
Müsavat başqanı: “Çox ciddi dəyişikliklər gedir”
Müsavat Partiyasının başqanı İsa Qəmbər son günlər ölkədə və dünyada baş verən hadisələrlə bağlı Qaynar.info-ya geniş müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik:
“Tətil siyasi partiya fəaliyyətinə aid bir termin deyil”
-İsa bəy, həmişə olduğu kimi budəfəki seçkilərdən sonra da müxalif düşərgədə passivlik müşahidə olunur. Sanki müxalifətin bütün fəaliyyəti seçkilərə hesablanıb. Və bu passivlik fonunda hələ tətilə çıxan partiyalar da var. Sizin belə bir fikriniz yoxdur?
-Müsavat Partiyası yüz ildən artıqdır ki, fəaliyyətdədir, mübarizə aparır. Heç bir zaman da tətilə çıxmayıb. Çünki tətil siyasi partiya fəaliyyətinə aid bir termin deyil. Amma eyni zamanda o da aydındır ki, siyasi partiyaların fəaliyyəti, aktivliyi seçki zamanı artır, seçkilərarası müddətdə ən azından üzdə görünən hissəsi azalır. Bu, bütün dünyada belədir. Azərbaycada isə bu passivliyin səbəbi təkcə seçkilərarası müddətlə bağlı deyil, həmçinin çox qəddar bir rejimin mövcud olduğu və bu rejimin siyasi təşkilatlara basqılar etməsi ilə əlaqədardır. Amma biz fəaliyyətimizi gündəlik davam etdiririk. Iş gedir, qurultaya hazırlaşırıq, pariyadaxili təşkilatlanma məsələlərinə üstünlük veririk, yeni üzvlərin qəbul olunması və partiyanın gücləndirilməsi, həm də seçkisonrası durumun dəyərləndirilməsi və yeni mərhələ üçün hədəflərin müəyyənləşdirilməsi kimi məsələlərin həlli ilə məşğuluq.

“Hər bir xalq öz ölkəsində dəyişikliyi müxalifətdən gözləyir”
-Müxalifətin son durumunu Sizifin dağa daş qaldırması kimi xarakterizə edənlər də var…
-Burada maraqlı cəhətlər var. Əvvəla, bu bir mübarizədir. Mübarizə normal cəmiyyətlərdə hörmətəlayiq bir faktor, bir davranışdır. Əslinə qalsa, biz özmüz də məsələn deyirik ki, filan ölkədə filan siyasətçi 30 il totalitar rejimə, filan ölkədə filan partiya 25 il haqsızlığa qarşı mübarizə aparıb. Və yaxud filan məmləkətdə filankəs 20 il həbsdə yatıb. Yəni bu cür rəqəmləri başqa ölkələrin siyasətçiləri, partiyaları haqqında deyəndə həmin şəxslərin nüfuzu, tarixdə yeri kimi önə çəkirlər, amma Azərbaycanda 20 ildən artıq mübarizə aparan insanlar haqqında müsbət fikir söyləmək əvəzinə mübrizənin hələlik nəticə verməməsi üzərində bir tənqid ab-havası formalaşır. Bunun özü də bəlkə də, normaldır. Çünki hər bir xalq öz ölkəsində dəyişiklik istəyir və bu dəyişikliyi müxalifətdən gözləyir. Amma, hər halda, mən istərdim ki, toxunduğum məqama diqqət edilsin; nəyə görə başqa ölkələrdə uzun illər mübarizə aparan şəxslərin, təşkilatların fəaliyyətini müsbət hal kimi qeyd edirik, ancaq Azərbaycanda qəddar bir rejimə qarşı çox mürəkkəb daxili və beynəlxalq şəraitdə mübarizə aparan şəxsləri tənqid edirlər ki, niyə qalib gələ bilmirsiniz?!
“Onlar Azərbaycan xalqının fəxridir”
- Bu gün Müsavatın iki funksioneri - Yadigar Sadıqov və Tofiq Yaqublu, həmçinin REAL hərəkatının sədri İlqar Məmmmədov və “NİDA”çılar həbsdədir. Artıq beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyır. Əvvəllər siyasi məhbusların azad olunması ilə bağlı aksiyalar, kütləvi tədbirlər keçirilirdi. Nədənsə son dövrlər belə aksiyalar gündəmə gətirilmir…
-Bu məsələdə haqlısınız. Mən özüm də o fikirdəyəm ki, siyasi məhbusların müdafiə işini fəallaşdırmaq lazımdır. Siyasi məhbusların məsələsi hər zaman diqqətimizdədir, onların müdafiəsinin gücləndirilməsi ilə bağlı hər gün müzakirələr aparırıq. Aydındır ki, əgər biz vicdan məhbuslarının və siyasi məhbusların azadlığına nail ola bilməmişiksə, deməli, bu işi bir az da gücləndirməliyik . Ancaq işi hansı istiqamətdə gücləndirmək, hansı təsirli üsullarla etmək lazımdır, təəssüf ki, bu, variant hələ də tapılmır. Hazırda onların tam mənəvi, informasion müdafiəsini təşkil etməyə çalışırıq, mövqeyimizi bildiririk, cəmiyyətə müraciət edirik, bu istiqamətdə beynəlxalq təşkilatlarla işləyirik.
Biz kütləvi tədbirlər də təşkil etmək niyyətində idik. May ayında planlaşdırırdıq ki, belə tədbirlərə ehtiyac var. Təəssüf ki, digər təşkilatlar bu məsələyə bizim qədər həvəsli yanaşmadılar. Həmin təşkilatların maraq göstərmədiyi təqdirdə bu iş bir az uzandı. Amma may ayı siyasi məhbuslarla bağlı tədbirlər keçirmək üçün əlverişli idi. Görünür indiyə kimi atılan addımların nəticə verməməsi insanlarda inamsızlıq yaradır. Biz 2013-cü ildə o qədər kütləvi tədbirlər, razılaışdırılmış və ya razılaşdırılmamış aksiyalar keçirtdik. Amma bütövlükdə ciddi bir dəyişikliyə, yəni nə hakimiyyətin dəyişilməsinə, nə də siyasi məhbusların azadlığa çıxmasına nail ola bildik. Bu da insanlarda belə bir fikir formalışdırır ki, əgər keçən mitinqlərdə hər hansı bir dəyişiklik olmayıbsa, indi nə mənası var.
Biz izah etməliyik ki, siyasi məhbuslar Azərbaycan xalqının fəxridirlər, mübarizə simvollarıdırlar, xaqın azad və layaqətli yaşamağa qadir və layiq olduğunu sübut edən fədakar insanlardılar, məhz buna görə də həbsə düşüblər. Azadlıqda olan insanlar da dərk etməlidirlər ki, bu şəxsləri müdafiə etməyə borcludurlar. Yəni bütün hallarda onlar mübarizə apardığı kimi, biz də onların azad olunması üçün mübarizə aparmalıyıq və razıyam ki, Azərbaycan cəmiyyəti və siyasi təşkilatlar bu mövzuda ciddi düşünməlidirlər.
“Problemlərin həllini kənardan gözləmək düzgün deyil”
- Amma hakimiyyət beynəlxalq təşkilatların mövqeyinə baxmayaraq, ölkədə siyasi məhbusların olmadığını iddia edir…
-Hakimiyyət təbii ki, yalan danışır. Əslinə qalsa, özü də zaman-zaman yalanlarını etiraf edir. Yəni sən jurnalisti, siyasətçini, insan hüquqları müdafiəçisini narkotik və ya xuliqanlıq maddəsi ilə, heç kimin inanmayacağı şəkildə həbs edirsənsə, faktı özün etiraf etmiş olursan ki, onlar siyasi məhbusdur. Bir çox başqa faktlar da sübut edir ki, hakimiyyət özü də öz yalanlarına inanmır. Bu yalanlardan Azərbaycan cəmiyyəti də, beynəlxalq birlik də xəbərdardır. Hər halda AŞPA-nın yenidən bu məsələ ilə bağlı məruzəçi müəyyənləşdirməsi, İlham Əliyevin oradakı çıxışından sonra bu məsələni araşdırması və ATƏT-in mövqeyinin bəlli olması onu göstərir ki, bu yalanlara Azərbaycan cəmiyyəti, hakmiyyətin özü inanmadığı kimi, beynəlxaql birlik də inanmır. Sadəcə olaraq, beynəlxalq birlik bu gün dünya miqyasında çox ciddi problemlərlə üz-üzədir. Məsələn, bizə ən yaxın olan bir problem Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış problem. Dünya bu gün bu problemlə məşğuldur. Amma Azərbaycandakı siyasi durumla, məhbuslarla bağlı bəyanatlar verilir, etirazlar bildirirlir, tələblər irəli sürülür. Düzdür, hələ ki, beynəlxalq birlik hər hansı sanksiyalar tətbiq etmir, bunu da reallıq kimi qəbul etmək lazımdır. Və bu tipli suallara ümumi bir cavab olaraq demək istəyirəm ki, Azərbaycanın problemlərini biz – Azərbaycan xalqı həll etməlidir. Azərbaycanın problemlərinin həllini kənardan gözləmək düzgün deyil. Kənardan dəstək verə bilərlər və bu yüksək qiymətləndirilməlidir, ancaq problemin həlli özümüzdən asılıdır.
- Müsavatın qurultay məsələsinə toxundunuz. Sentyabrda qurultayın keçirilməsi və yeni başqanın seçilməsi İsa Qəmbərin siyasətdən getməsi anlamına gəlmir?
-Mən partiyanın sıravi üzvü kimi fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Qalan məsələlərə isə sonrakı mərhələlərdə aydınlıq gələcək.
- Əgər yeni başqan prezidentliyə iddialı şəxs olacaqsa…
-Bu barədə qərarı partiya qəbul edəcək. Nə mən, nə yeni başqan təkbaşına qərar qəbul edə bilmərik. Müsavatın növbəti seçkilərdə namizədinin kim olacağını partiya müəyyənləşdirəcək.
“Bu, Rusiyanın özü üçün də faciədir”
- Yeri gəlmişkən, Ukrayna hadisələri dövründə Polşanın məşhur dissidentlərinin təklifi ilə Ukrayna xalqının mübarizəsini dəstəkləyən bəyanat imzaladınız. Həmin bəyanatda Ukraynada baş verənlər Rusiya rəhbərliyinin imperiyanı bərpa etmək cəhdi kimi qiymətləndirilirdi. Necə düşünürsünüz, Rusiyanın bu cəhdi nəticə vermədi?
-Rusiyanın imperiya qurmaq cəhdi mütləq şəkildə iflasa uğrayıb. Yəni bu, bütün hallarda mümkünsüzdür. Əvvəla, çağdaş dünyada imperiyalar qurma zamanı deyil. İmperiyalar qurma zamanı çoxdan bitib. 19-20-ci əsrlər imperiyaların dağılma dövrü oldu. Artıq 21-ci əsr qloballaşma dövrüdür. Dünya miqyasında bəşəriyyətin öz qanunlarını, öz yaşayış normalarını, iqtisadi-siyasi münasibətlərini unifikasiya etmək dönəmi, azad ticarətin formalaşdırılması və insanların istənilən yerdə sərbəst yaşaması dövrüdür. Bu dövrdə hansısa bir dövlətin imperiya qurmaq arzusuna düşməsi çox gülüncdür. Bu iddiaya düşmək əslində, qonşu xalqlar üçün də faciədir, necə ki, biz bunu Ukrayna hadisələrində gördük. Bu gün Azərbaycanın da, Gürcüstanın da, Moldovanın da bir sıra problemlər yaşaması Moskvanın imperiya qurmaq ambisiyalarının təzahürdür. Eyni zamanda bu, Rusiyanın özü üçün də faciədir. Öz problemlərini həll etmək, çağdaş normalarla ayaqlaşmaq əvəzinə qonşu ölkələri nəzarətə almaq cəhdi perspektivsiz bir addımdır və bütün dünya üçün, həmçinin həmin ölkənin özü üçün təhlükəlidir. Amma bu o demək deyil ki, hamı rahat oturub bu məsələnin öz-özünə həll olunmasını gözləməlidir. Çalışıb mübarizə aparmaq lazımdır. Necə ki, Ukrayna xalqı, dövləti Krımın işğalı zamanı müqavimət göstərmədi və Rusiya da zahirən çox rahat şəkildə Krımı işğal və ilhaq edə bildi. Amma Donetskdə, Luqanskda Ukrayna xalqı təpki göstərdiyi, antiteror əməliyyatlar apardığı üçün bu ərazilərdə dövlət öz suverenliyini bərpa eməyə çalışır. Hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq, bu proses uğurla davam edəcək.

“Moskva necə bu qədər ölkəyə hücuma keçə bilər?”
- İyunun 27-də Brüsseldə Avropa İttifaqının fövqəladə sammitində Ukrayna, Gürcüstan və Moldova bu ittifaqla assosiasiya sazişini imzaladı. Ancaq Azərbaycan bu sazişdən imtina etdi. Siz bunu yanlış bir addım hesab edərək bildirmisiniz ki, əgər Azərbaycan da digər üç ölkə kimi avrointeqrasiya istiqamətində konkret mövqe ortaya qoysaydı, Rusiyanın postsovet məkanına müdaxilə imkanları məhdudlaşardı. Doğrudanmı, Rusiya kimi hegemon bir dövlətin mövqeyini postsovet məkanında bu qədər zəif hesab edirsiniz?
-Bilirsiniz, bu cür məsələlərə bir az hərtərəfli yanaşmaq lazımdır. Məşhur diskusiyalar yəqin ki, yadınızdadır. Azərbaycan hakimiyyətinin təmsilçiləri deyirdilər ki, SSRİ onsuz da çökəsi idi və dövlətlərin müstəqillik qazanmasında xalqların, şəxslərin heç bir rolu olmayıb. Mən hər zaman onlara cavab verirəm ki, SSRİ-nin dərin bir böhran yaşaması aydın idi, amma SSRİ-də Azərbaycan, Gürcüstan, Ukrayna və Baltikyanı xalqlar müstəqillik uğrunda fədakar mübarizə aparmasaydılar, SSRi niyə dağılmalı idi ki? SSRİ böhran yaşayıb sonra hansısa bir şəkildə bu böhrandan çıxıb yoluna davam edəcəkdi. Əgər adını çəkdiyim 6 xalq öz müstəqilliyi uğrunda mübarizə aparmasaydı, SSRi dağılmaya da bilərdi. Yəni xalqların iradəsi çox önəmli faktordur. İndi bəziləri deyir ki, MDB real bir birliyə çevrilmədi, Moskva MDB vasitəsilə imperiyanı bərpa edə bilmədi və deməli MDB-də qorxulu bir şey yox idi. Amma mən hesab edirəm ki, MDB-də qorxulu bir cəhət var idi. Bu qurumun qorxulu bir birliyə çevrilməməsinin səbəbi xalqların ona tərəddüdlə yanaşmasıya bağlıydı. Bizim dövrümüzdə Azərbaycanın MDB-yə qoşulmaması, Heydər Əliyevin dövründə qoşulsa da ikitərəfli münasibətlərə üstünlük verilməsi, Gürcüstanın hər zaman müxəlif cəhdlərlə MDB-yə üzv olmaq istəməməsi, Ukraynanın mövqeyi öz təsirini göstərdi. Yəni bu məsələlər təhilil olunmalıdır. Əgər xalqlar razı deyildisə, qlobal qərarların qəbul olunmasına qarşı çıxırdılarsa, MDB necə təhlükəli quruma çevrilə bilərdi? Bu gün də Moskva Avrasiya İttifaqı yaradıb və bunu genişləndirmək niyyətindədir. Əgər xalqlar etiraz etsələr, Moskva necə bu qədər ölkəyə hücuma keçə bilər? Bir Ukraynaya müdaxilə edib deyə bu qədər təzyiqlə üz-üzə qalıb. Bu gün Rusiyada yaşanan problemlər də birbaşa Qərbin tətbiq etdiyi sanksiyalarla bağlıdır. Ona görə də bəzi qüvvələrin Rusiyanı həddindən artıq güc olaraq təqdim etməsi də düzgün yanaşma deyil, ya da məqsədyönlü yürüdülən fikirlərdir. Demək, Rusiya filan dövlətdən güclüdürsə, həmin dövlət ona tabe olmalıdır? Bu çox səhv və absurd bir yanaşmadır. Azərbaycanda heç bir qüvvə Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Hamımız maraqlıyıq ki, normal qonşuluq münasibətləri olsun. Rusiya böyük bir dövlətdir və uzun illər əlaqələrimiz olub, xeyli sayda soydaşımız orada yaşayır, işləyir, çörək qazanır. Niyə münasibətlərin pis olmasında maraqlı olmalıyıq ki? Sadəcə, dövlət olaraq Azərbaycan öz maraqlarını ortaya qoymalıdır ki, biz Rusiya ilə ikitərəfli, qarşılıqlı, faydalı əlaqələrə hazırıq. Biz yenidən Rusiyanın müstəmləkəsi olmağa razı deyilik və heç vaxt da buna razı olmarıq. Bu iradə ortaya qoyulacaqsa, Rusiya bunula barışmaq məcburiyyətində qalacaq. Necə ki, Ukrayna və Gürcüstanın mövqeyi ilə barışmaq zorunda qalıb.
“Bu, Müsavatın məkan seçimi deyil, dəyərlər seçimdir”
-Əslində, yaxşı bir mövzuya toxundunuz. Rusiya qonşu dövlət olmasına baxmayaraq, Azərbaycan müxalifəti Moskva ilə münasibət qurmaqda maraqlı deyil. Heç Rusiyadakı müxalif qüvvələrlə də münasibətlər qurmağa cəhdlər edilmir. Müsavat Partiyası isə daha çox avrointeqrasiyaya üstünlük verir. Çoxları düşünür ki, müxalifətin hakimiyyətə gələ bilməməsinin əsas səbəblərindən biri də budur…
-Yenə də məsələnin bir neçə cəhətinə diqqət edək. Əvvəla, haqlısınız ki, Müsavat avrointeqrasiya tərəfdarıdır. Bu Müsavat üçün hansısa yeni bir mövqe deyil. Bu, Müsavatın tarixi mövqeyidir. Müsavat Partiyası yarandığı gündən öz mahiyyətini dərk etməklə yanaşı, müasirləşmə prinsipini də müəyyənləşdirib. Müasirləşməyə istiqamət kimi də avropalaşma prinsipi əsas götürülüb. Bu, Müsavatın yüzillik bir seçimidir və biz bu seçimə sadiqik. Bu da Müsavatın məkan seçimi deyil, dəyərlər seçimdir. Çünki Müsavatın mövcud olduğu bir əsrlik dövrdə dünyda ən mütərəqqi dəyərlər Avropadan gəlib. Və bu gün Avropa dəyərləri deyilən anlayış ümümbəşəri dəyərlər anlayışdır. Biz də Azərbaycanın həmin dəyərlərə uyğun yaşamasını istəyirik. Fərqə diqqət edin: Avropa bizə demokratiya təklif edir, Rusiya avtoritarizm aşılayır və faktiki avtoritarizmi dəstəkləyir. Avropa bizə azad iqtisadi münasibətlər təklif edir, Rusiya öz sisteminə uyğun korrupsiya, monopoliya… Avropa insan haqları təklif edir, Rusiya isə özündə olduğu kimi totalitar bir sistem, insan azadlıqlarının məhdudlaşdırılmasını müdafiə edir. Bütün bu dəyərləri müqayisə edəndə Avropanın da təklifi göz qabağındadır, Rusiyanın da.
O ki qaldı, əlaqələrə, Rusiya hakimiyyətinə bizim təklifimiz bəllidir, necə ki, sadaladım. Rusiyada fəaliyyət göstərən demokratik qüvvələrə, müxalifətə gəldikdə isə - burada müxalifət deyəndə tam götürmürəm, çünki Rusiyanın müxalifəti çox rəngarəngdir – oradakı demokratik qüvvələrlə bizim normal münasibətimiz var. Tutaq ki, Nemtsovun təmsil etdiyi siyasi qüvvələrlə, Kasyanovun partiyası ilə, əvvələr “Yabloko” partiyası rəhbəri olmuş Yavlinski əlaqələrimiz olub. Onların hər biri ilə görüşlərim olub, müəyyən müzakirələr aparmışıq. Əslində, Yavlinskinin də, Kasyanovun da partiyası Müsavatın üzv olduğu Avropa Liberal Demokrat Partiyalar İttifaqının üzvləridir. Onlar həmin ittifaq üzrə müttəfiqlərimiz sayılır. Sadəcə, Rusiya müxalifəti, dediyim siyasi qüvvələr postsovet məkanındakı demokratik qüvvələrlə əlaqələrə o qədər də maraq göstərmirlər. Münasibətlər də təbii ki, ikitərəfli olmaldır, belə olmadığı halda biz bu cür münasibəti qəbul edə bilmərik.
“İstənilən kiçik bir qüvvə terror havası əsdirə bilər”
- Son günlər İraqda baş qaldıran İŞİD təhlükəsi digər müsəlman ölkələrində, eləcə də Azərbaycanda müəyyən narahatlıqlar yaradıb. Azərbaycanda hansısa radikal dini cərəyanın siyasi gündəmə gəlmə ehtimalı varmı?
-Əslində, İraqda və Suriyada kiçik bir qüvvə hərəkətə gələrək həmin dövlətlərə meydan oxuyur. Əgər dövlət məsuliyyətsiz, xalq zəif olsa, istənilən kiçik bir qüvvə terror havası əsdirə bilər. Mən bunu bir din hadisəsi kimi təsəvvür eləmirəm, İraqda İŞİD hadisəsi bir kütləvi terror hadisəsidir. Azərbaycanda belə bir qüvvə yoxdur. Heç Azərbaycan dövləti və xalqı da buna yol verməz. Sadəcə, Azərbaycan hakimiyyəti məsələyə daha məsuliyyətli, daha ciddi yanaşmalıdır. Proflaktik tədbirlər görülməlidir, amma bu tədbirlər onu tut, bunu kəs formasında olmamalıdır. Maarifçiliklə, insanlara daha çox azadlıq, yüksək yaşayış hüququ verməklə gələcəkdə yarana biləcək bu problemlərin qarşısını almaq olar.

“Ciddi islahatlar, dəyişikliklər dövrü yetişib”
Sizcə, hakimiyyət növbəti seçkilərə qədər hansısa islahatlara gedəcəkmi? Məsələn, 2013-cü ilin əvvəllərində gündəmdə daha çox bu məsələ idi, amma gözlənildiyi kimi köklü islahatlara gedilmədi…
-Hakimiyyət ona görə islahatlara getmək istəmir ki, islahatlara gedilsə, azad iqtisadiyyat formalşasa, bütün tərəflərə bərabər imkanlar yaradılsa, monopoliya və inhisarçılığa son qoyulsa, hakimiyyətin korrupsiya imkanları əllərindən çıxacaq. Ona görə də iqtisadi islahatlarda maraqlı deyillər. Siyasi islahatlara gəlincə, hakimiyyət dərk edir ki, azadlıqlar verilsə, siyasi məhbuslar olmasa, məbuatla bağlı, sərbəst toplaşma ilə bağlı məhdudiyyətlər olmasa, seçki prosesi ədalətli aparılsa, hakimiyyət ilk seçkidə uduzacaq. Amma bu o demək deyil ki, hakimiyyət bu islahatlardan qaça biləcək. Çünki artıq ciddi islahatlar, dəyişikliklər dövrü yetişib. Bu, ölkə miqyasıda da yetişib, beynəlxalq birlik tərəfindən də hakimiyyətin diqqətinə çatdırılıb. Mən bir neçə dəfə demişəm ki, onların özlərinin dediyi kimi, “yavaşlamaq” söhbəti Azərbaycanın inkişafı ilə bağlı deyil, məhz hakimiyyətin talançılığına etiraz olaraq onlara mesaj kimi verilib. Beynəlxalq birlik onlara xəbərdarlıq edib ki, artıq bəsir, bu qədər olmaz, “bir az yavaşlayın”. Amma hələ də talançılıq davam edir. Biz bunu korrupsiya hesab edirik, amma hakimiyyət daxilində ilkin kapital yığımı adlandırılır. Artıq özləri də başa düşməyə başlayıblar ki, çox həddi aşıblar və bu, sosial partlayışa gətirib çıxaracaq. Əslində, o ASAN Xidmətin yaradılması da bununla bağlıdır. Baxmayaraq ki, bunu hakmiyyətin islahatı kimi qələmə verirlər, amma bunu etməyə məcburdurlar. Yəni insanlar Gürcüstanda, Türkiyədə məişət səviyyəsində rüşvətin olmadığını görürlərsə, demək, ortaya tələblər qoyulur. Hakmiyyət də bunu dərk etmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq çox yaxın zamanlarda hakimiyyət islahatlara gedəcək, getməyəcəksə, o zaman bu dəyişikliyi xalq edəcək.
“Çox ciddi dəyişikliklər gedir”
-Dünyanın yeni siyasi düzənində Azərbaycanın yeri görünürmü?
-Yaxşı sualdır və bu məni həmişə düşündürür. Son illər dünyanın köklü surətdə dəyişməsi göz qabağındadır. Düşünürəm ki, bu dəyişim 2009-cu ildən başlayıb və şox ciddi şəkildə gedir. Bəlkə də, çoxları bunu hiss eləmir. Bu dəyişiklik bizim gözümüzün qabağında olduğu üçün bəzən hiss eləmirik. Elə bil ki, saata baxanda saniyə ölçən əqrəbin hərəkətin görürük, dəqiqə ölçən əqrəbin hərəkətini görmək çox çətindir. Saatı ölçən əqrəbin isə hərəkəti ümumiyyətlə görünmür. Dünya miqyasında gedən proseslər də belədir. Çox ciddi dəyişikliklər gedir və Azərbaycan da bu dəyişikliklərin bir hissəsi olmaq zorundadır. Hesab edirəm ki, Xeyrlə Şər arasında, azad dünya ilə totalitarizm arasında gedən mübarizədə Azərbaycan öz yerini müəyyənləşdirməlidir. Amma Azərbaycan hakimiyyəti hələ də Rusiya ilə azad dünya arasında manevr etmək niyyətindədir. Fərqinə varmalıdırlar ki, bu manevrin zamanı bitir və yeni düzən doğru seçim etməyi tələb edir. İnanıram ki, Azərbaycan xalqı bu düzəndə azad dünya ilə birgə olmağı seçəcək və azad, firavan yaşamağı tərci edəcək.
- Niyə müxalifət daha çox sosial şəbəkələrdə aktvdir? Məsələn, bir çoxları düşünürdü ki, müxalifət liderləri sosial şəbəkələrdəki insanları aktiv siyasi proseslərə çəkəcək, amma nəticə göstərdi ki, bu gün liderlər özləridə sosial şəbəkələrdə oturuşmağa meyillidir…
-Mən razı deyiləm ki, sosial şəbəkələrdə siyasətçilər çox fəaldır. Əslində, fəallıq azdır. Məsələn, keçən il sosial şəbəkələrdə siyasətçilər, gənclər indikindən daha çox fəal idilər. Ona görə də sualın o şəkildə qoyulması ilə razı deyiləm. Hesab edirəm ki, fəallıq bir az da artmalıdır. Digər tərəfdən də, axı siz bu gün məndən müsahibə almağa gəlmisiniz və görürsünüz ki, mən burdayam. Bilmirsiniz ki, mən hər gün burdayam, müavinlərimlə, fəallarla görüşürəm, müakirələr aparırıq. Əksər hallarda heç mətbuata bilgi verilmədən toplantılarımız olur, iclaslar keçiririk. Sabah oruc tutanlarla bağlı iftar süfrəsi açacağıq. Siyasi məhbuslarla bağlı tədbirlər planlaşdırırıq. Siz bizim digər işlərimizi görmürsünüz, ancaq “facebook”dakı fəaliyyətimizi görürsünüz və sizə elə gəlir ki, biz ancaq orada fəallıq göstəririk. Ancaq bizim işimizin yüzdə biri sosial şəbəkələrdədir. Amma mən sosial şəbəkələrlə aktivliyin tərəfdarıyam və güman edirəm ki, siyasilərimiz, gənclərimiz sosial şəbəkələrdə bundan sonra daha aktiv olmağa çalışacaqlar.
“Finala Argentinanın çıxacağını demişdim”
- Son günlər sosial şəbəkələrdə bir suala da tez-tez rast gəlirik: İsa Qəmbər üçün futbol maraqlıdır, yoxsa siyasət?.. Hətta Braziliya ilə bağlı proqnozunuz düz çıxmadığı üçün sosial şəbəkələrdə sizi tənqid edənlər də oldu.
-Yarızarafat, yarıciddi desək, bizim proqnozumuz düz çıxmayanda “vur, çatlasın” başlayır, amma düz çıxanda diqqət eləmirlər. Mən də əksəriyyət kimi Braziliyanın Almaniyanı udacağını gözləyirdım, amma alınmadı. Braziliya biabrçı şəkildə uduzdu. Amma finala Argentinanın çıxacağını demişdim, baxmayaraq ki, bir çoxları Hollandiyanın çıxacağını deyirdilər. Gördünüz ki, dünən çətinliklə də olsa, Argentina finala çıxdı. Solçuların kumirlərindən olan Marksın məşhur bir fikri var: “Mən insanam, insan aid olan heç bir şey mənə yad deyil”.
Siyasətçiləri bəziləri necə təsəvvür edirlər? Siyasətçi məgər robotdur? Siyasətçi həyatla, idmanla, incəsənət və ədəbiyyatla maraqlanmamlıdırmı? Mən şəxsən imkan daxilində hamısı ilə maraqlanıram. Keçən dəfə cavanlardan biri hətta məndən soruşmuşdu ki, bəlkə, siz ədəbiyyata daha çox diqqət edirsiniz deyə hakimiyyətə gələ bilmirsiniz ?! Hesab edirəm ki, həyatı bütün rəngarəngliyi ilə dərk edən qüvvələrin cəmiyyətlə daha dolğun münasibət qurmaq imkanı var. Bu baxımdan, futbol da həyatın bir hissəsidir. Onu nə həyatdan ayırıb bir kənara atmaq, nə də ifrat dərəcədə siyasiləşdirmək düzgündür. Hər halda futbol mənim üçün bir istirahət məsələsidir. Hesab edirəm ki, mənim də işlə, fəaliyyətlə yanaşı, istirahət hüququm var. Maraq üçün proqnoz yazmağıma gəlincə, hamı arxayın ola bilər ki, mən qumarın qəti əleyhinəyəm və pul qumarında heç vaxt iştirak eməmişəm, etmək fikrində də deyiləm. Ona görə də proqnozlarıma bir az səbirli və təmkinli yanaşsınlar.
“Mənim üçün bir neçə prinsip var: toxunulmaz prinsiplər!”
-Ədəbiyyatdan söz düşmüşkən, Kamyu deyirdi: “Var həqiqətlər, hərənin özününkü”. Bəs İsa Qəmbər üçün ən böyük həqiqət nədir?
-Mənim üçün bir neçə prinsip var: toxunulmaz prinsiplər! İctimai mənada bu, dövlətimin müstəqilliyi və xalqımın xoşbəxtliyidir. Şəxsi mənada isə bu mənim özümün ləyaqətim və şərəfimdir. Bu məsələlərdə mən heç bir şəkildə, heç kəsə güzəştə gedə bilmərəm. Həqiqət isə Allaha məxsusdur. Mənim üçün müsavatçılıq formulu var. Bir qədər əvvəl dediyim o prinsiplər də bu formuldan irəli gəlir. Rəsulzadə deyirdi ki, müsavatçılığın mahiyyəti Azərbaycanımızın müstəqlliyi və Azərbaycan xalqının xoşbəxtliyidir. Bu, mənim üçün müzakirə olunmayacaq bir mövzudur.
Şəmşad AĞA
Qaynar.info