
Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri öz meydanında Şimali İrlandiyanı qəbul edib. Seçmə mərhələdə 9-cu oyununa çıxan millimiz ilk qələbəsini qazanıb. Rüfət Dadaşov və Mahir Şükürovun qolları ilə doğma azarkeşlərini sevindirən yığmamız 4-cü ev oyununu 3 xalla başa vurub.
Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə edib. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran komandamız bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərib. Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da arxada qoyub. Qarşıda Rusiya ilə görüşü qalan millimiz göstəricisini daha da yaxşılaşdıra bilər.
Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırıb. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.
Qeyd edək ki, bu görüş Azərbaycan millisinin tarixinə yubiley – 200-cü matçı kimi düşəcək. 1992-ci ildən indiyədək 199 görüş keçirən millimiz qalib gələrək 200-cü oyununu qələbə ilə qeyd edib.
DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası
11 oktyabr
F qrupu
Azərbaycan – Şimali İrlandiya - 2:0
QOLLAR: Rüfət Dadaşov, 58; Mahir Şükürov, 90+3
Qaynar.info