Xəbər lenti

Mərhum bəstəkarın xanımı: “Milli sərvət… bizə elə gəlir ki, bu, boş sözdür...”
Ölkə11:27 02.03.2020

Mərhum bəstəkarın xanımı: “Milli sərvət… bizə elə gəlir ki, bu, boş sözdür...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbərin Qaynarinfo-ya müsahibəsi.
- Bu gün Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin dünyasını dəyişməsindən iki il ötür. Xatirə günü ilə bağlı hansı tədbirlər planlaşdırırsınız?
- Bu gun bizim üçün ən ağır gündür. Həyatmıza qara hərflərlə yazılıb bu gün. Həmişəki kimi ana-bala səhər tezdən Tahir Əkbərin qəbrinin üstünə gedəcəyik. Tahir Əkbərin qəbrinin üstünə qoyulan gülləri dəyişəcəyik. Düzdür, biz onun qəbrinin üstünə hər ayın 2-si gedib, onu yad edirik. Amma onun yoxluğunu il ərzində iki dəfə daha çox hiss edirik. Biri onun ad günü, ikincisi isə dünyasını dəyişdiyi gün. "Daha gəlməyəcək” deyə, özümüzə təskinlik verməyə çalışırıq. 
- Tahir Əkbərin sağlığında evinizin daimi qonaqları olan sənət adamları yoxluğunda sizi yad edirmi? 
- Necə deyim ki, yox… Düzü, bu barədə heç danışmaq istəmirəm. Firuzə İbadova, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Nahidə Orucova ilə mütəmadi əlaqə saxlayırıq. 
- Mərhum bəstəkar sağlığında layiqli qiymətini ala bildimi sizcə?
- Yox, nə bəstələdiyi simfonik əsərlər, nə də mahnılar ona kömək edə bildi. "Ya Rəbb” simfonik əsəri, "Amin”, Azərbaycana həsr olunan əsərləri qiymətini ala bilmədi. Bu əsərlərin heç biri onun şəklinin Bəstəkarlar İttifaqından asılmasına yardım olmadı. Çox istəyirik ki, Tahir Əkbərin şəkli İttifaqın divarından asılsın. Çünki haqqı olan Xalq artisti fəxri adını ona sağlığında vermədilər. Amma bu bir faktdır ki, mahnılarına ən çox müraciət olunan bəstəkar da elə Tahir Əkbərdir. 
- Sağlığında onu narahat edən nəsə vardımı? Yəni, məsələn, yuxularınıza gəlir, nəsə deyirmi? 
- Demək olar ki, hər gün yuxuma gəlir. Təsəvvür edin, iki gündən bir əsərləri efirdən səslənir. Yəqin onu narahat edir ki, mən özümdən sonra bu qədər xəzinə qoydum. Amma əvəzində nə oldu? Hərdən fikirləşirəm ki, bəlkə o, bəstəkar olmayaydı. Bəlkə o, özü də bu qədər haqsızlıqlarla rastlaşdığına görə bəstəkar olduğuna peşman idi. Onun yuxusuz gecələri… Mən və Bəhriyənin hər gün o notları eşitməyimizə dəyməzdi. O əziyyətləri biz nə üçün çəkməliydik? Hərdən Bəhriyə onun mahnılarına qulaq asmaq istəmir. Mən də ana olaraq onu çox gözəl başa düşürəm. Hərdən onun haqqında nə bir yazı, nə də bir verilişin çəkilməsini istəmir. Hərdən deyirlər ki, Tahir Əkbər milli sərvətdir. Amma bizə elə gəlir ki, bu sözlər boş şeylərdir. O, yalnız bizə aiddi. Nədənsə onu hətta bölüşmək belə istəmirik. 
- Tahir Əkbər dəfn olunandan sonra siz onun məzarını dəyişdirdiniz. Buna görə peşman deyilsiniz ki? 
- Xeyr, bəlkə də ömür boyu verdiyim ən düzgün qərardı. Birmənalı deyirəm. Bu yaxınlarda bir qrup gənc Fəxri Xiyabanda Bəhriyə ilə rastlaşıb. Gənclər tanınmış bir alimin qəbrini ziyarət edirlərmiş. Bəhriyəyə deyiblər ki, "gedək sənin atanın məzarını da ziyarıt edək”. Bəhriyə susub. Xeyli vaxtdan sonra onlara deyib ki, atamı Fəxri Xiyabana layiq görmədilər. Gənclər isə qızıma deyib, biz Tahir Əkbəri Fəxri Xiyabanda görmək istəyərdik. 
- Tahir Əkbər dövləti xidmətlərinə görə, harada dəfn olunmalı idi?
- Əslində, İkinci Fəxri Xiyaban onun haqqı idi. Çünki mən bildiyimə görə, Azərbaycan bəstəkarlarının arasında elə biri yoxdu ki, onun diplom işi Lenin Komsomolu Mükafatına layiq görülsün. Onun "Simfonik rənglər” əsəri Azərbaycan musiqisinə yenilik gətirmişdi. Bu onun diplom işi idi. İkinci yenilik isə dini musiqilər idi. "Amin”, "Ya Rəbb” əsəri də yenilik idi. "Amin” Azərbaycanda yeganə əsər idi ki, 2008-ci ildə Norveçdə "Nobel” mükafatı ətrafında sülhə çagırış qızıl diskinə salınmışdı. Bu əsər  Avropanın 20 ölkəsində yayımlanıb. Tahir Əkbərin kifayət qədər əsərləri vardı ki, bunun müqabilində haqqı İkinci Fəxri Xiyabanda dəfn olunmağa çatırdı. 
Bahar Rüstəmli