"Məktəblərdə elə siniflər var ki, 25 şagirddən ikisi dərsə gəlib”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, buna səbəb valideynlərin narahatlığıdır:
"Fevralın 1-dən ənənəvi tədris qismən bərpa olundu. Bu gün biz Bakının 6 rayonunda müşahidə apardıq. Bakı şəhərində 320 məktəb varsa, onun 290-da tədris prosesinin bərpası gözlənilirdi. Eyni zamanda, biz regionlarla da əlaqə saxladıq. Sentyabr ayı ilə müqayisədə bu dəfə çox az sayda şagird tədris prosesində iştirak etmək üçün məktəblərə getmişdi. Bu dəfə məktəblərə gedən şagirdlərin sayı ciddi şəkildə az idi. Digər bir vacib məqamı qeyd edim ki, valideynlər arasında apardığımız sorğuya görə, şagirdlərin az olmasının səbəbi virusa yoluxma ilə bağlı narahatlıqdır”.
Kamran Əsədov qeyd edib ki, valideynlər məktəbə gəlməməsinin səbəbini metronun bağlı olması və avtobuslarda yaranan sıxlıqla əlaqələndirirlər:
"İkinci vacib səbəb isə yoluxmaların sayında artım tempidir. Bəzi sosial şəbəkələrdə uşaqlar arasında kütləvi yoluxma olması ilə bağlı məlumatlar yayılıb. Aparılan monitorinqlər göstərir ki, valideynlər övladlarının məktəbdə tədris prosesində az iştirak etməsi ilə bağlı kütləvi şəkildə ərizə yazıblar. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Az sayla da olsa belə, müəllim dərsini keçəcək. Amma onlayın dərs keçirilmədiyindən tədrisə gəlməyən uşaqlarda bilik keyfiyyəti aşağı düşəcək. Hesab edirəm ki, metro açılarsa, dərsə davamiyyətin keyfiyyəti də artar”.
Bahar Rüstəmli