Xəbər lenti

Məcburi köçkünlər yolu bağladılar
Ölkə09:31 03.07.2013

Məcburi köçkünlər yolu bağladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oğuz rayonunda məskunlaşan məcburi köçkünlər iyulun 3-də səhər saat 10 radələrində Şəki-Oğuz-Bakı yolunu bağlayıblar.

Qeyd edək ki, iyunun 1-dən 2-nə keçən gecə Oğuz rayonunu sel basıb. Sel nəticəsində rayon mərkəzində bir körpü uçub, zirzəmidə yerləşən obyektləri su basıb. Əsas fəsadlar isə rayonda məcburi köçkünlərin məskunlaşdığı «Azərbaycan- 60» adlanan  şəhərcikdə və Bucaq kənində baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı evlərə təxminən 60-70 sm hündürlüyündə su yığılıb. Vəziyyətin gərgin olduğunu və aiddiyyatı qurumların buna biganə yanaşdığını bildirən köçkünlər çıxış yolunu Şəki-Oğuz-Bakı yolunu bağlamaqda görüblər. Dərhal hadisə yerinə gələn rayon icra hakimiyyəti nümayəndələrinin təkidləri və vədləri nəticəsində yol nəqliyyatın hərəkəti üçün açılıb.

Sel nəticəsində bir çox insan gecəni açıq havada keçirib.

Yerli sakinlər bildirirlər ki, xeyli sayda bostan sahəsi və 20 hektardan çox taxıl zəmisi yararsız hala düşüb. Sel zamanı bir sıra avtomobil də selin qurbanına çevrilib.

Bir qədər sonra məcburi köçkünlər yolu yenidən bağlamaq istəyib. Lakin polis yolu boşaldıb.

Oğuz rayon İcra Hakimiyyətindəki Fövqəladə Hallar Komissiyası isə bir qədər əvvəl zərərçəkən obyektlərə baxış keçirməyə başlayıb. Komissiya sədrinin müavini Ehsan Əhmədov Azadlıq radiosuna deyib ki, hazırda iş gedir, dəymiş zərərlə bağlı qərar sonra açıqlanacaq.

Amma hazırda dəyən zərərin aradan qaldırılması, leysan suların çəkilməsi üçün iş görülmür.

Qaynar.info