Xəbər lenti

Ölkə boyunca total ehsan qadağaları başlandı - TƏFSİLAT
Ölkə05:27 08.09.2014

Ölkə boyunca total ehsan qadağaları başlandı - TƏFSİLAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə ilə Sumqayıtın ardınca Yasamal və Salyanda da yas mərasimlərində təmtəraqlı süfrə açılması yasaqlandı; Şəmkirdə isə müsavatçının hüzründə bələdiyyə sədri çadırı sökməklə hədələdi


Hökumətin yas mərasimlərində ehsan israfçılığı edilməsinə qarşı tövsiyəsi icra olunmağa başlanıb. Bir sıra rayon və şəhər icra hakimiyyətlərinin tapşırığı əsasında icra nümayəndələri hüzr mərasimlərinə gedərək yas sahiblərinə göstəriş verirlər.

Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev də yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tapşırıqlar verib. Axar.az xəbər verir ki, ötən gün Yasamal ərazisində təşkil olunmuş hüzr mərasiminə polis və icra əməkdaşları gəliblər. Onlar hökumətin tövsiyəsini yada salaraq, israfçılıq etməməyi tapşırıblar.

Yas mərasiminin sahibi icra nümayəndəsinin xəbərdarlığını qəbul etdiyini, ayrı-seçkilik qoyulmayacağı və tövsiyəyə bütün rayonda əməl ediləcəyi təqdirdə bu təşəbbüsə məmnunluqla qoşulacağını deyib. Daha sonra ağsaqqalların məsləhəti ilə ehsan süfrəsində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb. Salyan rayonunun icra başçısı Tahir Kərimov da analoji göstəriş verib. İcra başçısının müavini Rəşad Cəbrayılov deyib ki, rayonda yas mərasimlərində çay, qənd, xurma və limon verilməsi məsləhət görülüb.

R.Cəbrayılovun sözlərinə görə, icra başçısının bu tapşırığı rayon ağsaqqalları tərəfindən də müsbət qarşılanıb. Artıq bəzi yas mərasimlərində tövsiyəyə əməl edilməsinə başlanıb.
Ancaq Şəmkirdə yas mərasimində gərginlik yaşanıb. Bələdiyyə sədri yas çadırını uçurmaqla hədələyib, molla çadıra buraxılmayıb. Bu məlumatı virtualaz.org saytına yas mərasimində iştirak edən jurnalist Aynur Elgünəş verib.

O bildirib ki, Şəmkirin Dəllər - Cirdaxan kəndində (Cəfər Cabbarlı) yas mərasiminə gələn kənd bələdiyyəsinin sədri Xəqani Hüseynov süfrəyə halva qoyulmasına icazə verməyib. Ev sahibləri Bakıdan və uzaq yoldan yas mərasimində iştirak etməyə gələnlərin olduğunu bildirərək süfrəyə heç olmasa pendir-çörək qoyulmasını istəyiblər. Lakin bələdiyyə sədri buna icazə verməyəcəyini, əks halda çadırı sökdürəcəyini bildirib.

Bələdiyyə sədri onun bu xəbərdarlığına etiraz edən A.Elgünəşi kənddən qovduracağını deyib: “Bələdiyyə sədrinə bunun qadağan olmadığını, yalnız tövsiyə xarakteri daşıdığını bildirdim. Ona Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu barədə açıqlamasını xatırlatdım. Bələdiyyə sədri bildirdi ki, ”Mübariz Qurbanlı kimdir ki?

Bizim rayonun öz icra hakimiyyəti var və biz onun qərarlarını yerinə yetiririk. Səni də bu kənddən qovduracam". Bələdiyyə sədri mənə onu da dedi ki, sən bunun qadağan olmadığını deyərək burada provokasiya törədirsən. Bizim rayonun öz qərarıdır və bu qərar icra edilir".

Qeyd edək ki, yas mərasimi keçirilən şəxs Nizami Əliyev Müsavat Partiyasının rayon təşkilatının sədri olub.

Bələdiyyə sədri isə virtualaz.org-a deyib ki, rayon rəhbərliyinin öz qadağası var: “Bu, bizim rayon rəhbərliyi tərəfindən qəbul edilən qərardır və bunu icra edirik. Sentyabrın 1-dən bu qadağalar tətbiq edilir”.

X.Hüseynov daha sonra qafqazinfo.az-a bildirib ki, bu qaydalar məcburi deyil: “Rayon səviyyəsində ümumi olaraq qəbul edilib, hər kəs də razıdır. Dəfn günü xurma, çay, halva, göyərti, pendir və çörək olmalıdır. 3 günü də eyni şeylər veriləcək. Həmin gün mağar söküləcək. Dördüncü gün də yas evdə olacaq. Yeddi mərasimi olmayacaq. Bakıda necədirsə, bizdə də elə olacaq”.


“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlunun sözlərinə görə, İslamda ehsan anlamı yoxdur: “Bu, ölü üçün vacib deyil. Sadəcə, hüzr mərasiminə gələn qonaq acdırsa, süfrəyə yemək qoya bilərsən. Ancaq konkret Azərbaycandakı qadağaya gəlincə, hökumətin bu qərarı müsbətdir. Vətəndaşlar illərdir ki, israfçılıqdan şikayətlənirdilər”.

K.Rövşənoğlunun fikrincə, ehsan məhdudiyyətində normativ qəbul olunmalıdır: “Bir rayonda çay, xurma, halvaya icazə verilir, digərində göyərti, pendir və çörək qoymaq qadağan olunur. Bir normativ yoxdur ki, ölü sahibi də işini bilsin. Bununla bağlı qanun da qəbul edilməyib. Ona görə yuxarıdan gələn göstərişdən yerli idarəetmə orqanları sui-istifadə edir, vətəndaşı əziyyətə salır, incidir. Yaxşı olar ki, tövsiyə xarakterli bir normativ qəbul olunsun. İnsanlar ehsan süfrəsinə nələr qoymaq lazım olduğunu bilsinlər. Ümumən, israfçılıq dində günah və haramdır”.

Hüquqşünas Müzəffər Baxışov qeyd etdi ki, dövlət heç kimə bunu qadağan edə bilməz. Hüquqşünasın sözlərinə görə, prezident və yaxud Nazirlər Kabineti səviyyəsində normativ akt qəbul etmək qeyri-mümkündür.

M.Baxışov deyir ki, insanların adət-ənənəsi var və hər kəs öz mülkiyyətində olan əmlakını yas mərasimində sərf edir: “Bunu yalnız təbliğat işləri, maarifləndirmə ilə həyata keçirmək olar. Bu halda ümumi qayda qəbul edilər. O da çox çətin və uzun prosesdir. Ancaq Şəmkirdə bələdiyyə sədri icra başçısından göstəriş alıbsa, o halda hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 309.1 maddəsi ilə məsuliyyətə cəlb edilməli və cəzalanmalıdır. Əgər zor tətbiq olunubsa, o halda 309.2 maddəsi irəli sürülə bilər.


309.1 maddəsi vəzifəli şəxsin xidməti səlahiyyətlərini aşması nəticəsində fiziki və hüquq şəxslərin mənafeyinə zərər vurmaqla tövsif olunur. Bu halda 1000 manatdan 2000 manata qədər cərimə, 2 ilədək islah işləri və yaxud 3 ilədək müəyyən vəzifə tutma səlahiyyətlərindən məhrum edilir. Əgər zor tətbiq edibsə 309.2 maddəsi ilə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur".

M.Baxışov hesab edir ki, yas sahibin məclisinə müdaxilə totalitar rejimlərə xasdır: “İcra başçısı kimdir ki, bələdiyyə sədrinə əmr verə, yas mərasiminə get, məclisə nəzarət et, yeməklərə qadağa qoy, camaatın qazanını müsadirə elə. Bu, sırf totalitar rejimlərə xasdır. Demokratik dövlətlərdə belə məhdudiyyət qoyula bilməz. Ona görə də yeganə yol maarifləndirmədən keçir”.

Müsahibimiz hüquqi normativ akt qəbul ediləcəyi halda belə bunun konstitusiyanın 149-cu maddəsinin 1-ci bəndinə zidd olacağını açıqladı: “Deyirlər ki, bunun tənzimlənməsi üçün normativ hüquqi akt qəbul edəcəklər. Milli Məclis tərəfindən qanun qəbul olunsa, o qanun konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə zidd olacaq. Həmin normaya görə normativ aktlar haqq-ədalətə söykənməlidir. Bu qanun isə ədalətə söykənməyəcək”. //musavat.com

Qaynar.info