Xəbər lenti

Medvedevdən Qərbə xəbərdarlıq: Ukraynanın bütün ərazisini
Dünya 14:00 26.05.2025

Medvedevdən Qərbə xəbərdarlıq: Ukraynanın bütün ərazisini "bufer zona"ya çevirəcəyik

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya hərbi yardım göstərməyə davam etməsi halında Rusiyanın bu ölkə ərazisində praktiki olaraq bütün ərazini əhatə edən "bufer zona” yaradacağını bəyan edib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində Ukraynanın xəritəsi ilə müşayiət olunan paylaşımında bildirib. Xəritəyə əsasən, Medvedevin senarisində Ukraynaya yalnız Polşa sərhədi yaxınlığında kiçik bir ərazi zolağı qalır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də sərhəd boyunca "təhlükəsizlik bufer zonası” yaradılması qərarını açıqlamışdı. O, 22 may tarixində hökumət üzvləri ilə keçirdiyi operativ müşavirədə bu barədə demişdi:
"Silahlı Qüvvələrimiz bu vəzifəni yerinə yetirir. Düşmənin atəş nöqtələri fəal şəkildə susdurulur. İş davam edir”.

Fevralın sonlarında Rusiya qoşunları Kursk və Sumı vilayətlərinin sərhədini keçmiş, bu müddət ərzində Sumı vilayətinin 62 kv.km-lik ərazisini ələ keçirmişdi. Bu haqda Ukrayna Müdafiə Nazirliyi ilə əlaqəli DeepState OSINT layihəsi məlumat yayıb. Bundan əlavə, rus qoşunları Belqorod vilayəti ilə həmsərhəd Xarkov vilayətində də kiçik bir mövqe əldə edib.

Bununla belə, Rusiya ordusunun irəliləyiş sürəti azalıb. "Washington Post” nəşrinə danışan ABŞ-ın yüksək rütbəli rəsmiləri və hərbi ekspertlər bildiriblər ki, son bir ildə Rusiya yalnız Ukrayna ərazisinin 0,6%-ni ələ keçirə bilib. Bu müddətdə Rusiya ordusu gündə 1500-ə qədər ölü və yaralı itki verib.

"Economist” nəşrinin mənbələrinin məlumatına görə, 16 mayda İstanbulda keçirilmiş və son üç ildə ilk dəfə baş tutmuş Rusiya-Ukrayna danışıqları zamanı Rusiya nümayəndə heyəti Xarkov və Sumı vilayətlərini tamamilə işğal etməklə hədələyib. Ardınca məlum olub ki, Rusiya komandanlığı Xarkov vilayəti sərhədində qüvvələri cəmləşdirir və Sumıya genişmiqyaslı hücuma başlaya bilər.

"Sky News” bu bölgədə toplanmış Rusiya hərbçilərinin sayını 50 min nəfər olaraq qiymətləndirib. Lakin DeepState analitiklərinin fikrincə, bu toplanma daha çox yüksək itkiləri kompensasiya etmək üçün aparılan şəxsi heyət rotasiyasıdır.

"Xarkov istiqamətində vəziyyət kritik şəkildə dəyişməyib”, – deyə analitiklər bildiriblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->