
Sentyabrın 16-da məhbus “Nida”çı Şahin Novruzlunun ad günüdür. Onun 19 yaşı tamam olur.
Şahin Novruzlu 1995-ci ildə Bakıda doğulub. 2012-ci ildən həbs edildiyi 2013-cü ilədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alıb. Subaydır.
Şahin Novruzlu 2013-cü ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
2014-cü il mayın 29-da Bəxtiyar Quliyev, iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyiblər. Bəxtiyar Quliyev həmçinin “Nida”dan çıxıb və vəkilindən imtina edib.
Şahin Novruzlu hazırda Bakı İstintaq Təcridxanasında saxlanır. Sentyabrın 16-da o, həbsxanada ikinci ad gününü qeyd edəcək.
Şahin Novruzlunun atası İbrahim Novruzlu sentyabrın 15-də “Media forum” saytına deyib ki, oğluna ad günündən bir gün sonra – sentyabrın 17-də baş çəkməyi planlaşdırır, çünki görüş vaxtı həmin günə düşür: “Şahinlə həftədə bir dəfə görüşürük. İstərdim ki, onunla ad günü – sentyabrın 16-da görüşək, amma həmin gün getsəm hələ vaxt tamam olmadığı üçün görüşə buraxmazlar. Ona görə də ad gününün sabahısı, sentyabrın 17-də anası ilə getməyi planlaşdırıram. Bu da bizim təskinliyimiz olar. Amma ən böyük təskinliyi onda taparıq ki, Şahin azadlığa buraxılsın, çıxıb evinə gəlsin. İndi bizim bundan böyük arzumuz-istəyimiz yoxdur”.
İbrahim Novruzlu daha sonra deyib: “Şahinin vəziyyəti yaxşıdır. Amma həbs olunanda dörd dişi sınmışdı, indiyədək onu düzəltdirə bilməmişəm. Bizə ürək-dirək vermək üçün deyir ki, eybi yoxdur, belə də keçinmək olar.
Şahinə yeməyi görüşə gedəndə aparıram. Apardığım yeməkləri götürməkdə problem olmur. Amma kitab, divar kağızı aparmışdım, bunları qaytardılar”.
Qaynar.info