Xəbər lenti

Lerik donur: əhali kömək istəyir
Ölkə13:34 29.11.2014

Lerik donur: əhali kömək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerik rayonunun qazla təchiz edilmiş 20-dən artıq kəndi bu gün səhərdən etibarən qazsız qalıb. Qaynar.info xəbər verir ki, bu barədə Cəngəmiran kənd sakinlərindən musavat.com-a verilən məlumata görə, hazırda yalnız rayon mərkəzində mavi yanacağın təchizatı təmin edilib. 
Sakinlər deyir ki, qazın kəsilməsi hər hansı texniki problemlə əlaqədar deyil, qazın dayandırılması barədə göstəriş Lerik Rayon Qaz İdarəsinin rəisi (Əzizağa müəllim-C.T.) tərəfindən verilib.  
Cəngəmiranlılar deyir ki, rəis qazın istifadəsi ilə bağlı pulun yığılmadığını əsas gətirərək təchizatı dayandırıb. Ancaq şikayətçilərdən biri hələ noyabr ayı başa çatmadığı halda rəisin əhalidən aylığı tələb etməsini absurd saydı: “Şəxsən mən ötən həftə noyabrın qazpulunu ödəmişən, amma indi evdə soyuqdan donuruq. Belə vəziyyətdə uşaqlar xəstəliyə düşsə, kim cavab verəcək? Biz “Azəriqaz” rəhbərliyindən xahiş edirik ki, Lerik camaatına qarşı haqsızlığın aradan qaldırılması üçün məsələyə müdaxilə eləsin. Lerikin dağlıq kəndlərinə, həmçinin Cəngəmirana qar yağıb və 10 dərəcəyədək şaxta var. Üstəlik də camaat üç il əvvəl çəkilən qaza arxayın olub odun tədarükü görməyib. Belə olan şəraitdə bizim durumumuzu yəqin ki, təsəvvür etmək “Azəriqaz” rəhbərliyinə çətin olmaz”. 
Sakinlər deyir ki, rəis qazla bağlı müraciətlərin cavabında son sözünü deyib: “Deyib ki, axşam saat 5-dək pulu ödəsəniz, qaz alacaqsınız. Hansı ki, heç onlar əhaliyə bildirişləri vaxtı-vaxtında vermir, gecikmə varsa da, onların öz günahıdır. Üstəlik, əhalinin əksər hissəsi kasıbdır, pensiyaya baxır, hamısı da eyni vaxtda rayona gedib ödəniş edə bilmir. Müəllimlərin maaşı da dünən verildi, yəqin ki, 1-ci gün gedib ödəniş edəcəklər”.
Sakinlər dedilər ki, digər kəndlərin əhalisi də yaranmış vəziyyətlə əlaqədar çox gərgin vəziyyətdədir və təcili tədbir görülməsini tələb edir. 
Onu da öyrəndik ki, Lerikin 150 təsərrüfatlı Cəngəmiran kəndində 600-ə yaxın seçici var, ümumi əhali sayı isə 1000 nəfərə çatır. Bu kənd Lerikdə qəhrəman kənd kimi xarakterizə olunur. Belə ki, Qarabağ savaşında Cəngəmiran təkcə bir gündə 3 şəhid verib, ümumi şəhidlərinin sayı isə 8-dir, üstəlik, əlilləri, veteranları da 10-dan çoxdur. 
İş günü olmadığından “Azəriqaz” rəhbərliyi ilə əlaqə yarada bilmədik. Amma yəqin ki, bu şaxtalı günlərdə mətbuat vasitəsilə rəhbərlikdən yardım istəyən leriklilərin soyuqdan donmasına laqeyd yanaşılmayacaq. 
Qaynar.info