Sevdiyim ilk kişidir O! Məni heç kimin sevmədiyi qədər sevən biri... Yeganə adamdır ki, sevgisindən adım kimi əminəm. Hələ bir dəfə də mənə yalan deməyib, kimisə aldatdığının şahidi olmamışam. Ürəyindəki İnsan sevgisinə heyran olmuşam. O, insanları doğmam-yadım demədən sevir.
Ağılım kəsəndən çətin günlərimiz də olub, gözəl günlərimiz də. Ancaq heç bir çətinliyə, ehtiyaca baxmayaraq, bir dəfə də ailəsinə haram tikə yedirtməyib. Mən tələbə olanda respublikada gərgin bir vəziyyət hökm sürürdü. Camaat çətinliklə dolanırdı. Üstəgəl “uşaq oxutmaq”. Atam bütün çətinliklərə sinə gərib məni oxutdu, heç nədən ehtiyacım olmasın deyə, hər əziyyətə qatlaşdı. “Oxumaq əsas qıza lazımdır,” - dedi. İlk dəfə orta məktəbə qədəm qoyanda da, tələbə biletimi və diplomumu alanda da, qurban kəsib payladı.
Bir dəfə də qadına əl qaldırdığını görüb, söyüş söydüyünü eşitmədim. Bəlkə, ona görədir ki, bu halları heç vaxt qəbul etmədim.
Biz heç vaxt diz-dizə oturub dərdləşməmişik. Ömür boyu atamla susaraq danışmışıq. Nəsil-şəcərəmdə, ailədə məni hamıdan gözəl anlayan yeganə adam, bütün fikir və qərarlarıma hörmətlə yanaşan, risk həddindən asılı olmayaraq, atdığım addımlarda məni dəstəkləyən, arxa-dayaq olan adam atam olub. Anamla həm də dost olub, dərd-sərimi bölüşmüşəmsə də, atamla heç vaxt heç nə danışmadan bir-birimizi anlamışıq.
Özü yeməyib bizə yedirən, özü geyməyib bizi geydirən atamı həmişə anlayıb, çəkim ağırlığında yük asılmış gözlərindən oxumuşam.
Atamın adı “XX əsrin neft ustası” adlı ensiklopedik kitaba düşüb. Uşaq vaxtlarımda həmişə neft buruqlarının şəklini çəkərdim. Xəzəri də, onu qucağına alan Bakını da atam sevdirib mənə. Mən balaca olanda hər dəfə mükafatla təltif olunan atam evə çatan kimi ona verilən hədiyyələri: “Bu qızımın!” – deyib mənə verərdi. Mən də onun tərifnamələrini, fəxri fərmanlarını indiyə kimi qoruyub saxlayıram.
Həmişə işdən gələndə əlində iki qəpiklik dəftər də olsa, alardı mənim üçün. Sovet dövründə nəşr olunan qəzetlərin hamısına abunə yazılardı, qəzetləri həyətdəki poçt qutusundan götürüb ona çatdırmaq isə mənim işim idi. Hələ düz-əməlli dil açmadığım vaxtlarda oxuduğu qəzeti “oxumaq” üçün mənə verib növbətisinə keçərdi. Evimizdəki kitabxanasını isə məndən başqa heç kəsə etibar etmir, deyir kitablarım hamısı sənindir, bunları sənin kimi heç kim qorumayacaq. İndi o kitabxananı daha da böyütmüşəm və aldığım bütün kitabları məndən qabaq O oxuyur. Bütün qələm əhli olan dostlarımın kitablarını oxuyub, hamısını qiyabi tanıyır. Yeganə oğlunun toyunda bütün qohum-əqrəba maşından düşüb qız qapısına tərəf getdiyi halda, atam mənim dostlarımla görüşmək üçün onlara sarı getdi.
Atamın timsalında sevmişəm dürüst və vicdanlı adamları. Hərdən insanlardan qırılanda, küsəndə, yalan görüb içimdəki İnsan sevgisinə birdəfəlik son qoymaq istəyəndə, atam durub gözlərimin qarşısında, axı O da insandır. O, var, deməli, hardasa yenə atam kimi kişilər, dostlar, sevgililər var.
İlk kitabımın təqdimatında tədbirin sonuna qədər ağladı. Göz yaşlarını gizlətməyə cəhd etsə də, mənim gözümdən qaçacaq deyildi bu. Çünki gözüm onda idi və onu hansı səbəbdən olur-olsun ağlatmaq mənə əzab verir. Buna baxmayaraq, məni həyatda dəlicəsinə sevən bir adamı ən çox ağladan da elə özüm olmuşam. Mən dünyada ən vicdanlı cəlladam...
Hələ indiyəcən ona sevgi etirafı etməmişəm. Bir az quru adamam, sevdiklərimə sevgimin qədərini heç vaxt çatdıra bilmədim...
Bu gün onun doğulduğu gündür. Səhər açılan kimi zəng edib ikicə kəlmə ilə təbrik edəcəyəm: “papa, təbrik edirəm!” – vəssalam. Əminəm ki, bu yazını oxumasına şərait yaratmayacağam. Ancaq oxumasa da bilir ki, onu sevirəm. Bir dəfə Ona etdiyim yeganə etirafı eşidəndə mat qalmışdı: “Yaxşı ki, mənim atam sənsən. Nə yaxşı ki, nazir qızı, prezident qızı yox, adi bir dənizçi qızıyam, sənin qızınam! Heç kimin balasının haqqını yedirtməmisən bizə, çox sağ ol!”
Kiminsə sevgisindən əmin olmaq qədər insanı xoşbəxt edən ikinci bir şey tanımıram...Atamın sevgisi kimi...