"Gözlənilən bu sammit gərginliyi aradan qaldıra bilər. Lakin burada hər şey heç də tək ABŞ və Rusiyadan asılı deyil, həm də Ukraynadan asılıdır. Nüvə silahı və NATO-nun genişlənməməsi məsələsi böyük dövlətlərdən asılı olsa da, Donbas məsələsi birbaşa olaraq Kiyevdən asılıdır. Bu məsələdə isə Qərbin möqeyi yekdil deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Fransa Prezidenti E. Makronun Avropada təhlükəsizlik və strateji sabitliklə bağlı ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında, ardınca müvafiq maraqlı tərəflərlə sammit keçirilməsi təklifinə Vaşinqton və Moskvadan müsbət cavab verilməsinə münasibət bildirərkən deyib:
"Belə bir təklifin Qərb tərəfdən səslənməsi təşəbbüsü onu göstərir ki, Rusiyanın dekabrda təhlükəsizlik zəmanətilə bağlı verdiyi sənədin bəzi istiqamətləri üzrə müzakirəsi mümkündür. Onsuz da ABŞ öz cavabında Şərqi Avropada raketlərin yerləşdirilməməsi, şəffaflığın təmini üçün qarşılıqlı yoxlamaların aparılması kimi məsələlərdə danışıqlara getməyə hazır olduğunu bildirib”.
Həmsöhbətimiz düşünür ki, əslində ABŞ Berlinin əli ilə Kiyevin NATO-ya üzvlüyünün qarşısını alır:
"Sözsüz ki, Vaşinqton NATO-nun genişlənməyəcəyi ilə bağlı Kremlə yazılı zəmanət verməyəcək. Amma son 2 ay ərzində gedən proseslər göstərir ki, bunu ABŞ etməsə də, Almaniyanın timsalında digər müttəfiqləri vasitəsilə həmin məsələnin gerçəkləşməsinin qarşısını alır. Berlin birmənalı şəkildə bəyan edib ki, yaxın gələcəkdə Kiyevin NATO-ya üzvlüyünə qarşıdır. Belədə, həmin məsələni də Rusiya üçün həll olunmuş hesab etmək olar. Rusiya prinsipial məsələlərdə demək olar ki, istəyinə nail olur”.
Yekun olaraq, F. Məmmədov bu qənaətdədir ki, harda təmas mümkündür, həmin istiqamətlərdə ABŞ-Rusiya səviyyəsində müzakirə və qərarların qəbulu da mümkün görünür:
"Amma Ukrayna məsələsində ciddi dirəniş var. Vaşinqton Rusiyaya açıq şəkildə mesaj verib ki, yuxarıda qeyd edilən razılaşmalar Moskva Ukrayna sərhədindən öz ordusunu geri çəkəcəyi və silahlı münaqişəyə getmədiyi təqdirdə mümkün olacaq. Moskva isə istəyir ki, Qərb Ukraynaya Minsk razılaşmasına əməl etmək üçün təzyiq etsin. Lakin Ukrayna məsələsində heç də hər şey Qərbdən asılı deyil, Kiyevin mövqeyi də vacibdir”.
Rüfət Sultan