Xəbər lenti

“Milli Şuranın əsasnaməsini mən hazırlamışam” - MÜSAHİBƏ
Siyasət06:32 06.06.2013

“Milli Şuranın əsasnaməsini mən hazırlamışam” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arif Hacılı: “Kimin hansı yol tutduğu, kimin nə ilə nəfəs aldığı, kimin ekstremal vəziyyətlərdə özünü necə apardığı Azərbaycan cəmiyyətində hər kəsə məlumdur”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Qaynar.info-ya müsahibəsi:

- Arif bəy, Milli Şura ilə bağlı niyə bu qədər tərəddüd edirsiniz?

- Tərəddüdlər var. Bir sıra nüanslar var ki, müzakirə olunmalıdır. Biz Məhəmməd Əmin Rəsulzadə-Əbülfəz Elçibəy yolunun yolçularıyıq və Azərbaycanda sivil bir dövlətin qurulması uğrunda mübarizə aparırıq. Hakimiyyət uğrunda mübarizəmiz məhz bu ideoloji-siyasi xəttə və müsavatçılıq ideologiyasına tabe olan, bu istiqamətdəki istəklərimizin həyata keçməsi yolunda vasitə olan məsələdir. Biz nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək uğrunda mübarizə aparan siyasi qüvvə deyilik. İsa Qəmbər başda olmaqla Azərbaycan demokratik qüvvələrinin üzərində Rəsulzadə-Elçibəy yolunu, müsavatçılıq ideyasını davam etdirmək və ölkədə demokratik, dünyəvi, sivil liberal bazar iqtisadiyyatına əsaslanan, insan haqlarına, fundamental azadlıqlara hörmətlə yanaşan bir dövlətin qurulması bizim əsas ideoloji siyasi xəttimizə uyğundur. Bir daha deyirəm ki, buna görə də İsa Qəmbər başda olmaqla Azərbaycanın demokratik düşərgəsi məsuliyyət daşıyır. Hər hansı quruma daxil olarkən, siyasi prosesə qoşularkən biz bu amili öncədən nəzərə alırıq.

- Nəyə əsasən deyirsiniz ki, Milli Şurada nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək istəyən qüvvələr var?

- Bunu ona əsasən deyirəm ki, doğrudan da, orada elə qüvvələr var və bu qüvvələr ölkədə insan haqlarına və demokratiyaya əsaslanan dövlətin olması məsələsi ilə əlaqədar bizim əmin olmadığımız mövqeləri olan adamlardır.

- Xalq Milli Şura ətrafında toplaşacaqsa, bunu açıq deyin, xalq da bilsin...

- Mənə elə gəlir ki, xalq hər şeyi bilir. Mən 1993-cü ilin iyunun 24-də Əbülfəz Elçibəyin qeyri-qanuni olaraq parlament tərəfindən istefaya göndərilməsi zamanı etdiyim çıxışda da demişdim ki, həqiqəti insanlar içində bilir. Həqiqət hamı üçün aydındır və kimin hansı yol tutduğu, kimin nə ilə nəfəs aldığı, kimin ekstremal vəziyyətlərdə özünü necə apardığı Azərbaycan cəmiyyətində hər kəsə məlumdur.

- Amma İsa Qəmbər Milli Şuranı birmənalı olaraq dəstəklədiyini deyir...

- Müsavat Partiyasının Milli Şurada iştirakla bağlı qərarı var. Partiyamız həmin qurumda kifayət qədər yüksək səviyyədə təmsil olunacaq. Mənim də Milli Şurada təmsil olunmağımın əsas şərti bu qurumun Müsavat Partiyasının və Azərbaycan demokratik qüvvələrinin ideoloji-siyasi xəttinə uyğun fəaliyyət göstərməsidir.

- Ola bilər ki, Müsavat Partiyası təmsil olunsun, siz yox?

- Təmsil olunmaq ehtimallarım təmsil olunmamaq ehtimallarımdan daha çoxdur. Bu məsələ ətrafında intensiv müzakirələr gedir. Hələ ayın 7-dək vaxt var. Ayın 7-də Milli Şuranın elan olunması planlaşdırılır. Həmin vaxtadək İsa Qəmbərlə və digər silahdaşlarımla məsləhətləşib son qərarımı qəbul edəcəm.

- Milli Şuranın yaradılması ərəfəsində Müsavat Partiyasının "Avroatlantik məkana inteqrasiya" müddəasını irəli sürməsi vacib idimi?

- Vacib idi. Bu, bizim üçün prinsipial məsələdir. Çünki bizim üçün İlham Əliyev hakimiyyətindən sonra Azərbaycanda nə cür hakimiyyətin olacağı vacibdir. Bəzi adamlar üçün bu əhəmiyyət kəsb etmir. Onlar düşünürlər ki, nə olur olsun Əliyevlər hakimiyyəti getsin, onlar hakimiyyətə gəlsinlər və hansı dövlət quruluşu onların hakimiyyətinin qorunması üçün səmərəli olacaqsa, bu dövlət quruluşunu yaratsınlar. Amma bizim ideoloji siyasi xəttimiz var, Azərbaycanı 1918-1920-ci və 1992-1993-cü illərdə mövcud olan demokratik bir dövlət kimi görmək istəyirik. Bu məsələlər bizim üçün prinsipial məsələlərdir. Biz Azərbaycanı öz müstəmləkəsinə çevirmək istəyən və ya ölkədə teokratik dövlət qurmaq istəyən qüvvələrlə bir yerdə ola bilmərik.

- Dediklərinizdən belə çıxır ki, Milli Şura hansısa ölkəyə daha çox meyillidir, Müsavat Partiyası da buna görə həmin məsələni ortaya atıb...

Yox, elə deyil. Xüsusilə də ona görə yox ki, mayın 28-də bu problem çözüldü və Milli Şuranın üzvü olan hər kəs belə bir maddənin əsasnaməyə daxil olmasına razılıq verdi. Amma həm əsasnamənin ilk layihəsində Rusiya qoşunlarının Azərbaycandan - Qafqazdan çıxarılması tələbinin öz əksini tapmaması, eyni zamanda Azərbaycanın Avroatlantik məkana daxil olunması müddəasının şübhə altına alınması təbii ki, narahatlıqlar yaradır. Mən öz açıqlamalarımda bu narahatlıqları ifadə etmişəm. Ona görə ki, Azərbaycan demokratik düşərgəsinin aparıcı nümayəndələrindən biri kimi ölkənin gələcəyi üçün xalq qarşısında məsuliyyət daşıyıram. Hər hansı problem mövcuddursa, Azərbaycan cəmiyyətinə xəbərdarlıq etməyi özümə borc bilirəm.

- Müsavat Partiyası həmin məsələni irəli sürərkən Eldar Namazov açıqlamasında partiyanızın adını çəkməsə də, demişdi ki, daha uzağa gedən məsələləri həll etməkdənsə, indiki məsələləri çözmək lazımdır...

- Eldar Namazovla yaxın münasibətlərim var. Hesab edirəm ki, müasir siyasəti dərk edən, xeyli təcrübəyə malik siyasi xadimlərdən biridir. Amma onun bu fikrilə razı deyiləm. Bu məsələ bizim üçün həlledici məsələdir. Şəxsən mənim üçün bu, qırmızı xətt məsələsidir. Yəni əgər ölkənin gələcəyinin Azərbaycanın mənafelərinə deyil, digər hər hansı bir dövlətin bu, istər Rusiya, istər Amerika, istər İran, istərsə də başqa dövlət olsun, mənafelərinə uyğun idarəetmək meyilləri varsa, biz o qüvvələrlə birlikdə ola bilmərik. Müsavat Partiyasının adının çəkilməsində bir qəbahət yoxdur. Açıq deyirəm, Milli Şuranın əsasnaməsinin layihəsini mən hazırlamışam. Sadə, aydın, qısa olan əsasnamədə bir sıra prinsiplər qeyd olunub. Burada Azərbaycanın xarici siyasətilə əlaqədar iki prinsip qeyd olunub. Biri Rusiya qoşunlarının Qafqazdan çıxarılması idi. Belə ki, orada göstərilirdi ki, Milli Şuranın üzvləri Rusiya qoşunlarının Qafqazdan çıxarılmasının tərəfdarıdır. İkinci bir müddəa isə Milli Şura üzvləri Azərbaycanın Avroatlantik məkana daxil olmasıdır. Birinci müddəa lazımsız yerə güclü Rusiyanı qıcıqlandırmamaq iddiası ilə layihədən çıxarıldı. Biz buna xüsusi müqavimət göstərmədik. Amma Azərbaycanın Avroatlantik məkana daxil olmasının şübhə altına alınması məsələsində isə prinsipial mövqe qoyduq. Çox yaxşı oldu ki, Milli Şuranın bütün üzvlərinin bu müddəanın qurumun fəaliyyətinin əsas prinsipləri çərçivəsində saxlanılmasına razılıq verdilər.

- Bəzi partiyaların Milli Şurada Müsavat və AXCP ilə bərabər sayda təmsil olunma iddialarına münasibətiniz necədir?

- Hesab edirəm ki, yalnız hansısa təmsilçilik məsələlərində deyil, həm də və xüsusilə fəaliyyət, mübarizə məsələlərində də bərabərlik iddiaları ortaya qoyulmalıdır. Azərbaycanda ciddi strukturlara malik olan iki təşkilat var. Bunlar Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyalarıdır. Əgər Milli Şura həm də seçkilərdə birgə iştirak etmək məqsədilə yaradılırsa, bu seçki prosesini aparacaq siyasi qüvvə, struktur lazımdır. Ölkədə 5 min seçki məntəqəsi, 125 seçki dairəsi var. Bu seçki məntəqələrinə, dairələrinə nümayəndələr verilməlidir. Ölkənin 60 seçki dairəsindən imzalar toplanmalıdır. Bu işləri görmək üçün ciddi resurslar lazımdı. Bizdə bu qüvvələr var. Keçirilən kütləvi aksiyalarda əsasən öndə olan qüvvələr Müsavat və AXCP-dəndir. Sadə bir şey götürək, həbsxanalarda olanların əksəriyyəti Müsavat, AXCP, NİDA Vətəndaş Hərəkatının gəncləridir. Yalnız təmsilçilikdə, siyasi resursların bölünməsində mübarizə aparmaq düzgün deyil. Təmsilçilikdə bərabər olub, amma mübarizə meydanında 0,1, 0,001-ə nisbətində olmaq təbii ki, müəyyən narahatlıq, gərginliklər yaradır. Lakin biz ölkənin mənafeləri naminə Azərbaycan cəmiyyətində olan bütün siyasi qüvvələrin bir araya gəlməsi ilə əlaqədar sosial sifarişi nəzərə alaraq çox ciddi kompromislərə getdik. Konkret olaraq bu kompromislər nəticəsində Milli Şuranın yaranması mümkün oldu. Biz qəbul etdiyimiz qərarların mahiyyətinin həm Azərbaycan cəmiyyətinə, həm də öz strukturlarımızda olan insanlara izah etməyə çalışırıq. Ədalətsiz də olsa, belə bir tərkibdə, formatda Milli Şuranın yaranmasının nəticə etibarı ilə hansı üstünlüklərinin olacağına öz tərəfdarlarımızı inandırmağa çalışırıq. Bu istiqamətdə öz mövqeyimizi ortalığa qoymuşuq. Fərdi tərkib, format məsələsi bizim üçün mühüm olsa da, həlledici məsələ deyil. Hesab edirəm ki, Azərbaycanın demokratik düşərgəsinin Milli Şurada təmsil olunan üzvləri bu qurumun məhz Rəsulzadə-Elçibəy yoluna uyğun olan istiqamətdə fəaliyyət göstərməsini təmin edə bilərlər.

-Yəni sonda həmin partiyalar da AXCP və Müsavat qədər təmsilçilik alacaq?

- Əslində, faktiki olaraq güzəştə getmişik. Tərkib təxminən məlumdur və xeyli dərəcədə güzəştlərə gedilib. Demək olar, kompromis əldə olunub.

Müsavatdan Milli Şurada kimlər təmsil olunacaq?

- Partiyanın rəhbərliyinə daxil olan şəxslərin əksəriyyəti, o cümlədən partiyanın üzvü olub ölkədə ictimai fəaliyyətlə məşğul olan bir çox şəxslər və gənclərin iştirakı planlaşdırılır.

- Bəlkə, adları açıqlayasız...

-Adlar yəqin ki, iyunun 7-də açıqlanacaq.

- Milli Şurada Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülərsə, dəstəkləyəcəksiz?

- Müsavat Partiyasının namizədi İsa Qəmbərdir. Onun namizədiyi partiyanın məclisi tərəfindən irəli sürülüb. Bu qərarı yalnız partiyanın məclisi dəyişdirə bilər. Hesab edirik ki, İsa Qəmbər Milli Şuranın vahid namizədi ola bilər. Ən uğurlu variant da budur. Amma bu o demək deyil ki, biz digər variantları müzakirə etməyə hazır deyilik. Məncə, bu müzakirələr davam etməlidir, amma vahid namizəd seçki ərəfəsində müəyyənləşməlidir. Çünki təxminən seçkilərə 1 ay qalmış vahid namizədin kim olması ilə bağlı aparılan müzakirələr də asan olacaq. Seçki ərəfəsində hansı namizədin daha şanslı olduğu, protest eletoratının hansı namizədə səs verməyə, hansı namizədin ətrafına toplaşmağa hazır olduğu daha aydın şəkildə  görünür. Bilirsiz ki, mövcud seçki qanunvericiliyinə görə, yalnız 3 həftə təbliğat kampaniyası aparmaq imkanı var. Əgər müxalifətin vahid namizədi olacaqsa, bu namizəd seçkilərə 3 həftədən daha çox müddət qalmış müəyyənləşdirilməlidir. Hesab edirəm ki, seçkilərə 4 həftə qalmış müddət uğurlu variantdı. Təxminən sentyabrın ortalarında vahid namizədin müəyyələşdirilməsi istiqamətində konkret qərarlar qəbul etmək mümkündür. 


-Siz özünüz Milli Şuranın perspektivinə inanırsınız?

- Hazırda ölkədə protest elektoratı əhalinin əksəriyyətini təşkil edir. Azərbaycan cəmiyyətinin əksəriyyəti həm obyektiv, həm də subyektiv səbəblərə görə dəyişikliklər istəyir. İnsanlar bu yalandan, korrupsiyadan beziblər. Bu dəyişikliyin olması uğrunda fədakar mübarizəyə də hazırdırlar. Buna görə də hər hansı bir siyasi dəyişiklik şəraitində ölkədə çox böyük mübarizə dalğası yarana bilər. Düşünürəm ki, seçki kampansiyası dövründə bu dalğa yaranacaq və biz ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün uyğun siyasi şəraitin yaradılmasına nail ola biləcəyik.

İlkin PİRƏLİ
Qaynar.info