Mərkəzi Bankın Baş direktoru Gülər Paşayeva "İnteqra Construction KZ" Məhdud Məsuliyyətli Yoldaşlığının Azərbaycan filialını məhkəmə verib.
Qaynarinfo-nun məlumatına görə, Baş direktor iddiasında göstərib ki, "İnteqra Construction KZ” şirkəti bankda olan hesabından 24 iyun 2020-ci ildə cəmi 223896 ABŞ dollarını Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malın ölkəyə idxalını təsdiq edən gömrük yük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Həmin fakt üzrə Mərkəzi Bank tərəfindən araşdırma aparılıb və araşdırmanın nəticəsi olaraq "İnteqra Construction KZ” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair 30 iyun 2022-ci tarixli protokol tərtib olunmaqla, əlavə olunmuş sənədlərlə baxılması üçün məhkəməyə göndərilib.
Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Lakin məhkəmənin qərarından narazı qalan Mərkəzi Bankın Baş direktoru Gülər Paşayeva "İnteqra Construction KZ” barəsində apellyasiya şikayəti verərək, inzibati qaydada cərimə tənbeh növünün tətbiq edilməsi xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi Gülər Paşayevanın iddiasını qismən təmin edərək, Xətai rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarını ləğv edib.
Qeyd edək ki, təsisçisi Akan Kojbanov olan "İnteqra Construction KZ” Məhdud Məsuliyyətli Yoldaşlığı dəmir yolu və avtomobil yollarının tikintisi, bərpa, təmir, nəqliyyat və logistika infrastrukturu layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 85 min 340 manat 96 qəpik borcu var.
Əhməd
Şərhlər