Siyasət 12:25 10.06.2022

Lavrovun söz oyunu, yoxsa Kremlin yeni tələsi? - Tofiq Zülfüqarov

Rusiya Xarici İşlər Nazirliyinin saytında nazir Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla birgə keçirtdiyi mətbuat konfransının stenoqramı dərc edilib. Stenoqramda Lavrovun Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib. Bildirir ki, Lavrovun Fərrux kəndi ilə bağlı ünvanlanan suala cavabı bu cür verilib:

"Qarabağda gərginliyin azaldılması baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Lavrovun həmin məsələ ilə bağlı əvvəlki çıxışı isə belə olub:
 
"Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdır, Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir. Bu vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq". 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə Lavrovun Xocalının Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür:

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur".

Lavrovun məlum bəyanatını Rusiya XİN-i sonradan niyə fərqli istiqamətdə şərh edib? Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, orada sadəcə olaraq səhv baş verib, amma onu "düzəltmək” o qədər də yaxşı alınmayıb:

"Düzəliş edilən mətndə belə fikir var ki, Fərruxdakı hadisələr bundan sonra təkrarlanmamalıdır. Orada hansısa hərbi istifadə üçün səngərlərin, postların qurulmasına cəhdlər var idi. Bu isə sülhməramlıların orada olmasının mənasını dəyişir. 10 noyabr bəyanatında bildirilir ki, erməni silahlı dəstələri bu əraziləri tam şəkildə tərk etməlidir. Lakin bu günə qədər həmin dəstələrin tərksilah və çıxarılması prosesi getməyib. Əraziyə qeyri-qanuni səfərlər davam edir. Onda ortaya sual çıxır ki, sülhməramlılar orada nə ilə məşğuldur? Yaranmış vəziyyət onu diktə edir ki, sülhməramlıların vəzifəsi və gördükləri işlər ciddi və açıq şəkildə müzakirə olunmalı, bu istiqamətdə mühüm dəyişikliklər baş verməlidir”. 

Tofiq Zülfüqarov qeyd edir ki, Türkiyənin Rusiya ilə birgə həyata keçirdiyi missiyada passiv olmasını başa düşə bilmir:

"Ankaranın daha fəal olması vacibdir. Rusiya XİN rəhbərinin bu sayaq bəyanatından sonra, Azərbaycan tək diplomatik bəyanatlarla kifayətlənməməlidir. Həm də bəzi məsələlərə aydınlıq gətirilməsi üçün ciddi şəkildə sülhməramlı kontingentin rəhbərliyini açıq danışıqlara dəvət etməlidir və bu məsələlər ictimaiyyət üçün də açıq olmalıdır”. 

Rüfət Sultan