Hollivud aktyoru Leonardo Di Kaprio ABŞ prezidenti Cozef
Baydenə müraciət edib.
"Report” xəbər verir ki, o, müraciətini instaqram vasitəsilə
reallaşdırıb.
Aktyor açıq məktubunda siyasətçini iqlim böhranının öhdəsindən
gəlməsi üçün tədbirlərin qəbuluna çağırıb.
Onun sözlərinə görə, Amerika liderinin bəşəriyyəti
"uçurumun kənarından" uzaqlaşdıracaq "iqlim prezidenti"
olmaq imkanı var. Bundan başqa, o Baydenin ABŞ-ın atmosferə karbon qazı
tullantılarının azaldılması ilə bağlı tədbirlər haqqında Paris razılaşmasına
qoşulması üzrə qərarını müsbət qarşılayıb.
"Siz elə edə bilərsiniz ki, bütün dünyada mədən yanacağı
yerinə təmiz enerji istifadə olunsun. Bu, xeyli sayda iş yerləri yaradacaq, zərərli
tullantıları azaldacaq, paralel şəkildə iqtisadi və irqi bərabərsizliyi aradan
qaldıracaq”, - Di Kaprio yazıb.
Paylaşım sutka ərzində yarım milyon bəyənmə qazanıb və ona
dörd mindən çox rəy yazılıb.
Şərhlər