V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət yığma komandamızın məşqləri davam edir.
Qaynarinfo xəbər verir ki, "Sərhədçi” Olimpiya İdman Mərkəzi və "ABU Arena”da gündə iki dəfə olmaqla hazırlıq keçən komandaya 16 idmançı qatılıb.
Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
İyulun 22-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışına start verəcək. İyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalar ilə bir neçə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.
Artıq İslamiadadakı rəqiblər də məlumdur. Püşkatmanın nəticəsinə görə, "B” qrupunda yer alan komandamız Türkiyə və İran milliləri ilə yarışacaq.
Baş məşqçi Nasser Salimi komandanın hazırlığını belə qiymətləndirib: "Azərbaycan millisi sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də, texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək".
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək.