
Son günlər manatın devalvasiyaya uğrayacağı ilə bağlı iddialar çoxalıb. Bir çoxları manatın tez bir zamanda kəskin şəkildə qiymətdən düşəcəyini düşünür. Rəsmi dairələr isə yayılan məlumatları şayiə adlandırır.
Belə bir məqamda iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı iki mümkün variant təklif edib.
Qaynarinfo.Az aznews.az həmin variantları təqdim edir.
“Birincisi, Mərkəzi Bank mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman dollar mərhələli şəkildə möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub.
İkincisi, Mərkəzi Bank məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. Mərkəzi Bank yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir”.
Bundan başqa, ekspert valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac olduğunu vurğulayıb: “Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora “isti pullar” daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə bu zaman Mərkəzi Bank artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər”.
Qaynarinfo.Az