
Milli Şuranın Koordinasiya Mərkəzi 5 fevral iclasında qurumun əsasnaməsinin yeni layihəsini müzakirə edib və işlənmək üçün hüquq komissiyasına ötürüb.
Fevralın 7-də “Media forum” saytına danışan sədr aparatının üzvü Oqtay Gülalıyev deyib ki, Milli Şuranın əsasnaməsində təkmilləşmə aparılacaq: “Cəmil Həsənli Milli Şuranın sədri seçildikdən yenilik qərarları verilib. Struktur dəyişiklikləri, Milli Şuranın rəhbər orqanlarının formalaşdırılmasına yönələn təşkilati işlər, şuranın idarə olunması ilə bağlı mövcud əsasnamənin təkmilləşdirilməsi hədəf seçilib. Təkmilləşdirmələr idarəetmənin daha çevik olmasına hesablanıb.
Ötən il keçirilən prezident seçkisi öncəsi vaxt məhdudiyyəti olduğu üçün əsasnamənin geniş müzakirəyə çıxarılması mümkün olmadı. Artıq seçki başa çatıb, Milli Şura yeni mərhələyə qədəm qoyub və 2014-cü il üçün fəaliyyət proqramı qəbul edib. Bir sıra məsələlər var ki, bu işlərin həyata keçirilməsi üçün Milli Şuranın struktur olaraq təkmilləşməsinə, idarəetmənin çevik həyata keçirilməsinə ehtiyac var. Son təkmilləşmələr islahatların tərkib hissəsidir”.
Oqtay Gülalıyevin sözlərinə görə, Milli Şuraya üzvlüklə bağlı xeyli müraciət var: “Ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, həbsdə olan bir sıra şəxslər Milli Şuraya üzv olmaq istəyirlər. Üzvlüklə bağlı sənədlərin təkmilləşdirilməsi Milli Şuranın hüquq komissiyasına həvalə olunub. Hüquq komissiyası sənədləri hazırladıqdan sonra Milli Şura müvafiq qərarlar verəcək”.
Qaynar.info