Xəbər lenti

Məşhur müğənni: Öncə xərçəng, sonra Parkinson diaqnozu qoyuldu
Maqazin 13:59 31.07.2026

Məşhur müğənni: Öncə xərçəng, sonra Parkinson diaqnozu qoyuldu

83 yaşlı amerikalı müğənni Karli Saymon həm dəri xərçəngi, həm də Parkinson xəstəliyi ilə mübarizəsindən danışaraq, həyata bağlılığını itirmədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, "You're So Vain", "Why" və "Coming Around Again" kimi məşhur mahnıları ilə tanınan amerikalı müğənni Karli Saymon səhhəti ilə bağlı yaşadığı çətinliklərdən danışıb.

83 yaşlı sənətçi BBC-yə müsahibəsində yaxın vaxtlarda ona Parkinson xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb. O bildirib ki, xəstəlik bəzən qorxulu görünsə də, bu vəziyyətlə yaşamağı öyrənməyə çalışır.

Saymon qeyd edib ki, Parkinson diaqnozundan əvvəl də dəri xərçənginin bir növünə tutulub və bu səbəbdən üz nahiyəsindən əməliyyat olunub. Onun sözlərinə görə, gündəlik həyatına ən çox təsir göstərən isə Parkinson xəstəliyidir.
 


Müğənni bildirib ki, bəzi günlər həddindən artıq yorğun olur və demək olar ki, hərəkət edə bilmir. Digər günlərdə isə hərəkət etmək, düşünmək, işləmək və özünü əvvəlki kimi hiss etmək imkanı əldə edir.

"Yaşamaqdan və işləməkdən heç vaxt vaz keçmədim", deyə Karli Saymon vurğulayıb.

Sənətçi əlavə edib ki, keçirdiyi dəri xərçəngi əməliyyatı xarici görünüşünə də təsir edib. Uzun illər görünüşünə böyük önəm verdiyini deyən Saymon xəstəlik və əməliyyatın özünə qarşı tənqidi yanaşmasını daha da gücləndirdiyini bildirib.

Karli Saymonun sözlərinə görə, Parkinson xəstəliyinin diaqnozu uzun müddət gecikib. Əvvəlcə simptomlar artrit kimi qiymətləndirilib. O, bud və hər iki dizindən əməliyyat olunsa da, vəziyyəti yaxşılaşmayıb. Daha sonra aparılan geniş müayinələr nəticəsində Parkinson xəstəliyi təsdiqlənib.
 


Müğənni bildirib ki, elə dövrlər olub ki, başqasının köməyi olmadan yerindən qalxa və ya yeriyə bilməyib. O qeyd edib ki, həm özü, həm də ailəsi problemin artritdən daha ciddi olduğunu hiss edirdi.

Karli Saymon ictimaiyyət qarşısından uzaqlaşmasının səbəbi ilə bağlı çoxsaylı məktublar aldığını və buna görə sağlamlıq vəziyyəti barədə açıqlama vermək qərarına gəldiyini bildirib.

Bütün bu sağlamlıq problemlərinə baxmayaraq, müğənninin "Comes In Waves" adlı yeni albomunun bu ilin avqust ayında təqdim olunacağı gözlənilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->