Xəbər lenti

İdman 13:10 04.08.2023

Millimizin baş məşqçisi: "Əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Xəbər verdiyimiz kimi, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək. Dünən səfərə çıxan futzalçılarımız ilk oyununu avqustun 7-də Belarusa qarşı keçirəcək. Ümumiyyətlə, meydan sahibi ölkədən başqa, Özbəkistan, Qırğızıstan və Rusiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək komandamızın hazırlıq durumu ilə bağlı baş məşqçi İlqar Aslanov fikirlərini bölüşüb.
 
Qaynarinfonun məlumatına görə, mütəxəssis Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

"Komanda artıq Minskdədir. Əhval-ruhiyyə yaxşıdır. Turnirə normal hazırlaşmışıq. Təlim-məşq toplanışı keçirməsək də, gündəlik məşqlərlə bu boşluğu kompensasiya etməyə çalışdıq. Heyətimizin əksər üzvü mart ayında U-19-ların Avropa çempionatının əsas mərhələsində, eləcə də Yüksək Liqada iştirak edən futzalçılardır.

Rəqiblərə gəldikdə, əlbəttə, Rusiya və Belarus turnirin favoritləri hesab olunur. Ancaq Özbəkistan yığması da son illərdə inkişafdadır və demək olar, iddialılardandır. Qırğızıstanın oyunu haqda hələ ki məlumata sahib deyiləm, ancaq onlar bizdən sonra oynayacaqlar, ona görə də canlı izləyib, bilgi əldə edəcəm. Təbii ki, rəqiblərimiz fərqlənsələr də, biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq. Uşaqlara da başa salmışam ki, biz Azərbaycan üçün oynayırıq. Ona görə də sona qədər "vuruşmalıyıq”. Bu cür turnirlər həm də gənc futzalçıların təcrübə toplaması, beynəlxalq oyun praktikası qazanması baxımından vacibdir”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->