarından uzaq belə bir hərəkətə öncə Almaniyanın XİN rəhbəri Annalena Barbok çıxış edərkən yol verib. Ardınca Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın digər ölkələrdən olan həmkarlarına virtual müraciəti zamanı da Lavrov anoloji qeyri-etik hərəkətə yol verərək, zalı tərk edib. Rusiya XİN başçısı habelə ABŞ dövlət katibi Antoni Blinkenin çıxışı zamanı da zalda gözə dəyməyib. 

Bundan başqa, Lavrov indoneziyalı həmkarı ilə görüşdə jurnalistin "niyə müharibəyə başladınız” sualına məhəl qoymayaraq onu cavabsız qoyub. 

Rusiya XİN rəhbərinin etikadan uzaq bu hərəkətlərinin səbəbini Qaynarinfo-ya şərh edən politoloq Nəsimi Məmmədli bunu Lavrovun psixoloji durumu ilə əlaqələndirdi:



"Rusiya hazırda elə bir vəziyyətə gəlib çatıb ki, bu hal ölkəni idarə edən şəxslərin psixoloji durumuna da təsir göstərir. Onlar yaxşı anlayırlar ki, iqtisadi sanksiyalar, beynəlxalq münasibətlərdə yaranmış gərginlik fonunda Rusiyanın beynəlxalq oyunçu olaraq tədricən siyasi və hərbi rəqabətdən kənara atılması prosesi sürətlənib. Bu da öz növbəsində Rusiya siyasətçilərində ciddi psixoloji problem yaradıb”. 

Politoloqun fikrincə, beynəlxalq tədbirlərdə qaba hərəkətlərilə Rusiya rəsmiləri dünyaya özlərinin guya güclü olduqlarını da nümayiş etdirməyə çalışırlar:

"Rusiyanı idarə edənlər belə qaba davranış, təkəbbürlü yanaşma ilə guya həlledici güc və dünya dəyərlərini yalnız öz güclərilə balanslaşdırmaq imkanında olduqlarını beynəlxalq ictimaiyyətə göstərə biləcəklərini düşünürlər. Rusiya hazırda bütün beynəlxalq platformalardan təcrid olunub. Güman ki, bu təcrid daha geniş sahələri də əhatə edəcək. Bu mənada özlərini etik baxımından apara bilməyən Rusiyanın G20-dən uzaqlaşdırılması da mümkündür”.

Rüfət Sultan