Siyasət 17:53 18.05.2022

Litva prezidentinin çantasında nələr var? - Deputat

Xəbər verildiyi kimi, Litva prezidenti Gitanas Nauseda Bakıda səfərdədir. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
 
Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Litva prezidentinin Azərbaycana səfəri həm ikitərəfli münasibətlər nöqteyi-nəzərindən əhəmiyyətlidir, həm də onu Avropa İttifaqı - Azərbaycan münasibətləri kontekstində dəyərləndirmək lazımdır:
 
"Azərbaycan-Litva prezidentlərinin danışıqları, əldə edilən razılaşmalar onu göstərir ki, iki ölkə arasında münasibətlər geniş perspektivlidir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhsil, mədəniyyət, enerji, nəqliyyat və təhlükəsizlik sferaları üzrə mövqelərimizin daha da yaxşılaşdırılması əsas hədəflərdəndir”.

Deputat qeyd edir ki, iki ölkə prezidentləri arasında görüşü əsnasında siyasi əlaqələrin inkişaf tempinə malik olması ilə yanaşı, iqtisadi əlaqələr üçün də geniş potensialın olduğu bəlli olub:
 
"Eyni zamanda bu səfər Litva-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına da müsbət təsir göstərəcək. Litva prezidenti xüsusi olaraq vurğuladı ki, ölkəsi Aİ-nin Şərq Tərəfdaşlığı layihəsini hər zaman dəstəkləyir və bu kontekstdə Bakı ilə münasibətlərin inkişafına da yardım edir. Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması ətrafında gedən işlərdə də Vilnüsün Bakı ilə münasibətinin yaxşı səviyyədə olması öz sözünü deyir”.

Deputat qeyd edir ki, tərəflər regional və Avropada təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər:
 
"Bu müstəvidə yəqin ki, Ukrayna məsələsi də diqqətdən kənarda qalmayacaq. Səfər çərçivəsində siyasi dialoqla yanaşı, heç şübhəsiz enerji təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olacaq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ enerji mənbəyidir. Rusiyaya qarşı sanksiyalar fonunda bu baxımdan Bakının əhəmiyyəti daha da artıb. Litva Prezidentini təhsil sahəsinə cavabdeh nümayəndələrin müşahidə etməsi isə o deməkdir ki, iki ölkə arasında təhsil və mədəniyyət sahəsində gələcək inkişafın konturları da cızılacaq”. 

Rüfət Sultan