(Yazı "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanıb)
Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında ideoloji əsaslar böyük rol oynayır. Xalqımızı birləşdirən ən güclü ideologiya məhz milli dövlət və azərbaycançılıq ideologiyası olub.
Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin edən əsas amillərdən biri onun milli ideologiyaya əsaslanan uğurlu siyasətin həyata keçirilməsidir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və eyni zamanda azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmaq prosesində fəal iştirak etməlidir.
Artıq Azərbaycan müstəqilliyinin 30-cu ilini yaşayır. Bütün dövrlərdə olduğu kimi bu gün də azərbaycançılıq ideyasının gənclər arasında təbliği aparılır.
İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var:
"Bu faktorlar bütövlükdə həmin xalqın milli ideologiyasını təşkil edir. Azərbaycanın 70 il sovet Rusiyasının işğalı altında olmasına baxmayaraq, xalqımız öz kimliyini heç vaxt unutmayıb. Müstəqillik əldə edənə qədər çətinliklərə rəğmən, milli kimliyimizi qoruyub saxlamağı bacarmışıq”.
Sədr bildirib ki, müstəqilliyimizin bərpasından dərhal sonra isə azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilib:
"Məhz azərbaycançılıq ideologiyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi parçalamaq cəhdlərinin qarşısında ən güclü ideoloji, eləcə də siyasi sipər oldu və bu baxımdan çox önəmli hesab olunur. Hazırda dünyada gedən qloballaşma prosesində yalnız güclü olan xalq qələbə qazana, özünün milli, mənəvi, dini, tarixi ənənələrini qoruyub gələcək nəsillərə ötürə bilər. Bu baxımdan qarşıda duran ən mühüm məsələ, eyni zamanda ən ali məqsəd qlobal inteqrasiya prosesində Azərbaycan xalqının dəyərlərini dünyaya lazımınca və layiqincə təqdim etmək, həmçinin bizə məxsus olan dəyərlərin yalnız mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaq hesab edilir ki, bizi birləşdirən bu dəyərlər məhz azərbaycançılıq ideologiyasının əsasını təşkil etməlidir”.
Təbriz Musayev milli ideologiyamız olan azərbaycançılıq ideologiyasının ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirməli olduğunu vurğulayıb:
"Azərbaycançılıq ideologiyası sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır”.
Təşkilat sədri hesab edir ki, milli ideologiyasız heç bir millət ayaqda dura bilməz:
"İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə, onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır. Tarixi torpaqlarımızın geri qaytarılması ilə yekunlaşan və bütün dünya azərbaycanlılarını vahid bir ideologiya ətrafında birləşdirən 44 günlük Vətən Müharibəsində bu vacib məqama şahidlik etdik və gördük ki, bizim birliyimiz qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də birincisidir”.
Təbriz Musayev əlavə edib ki, bundan sonra qarşıda yenə də çətinliklərlə üzləşə bilərik:
"Və artıq davam etməkdə olan qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf etmək, böyük tarixə malik bir xalq kimi qalib çıxmağımız üçün azərbaycançılıq ideologiyasını daha da gücləndirmək, ələlxüsus buna sadiq olmaq lazımdır”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.