Ekonomiks 17:11 29.03.2023

“Mərkəzi Bankın qərarı ona gətirib çıxaracaq ki...” - Ekspert

"Ölkədə elə inhisarçı banklar var ki, onların pulu çoxdur. İnanmıram ki, onlar kredit faizini artırsınlar. Odur ki, kreditlərin faizlərinin artmayacağına əminəm. Amma orta və kiçik banklar üçün bu qismən problemdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Mərkəzi Bankın uçot dərəcəsinin artırması ilə bağlı qərarını şərh edərkən deyib. 

Ekspert bildirib ki, uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir:
 
"Bu faiz artırılırsa, son nəticə ona gətirəcək ki, banklar Mərkəzi Bankdan az kredit götürsün, dövriyyədə kredit azalsın, faizlər artsın, nəticədə pulun həcmi azalsın ki, qiymət artımı azalsın. Hazırda dünyanın bütün Mərkəzi Bankları bunu edir, ABŞ da daxil olmaqla infilyasiya ilə mübarizə aparırlar. Faiz artırıldıqca dövriyyədə pul həcmini azatmaq istəyirlər. Bundan əlavə, iqtisadi aktivliyi də azaltmaq istəyirlər ki, qiymət artımının qarşısı alınsın”. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb. 

Bahar Rüstəmli