"Makronun prosesdə bu səviyyədə iştirakı və münaqişə tərəfləri ilə ayrı-ayrılıqda görüşməsi yaxşı heç nə vəd etmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Kişinyovda baş tutan Avropa Siyasi Birliyinin 2-ci Zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşünü şərh edərkən deyib.
"Makron ermənipərəst bir siyasətçidir. Onu maraqlandıran yeganə məsələ prosesə təsir imkanlarını saxlamaqdır. Burada da söhbət yalnız Azərbaycana təsir etmək imkanlarından gedir”, - deyə politoloq vurğulayıb.
Ekspertin fikrincə bu məsələyə Makronun töhfə verəcəyini düşünmək özünü aldatmaqdır. "Əksinə, Fransa prosesi poza biləcək tərəfdir. Paris prosesdə dağıdıcı ünsür olaraq iştirak edir. Fransa sülh prosesində İrəvana qarant dövlət kimi çıxış etməyə çalışır. Beşlik formatda görüşün ortaya çıxmasının əsas qayəsi də İrəvanın sülh imzalanacağı təqdirdə, orada qeyd edilən prinsiplərin həyata keçməsinə zəmanət verən beynəlxalq mexanizmlərin və dövlətlərin olmasını tələb etməsidir. Çünki Ermənistan Azərbaycanla baş-başa qalmaq istəmir. Belə bir niyyət olduğu təqdirdə, hansısa bir müsbət nəticədən də danışmaq olmaz. Ona görə də Makronun əsas görüş ərəfəsində tərəflərlə ayrı-ayrılıqda görüşməsinin prosesə müsbət töhfə verəcəyini gözləmirəm. Əksinə, bu fonda prosesi dağıtmağa yönəlik addımları görə bilərik”, - deyə N. Miri fikrini yekunlaşdırıb.
Rüfət Sultan