
Bu gün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi başlayıb.
“Musavat.com" xəbər verir ki, qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb: "Mənə işgəncə verirlər!". Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasna salıblar. Əməkdaşımızın verdiyi xəbərə görə, proses zamanı vəkil hakimdən Pərviz Həşimlinin qeydlərinin gətirilməsini tələb edib. Pərviz ona verilən işgəncələri vaxtı və forması ilə qeyd edib. Amma o qeydlər məhkəməyə gətirilməyib. Vəkil qeydlərin gətirlməməsini əsas gətirirərək məhkəmədən icazə alaraq zaldan çıxıb. P.Həşimli də etiraz olaraq arxasını məhkəməyə çevirib. Hakim bunu məhkəməyə hörmətsizlik kimi qeyd edib və Pərvizi zaldan çıxarıblar. Məhkəmə vəkilsiz və müttəhimsiz davam edib. Qərar isə vəsatətin təmin edilməməsi olub.
Aldığımız xəbərə görə, Pərviz özünə qəsd etməyə çalışıb. Ona verilən fiziki və mənəvi işgəncələrə dözməyərək özünə qayçı ilə xəsarət yetirməyə çalışıb. Amma onun bu hərəkətinin qarşısı alınıb. Bu barədə vəkil Elçin Sadıqlı məlumat verib.
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P.Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.
Qaynar.info