Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, bu ölkənin parlament üzvü Ceyms Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Ardınca Hippinlə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında görüş keçirilib.
Qeyd edək ki, London Avropa İttifaqından çıxdıqdan sonra xarici ölkələrlə əlaqələrə daha çox önəm verməyə başlayıb. O cümlədən, hərbi müstəvidə də Böyük Britaniya öz aktivliyini artırmaq kursu götürüb. Bu bir tərəfdən, Rusiyanın ambissiyalarının artması ilə bağlıdırsa, digər tərəfdən Londonun özünün beynəlxalq müstəvidə müstəqil güc mərkəzi kimi göstərmək istəyindən qaynaqlanır. Onun nəticəsidir ki, Boris Consonun hakimiyyətə gəlməsindən sonra, Britaniya dünyanın müxtəlif məkanlarında baş verən hadisələrdə iştirak və yaxud yardımçı, vasitəçi rolunda fəaliyyətini gücləndirir.
Bu müstəvidə Londonun Cənubi Qafqazda, Azərbaycanla əlaqələrdə də aktivləşməsi istisa deyil. Nəzərə alaq ki, bir əsr bundan əvvəl Birləşmiş Krallıq Azərbaycanda aktiv olub. Görünür, London bölgəmizdə özünə yer etmək üçün həmin ənənəni yenidən davam etdirmək istəyir. London həmçinin, 44 günlük müharibədə Azərbaycana dəstək verən ölkələrdən biri olub. Müharibədən sonra isə Britaniya Azərbaycan ərazilərinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsinə dəstək verir.
Qaynarinfo-ya açıqlamasında Ceyms Hippinin Bakıya səfərini dəyərləndirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, sözügedən amil Azərbaycan Ordusunun inkişafında həyati əhəmiyyət kəsb edəcək:
"44 günlük müharibədə Britaniyadan dəstək aldıq. BMT-də həmin dövrdə Azərbaycanın apardığı əməliyyatlara qarşı yönələn qətnamə gündəmə gəlmişdi. Yalnız Londonun qərara veto qoyması ilə həmin məsələ reallaşmadı. Britaniya kifayət qədər inkişaf etmiş dövlətlərdəndir. Bu mənada Londonun Bakının yanında olması ölkəmiz üçün tək siyasi dəstək deyil, həm də mənəvi-psixoloji dəstəkdir. Londonun bu mesajı başqa dövlətlər üçün də ciddi nümunədir. Bu mənada, həmin ölkənin Silahlı Qüvvələr nazirinin Azərbaycana gəlişi ölkəmizin hərb tarixində, Ordumuzun həyatında ciddi, önəmli hadisədir. Londonla əlaqələrimizin güclənməsi Bakıya müsbət dividentlər verəcək. Britaniya ilə hərbi təcrübə mübadiləsi ordumuzun inkişafında həyati əhəmiyyət daşıyacaq. İki ölkə hərbin bütün sahələrində əməkdaşlıq edə bilər. Kadr potensialının artırılması, taktiki-strateji, maddi-texniki təminat və silah alınması, beynəlxalq əlaqələr baxımından bu səfərin ölkəmiz üçün mühüm əhəmiyyəti olacaq”.
Həmsöhbətimiz əlaqələrin inkişafı fonunda gələcəkdə Bakı ilə London arasında Türkiyə ilə imzalanan "Şuşa bəyannaməsi”nə uyğun bir sənədin imzalanmasını da mümkün hesab edir:
"Londonla da münasibətlərimizi strateji-taktiki həddə qədər artırmalıyıq. Belə bir bəyannamənin Britaniya ilə də bağlanmasını istərdim”.
Rüfət Sultan