
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Bu barədə AzNews.az-a hüquq müdafiəçisi Samir Kazımlı məlumat verib. O deyib ki, bir neçə dəqiqə əvvəl L. Yunus vəkili Xalid Bağırovla birgə idarəyə daxil olublar: “Leyla Yunusun burada ifadəsi alınacaq. Hələ ki, idarədə baş verən proses haqda məlumatsızıq. Ona ittiham irəli sürülüb-sürülməyəcəyi haqda əvvəlcədən nə isə demək tezdir”.
S. Kazımlı qeyd edib ki, L. Yunusun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun isə səhhəti pisləşdiyindən təcili yardımla xəstəxanaya aparılıb: “Gecə saatlarında axtarış aparmaq üçün Leyla Yunusun mənzilinə gələn polis və prokurorluq əməkdaşları ilə digər tərəf arasında mübahisə yaranıb. Leyla Yunus polis əməkdaşlarının çox olmasını əsas gətirərək, axtarışa razılıq verməyib. O deyib ki, hər iki tərəfdən 5 nəfər təyin olunsun və bundan sonra axtarışa başlanılsın. Mübahisə səhər saatlarına qədər davam edib. Saat 04.00 radələrində isə Arif Yunusun halı pisləşib və o, təcili yardımla xəstəxanaya aparılıb. İlkin məlumata görə, Arif Yunus Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti haqda müfəssəl məlumat yoxdur”.
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində Heydər Əliyev Hava Limanından Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlnılıb.
00:20
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb.
Qaynar.info Turan-a istinadən xəbər verir ki, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.
Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlnılıb.
Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o, vəkilsiz suallara cavab verməkdən imtina edib.
Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.
***
Vəkil Xalid Bağırov faktı təsdiqləyib. O bildirib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: “Amma onlar indi də hava limanındadırlar. Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir”.
Qaynar.info