Qaynarinfo yeni layihəyə start verir. Layihə çərçivəsində yazıçılar həmkarlarının yaradıcılığı barədə fikirlərini bölüşəcəklər. İlk qonağımız isə yazar Ömər Xəyyamdır.
Gənc yazar bildirib ki, hazırda ədəbiyyatla məşğul olan yerli yazarlardan yalnız Aqşin Yeniseyi, Qan Turalını, Qisməti və Aqşin Evrəni oxuyur:
"Mənə görə, intellektual emosiya önəmlidir. O şey ki, Aqşinlərin, Qismətin, Turalın mətnlərində var, o birlərində yoxdur. Mənə imkan vermir ki, hamını oxuyum, hamıdan zövq alım.
Mətnin iyindən, tamından bilirəm ki, harda bişib, hansı beyində qaynayıb, hansı təfəkkürün məhsuludur. Oxumuram deyəndə ki, oxuya bilmirəm.
Son dövrlər sentimental emosiya itələyir məni. Mətnin ruhu, estetikası zövq verməli, intellektual yükü olmalı, bir az da adamın təfəkkürünə yaxın ola gərək. Yoxsa olmur, olmaz.
Mən oxucuyam, haqqında düşündüyüm məsələlər, qurduğum rakurs, obyektivimin ölçüləri "gənc yazar”, "gənc şair” nəslinin əyninə gen gələr. Ayrı-ayrı yerlərdəyik".
- Aqşin Yeniseyin Qismətin, Aqşin Evrənin, ya da Turalın hansı kitabları var səndə? Onların hər hansı əsərini təkrar mütaliə etmək ehtiyacın olurmu?
- İndi Aqşinin bir kitabı da yoxdu məndə. Yeniseyi deyirəm. Kimsə istəyib vermişəm, sonra qaytarmayıb. Bəzilərini kirayələrdə itirmişəm, bəzilərini də içkili olmuşam, hədiyyə vermişəm kiməsə. Şeirlərinin çoxunu əzbər bilirəm. Qismətin esselər kitabı, tərcümələri və "Vitrin” kitabı var. Şeirləri qayıdıb oxumaq ehtiyacım yoxdur. Düzü, əvvəl - civzəli vaxtımda - cəlb edirdi məni şeir. İndi daha çox nəsr maraqlıdı. O da, dediyim kimi, intellektual mətnlər: Uydurulmuş kədərdən, qeyri-səmimi ağrıdan, sentimental emosiyadan arınmış.
Turalın bütün kitabları var. Amma Turalı kitabdan yox, internetdən oxuyasan. Mənə onun köşələri, esseleri maraqlıdır. Bədii mətnləri yox.
Aqşin Evrənin bir kitabı çıxıb. Onu da imzalayıb verib mənə. Daha doğrusu, pul verib almışam.
Aqşinlərin, Qismətin şeirlərini indi oxuya bilmirəm. Ümumiyyətlə, niyəsə, şeir oxuya bilmirəm indi. Qeyri-ciddi gəlir şeir mənə.
Bəhs etdiyim bu müəlliflərin şeirləri yox, nəsr işləridir. Aqşinlərin, Turalın köşələri, esseləri, Qismətin, ümumiyyətlə varlığı. Bir oxucu kimi deyirəm, Qismət ədəbiyyatdan əlin götürsə, heç nə!
- Səncə, adını çəkdiyin yazarlar yazılarında daha çox nəyi dəyişməlidirlər? Bir oxucu kimi onların yazılarını oxuduqdan sonra fikirləşirsən ki, bu mətndə daha nə olsa, səni qane edərdi?
- Sənə deyim, mən yaxşı oxucuyam, mətni içirəm. Aqşin hələ bu vaxta qədər yığdıqlarını yazır. Bu, yaxşıdır. Əl çəkməlidi yazılmamışlar, candan çıxmalıdı. Amma hiss edirəm ki, bilgi azdır. Bu da düşdüyü mühitin "töhfəsidi”. Dövrünün qələmdaşlarını deyirəm. Yan-yörəsində olanlar. Sonradan ki, uzaqlaşdı, getdi, bax o gedişlə gəldi. Yaxşı gəlib. Fikir verirəm, indi yəqin oxuyur, öyrənir. Əvvəlki köşələr hara, indikilər hara? Tamamilə fərqlidir.
Qismətin fəaliyyəti bizim üçün, təkcə ədəbiyyatı demirəm, ümumiyyətlə, ölkə üçün faydalıdır. Qismət sanki tək başına işləyən bir zavoddur. Canlı ensklopediyadır. Amma bu faydalılıq özü üçün bir işə yaramır. Qoy daha aydın deyim, yanlış anlaşılar. O qədər ki oxuyur, tərcümə eləyir, hərədən bir az hopur ona, sonra Qismət, ümumiyyətlə, öz mətnlərində hiss olunmayacaq. Məsələn, indi Orhan Pamukdusa, bir azdan Nabokov olacaq. Hamı üçün faydalıdı. Özünə görə deyirəm.
Qan Turalının bədii mətnlərində intellektual emosiya var, düzdü, amma niyəsə bədii həlli, ruhu canıma yaxın deyil. Publisistka elementləri, quruluq... Turalın publisistkası, məsələyə baxış bucağı, interpretasiyaları, analizi mükəmməldir. İntellektual, bilgin adamdı Tural. Bunu mətndən hiss etmək olur. Belə deyim, Turalın başı var, amma oxumur. Niyə deyirəm, davamlı yazmır. Neçə vaxtdı oxumuram. Əvvəl yenə tez-tez yazırdı. Esseləri var ki, iki təkrar-təkrar oxumuşam.
Aqşin Evrən kaş ki, şair olmayaydı. Şeir yazmayaydı. Sırf nəsrlə məşğul olsa...
- Bax dünya dəyişir. Texnoloji tərəqqi, inkişaf... Səncə, bu texnoloji inqilabın bəşəriyyət üçün faydası var?
- Günəşin altda yeni heç nə yoxdur! Adəmin də, Misir piramidalarındakı mühəndisin də gördüyü Günəşlə, bugünkü Günəş eynidir. Dəyişən formadır, mahiyyət yox.
Mobilləşmə, elmi tərəqqi, texnoloji gəlişim... - qədim insan üçün at arabası nə idisə, mənim üçün elektrik enerjisi ilə işləyən pilotsuz aparatlar eynidir. İnsan hər gün Novruzəlidir. Novruzəlinin poçt qutusuna novruzəliliyi, mənim Ayfon-8-ə novruzəliliyimlə üst-üstə düşür. Adəmin dünyaya gəlişi ilə Elon Maskın Mars cəhdi, yaxud paçtalyon göyərçinlə - zamanı müqayisə etsək, - mənim Amerikaya yazdığım elektron mesaj eyni şeydir. Nələrsə artdıqca, nələrsə azalır. İnsanlıq hər gün qaranlığa bir addım yaxınlaşır.
Sonra yeni insan doğulacaq. Ölümsüz. Tamamilə sintetik, qeyri-təbii və texno. Budur Adəm. Texnoadəm. Heç nə dəyişmir. Seçim imkanı çoxaldıqca, əsl ehtiyac ödənmir. Dünya yeniləndikcə köhnəlir.
Söz bitir, mənası itir. Əgər Qismət demiş, əllə yazı söz yaratmaq idisə, bu, həm də zəkanın iti qalmasına səbəb idi - indi klaviatura vasitəsilə sözün şəklini çəkirik. Düşünməyə ehtiyac yoxdur. Adəm necə danışırdı? Zaman keçdikcə Adəmin dilinə qayıdırıq. Bir müddət sonra isə tamamilə canlı ünsiyyət itəcək. Bəli, ünsiyyət vasitələri artdıqca ünsiyyət itir.
Lalə Niftaliyeva