Xəbər lenti

Millimizin üzvü karyerasını bitirdi: “Qəti qərarımdır, artıq oynamayacağam”
İdman08:30 09.07.2022

Millimizin üzvü karyerasını bitirdi: “Qəti qərarımdır, artıq oynamayacağam”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal millimiz dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Polşa və Yunanıstanla mübarizə aparacaq. Startı sentyabrda veriləcək oyunlara hazırlığa hələ başlamasa da, yığmamızın bu qrupdan çıxacağına ümidlər böyükdür. Bəs, bu qrupdan nə gözləyək? Hər iki yığma millimiz üçün nə dərəcədə güclü və ya asan rəqibdir?
Bu suallara yığmanın üzvü Rizvan Fərzəliyevdən cavab aldıq. Təcrübəli futzalçı Qaynarinfo-ya müsahibəsində həm də şəxsi karyerası haqda danışdı.
- Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu. Poşa və Yunanıstanla qarşılaşacağıq. Hər iki rəqiblə tanışlığımız var. Son vaxtlar Yunanıstan millisi ilə oynamışıq. Polşanı da izləmişik. Onu da deyim ki, millimiz zəif rəqib deyil. İlk sırada yer aldığımız üçün zəif rəqib gözləyirdik. Bu da bizim üçün daha yaxşıdır. Hər iki rəqibi rahat keçmək olar. Son vaxtlar Polşa böyük üstünlük əldə edir. Ciddi rəqiblərdən saya bilərik. Bu komandaları keçsək, digər rəqiblər daha da çətinləşəcək. Ciddi hazırlaşmaq lazımdır. 
- Millimizin durumu hazırda hansı səviyyədədir?
- Uzun müddətdir ki, məşqlər keçirilmir. Yəqin ki, avqustun birindən məşqlərə başlayacaqlar. Hələ ki, klub səviyyəsində hazırlaşacaqlar. Təlim-məşq toplanışları da təşkil oluna bilər. Yarışa yaxın komanda tam hazır olar. Təlim-məşq toplanışlarında məlumatlar veriləcək. 
- Bildiyimə görə, bu sizin sonuncu çempionatınızdır, karyeranızı bitirirsiniz…
- Ciddi qərarımdır. Həm milli, həm də klub karyeramı bitirirəm. Rəhbərlikdən qərar gözləyirəm. Ya məşqçilik, ya da idman sahəsində hər hansı bir iş təklif edəcəklərsə, bu şəkildə çalışacağam. Qəti qərarımdır, karyeramı bitirmək üzrəyəm. Artıq oynamayacağam. Avropa çempionatından sonra fikrimi qətiləşdirdim.
- Oynamağa gücünüz qalmayıb deyə belə qərar verdiniz, yoxsa artıq həvəsiniz yoxdur?
- İstəsəm, davam etdirə bilərəm. Amma özüm istəmirəm. Güc baxımından heç də geri qalmamışam. Dəvət olunsam, oynaya bilərəm. Amma artıq qərarımı vermişəm. 
- Yəni gənclərə yol açmaq niyyətindəsiniz?
- Bu gün gənclər varsa. Hazırda bu baxımdan çətinlikdir. 
- Bəs belə bir çətin məqamda təcrübəli futzalçı kimi karyeranızı bitirmək qərarı millidə boşluqlar yaratmayacaq?
- Əvəzedilməz oyunçu yoxdur. Karyeramı bitirmişəmsə, inşallah, yerimi dolduran futzalçılar olar. Məşqçi də seçim edər. Sadəcə, karyeramı bitirməklə bağlı özüm qərar vermişəm. Heç bir təzyiq də olmayıb. 
- Hazırkı durumda yerinizi doldura biləcək kimlər var? Hansısa gənc futzalçıların adlarını çəkə bilərsiniz?
- Mövqeyim elədir ki, həm müdafiəyəmeyilliyəm, həm də hücuma qoşuluram. Sırf müdafiədə yerli futbolçulardan kimi dəvət edərlər, bilmirəm. Yəqin ki, əcnəbilərə üstünlük veriləcək. Yerimi dolduracaq yerli futzalçı tapılar. Seçimləri edərlər, xeyirlərini görərlər. Biz illərdir əziyyət çəkmişik. Başımız yuxarıdır. Nailiyyətlərimiz olub. Yığmaya nə köməklik lazım olsa, əlimdən gələni əsirgəməyəcəyəm. Oynamasam belə, kənardan gənclərimizə dəstək verməyə hazıram.
- İllərdir futzalçı yetişmir, hələ də bu problem davam edir. Azərbaycanda futzala niyə diqqət yoxdur?
-  Bu barədə çox müsahibələr vermişik. Uşaq futzal məktəbləri olmayana qədər, gənclərimizlə bağlı çətinliklər olacaq. Davamçılarımız əziyyət çəkir. U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında məşqləri davam etdirir. Sadəcə, özlərinin liqası olmadığına görə, gəlib birdən-birə yüksək dəstədə mübarizə aparırlar. Əsas millinin oyunçularına qarşı oynamaq çətinlik yaradır. Bunun üçün zaman lazımdır. Ən azı Tahir müəllimin rəhbərliyi altında məşq edən uşaqların futzaldan anlayışları var. Onlar irəliyə getməlidirlər ki, əsas milliyə düşsünlər. Ancaq klubların qıtlığı, gənc oyunçulara üz tutan komandaların olmaması buna maneə yaradır. Ona görə də uşaqların indiyəcən öyrəndikləri yaddan çıxacaq. Oynamadıqca qalacaqlar kənarda. Milliyə dəvət almayacaqlar. Halbuki 10 yaşından etibarən məktəblər açılmalıdır ki, uşaqlar 19 yaşına çatanda futzaldan anlayışları olsun. Bu gün yaralana bilmirik. 
- Rəhbərlikdən vida matçı keçirməklə bağlı jest gözləyirsən?
- Təklif edəcəm, yəqin ki, pis qarşılamazlar. Millinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. İnşallah, Bakıda baş tutacaq oyunların birində meydana 1-2 dəqiqəlik çıxıb sağollaşmaq qismət olar. Ev oyunun olanda azarkeşlər də gələcək, dəstək verəcək. Yəqin rəhbərlik etiraz etməz. Meydana çıxıb topa son toxunuşumu edərəm. Bu da mənim üçün böyük şərəf olar.
- Belə bir qərar vermək çətindirmi, necə hisslər keçirirsiniz?
- Hələ o hissləri yaşamamışam. Mövsüm bitib, hamı ilə birlikdə mən də tətilə çıxmışam. Peşəkar formada olmasa da, həvəskar şəkildə oynayıram. Dostlarla, futbol yoldaşları ilə "dır-dır” oynayırıq. Hələ ki, futboldan tam ayrılmamışam. Yeni mövsüm başlayanda peşəkar məşqləri görmədikcə, fərqləri daha çox anlayacam. Çalışacağam, ən azı formamı saxlayım. Karyeramı bitirəndən sonra istərdim ki, məşqçi kimi davam edim. Hazırda həvəskar çempionatlarda məşqçilik edirəm. Artıq bir çox çempionluqlar yaşamışıq. NFL-də, minifutbol çempionatında neçə illərdir dəfələrlə çempionluq yaşamışıq. Məşqçilik karyeramda ayrı-ayrı komandalarla 6-7 çempionluq yaşamışam. Qismət olar, peşəkar səviyyədə məşqçiliyimi davam etdirərəm.
- "Araz-Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Hersoqovina təmsilçisi "Mostar”la qarşılaşacaq. Şanslar necədir?
- "Araz-Naxçıvan” hazırda məşq etmir. Təbii ki, yeni futbolçular cəlb olunacaq. Baş məşqçi heyətdə dəyişikliklər edəcək. Bosniya və Hersoqovinada keçiriləcək çempionatda rəqibimiz meydan sahibi olacaq. Bu klubla Rumıniyada keçirilən qrup matçlarında bir dəfə qarşılaşmışıq və qalib gəlmişdik. Üstündən uzun müddət keçib. Hər komanda inkişaf edir. Yəqin ki, çətin rəqib olacaq. Ev sahibi inkişaf edib, yəqin bir qədər də güclənib və fərqli iştirak edəcək. Digər rəqiblər D və F qrupundan gələcək. Hansının bizim qrupa düşməsi öz aralarındakı oyunlardan asılı olacaq. İstənilən halda, rəqiblərin kimliyindən asılı olmayaraq "Araz-Naxçıvan”ın mərhələ adlayacağına inanıram. Çətin rəqiblərdir, öhdəsindən gələrik. 
Səbuhi Həsənov