
Bakı Şəhər İcra Hakimiyyəti Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların noyabrın 19-na təyin etdiyi piketlə bağlı müraciətə cavab verib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, müraciət “Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinə cavab vermədiyindən piket məqsədəuyğun hesab edilməyib.
Demokratiya və İnsan Haqları Mərkəzi “Siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin” şüarı ilə piket keçirmək istəyir. Bu qurumda Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.
Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə piket ünvanı kimi Prezident Administrasiyasının, Ali Məhkəmənin, Baş Prokurorluğun qarşısı göstərilmişdi.
“Media forum” saytı bildirir ki, “Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinə görə, toplantıları təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.
Yazılı xəbərdarlıqda bu məlumatlar olmalıdır:
1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;
2) ümumi məqsədi;
3) toplantının keçirilmə yeri və vaxtı;
4) iştirakçıların təxmini sayı;
5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);
6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);
7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;
8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.
Qaynar.info