Xəbər lenti

Milyarderlikdən prezidentliyə gələnlər siyasətdə uğur qazanırmı? - Ekspert fikri
Siyasət16:44 18.12.2016

Milyarderlikdən prezidentliyə gələnlər siyasətdə uğur qazanırmı? - Ekspert fikri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hikmət Hacızadə: “Demokratik ölkələrdə onların prezident olması çətin məsələdir, çünki...”
Elxan Şahinoğlu: “Bu, o demək deyil ki, biznesdə uğur qazanan şəxs siyasətdə də bunu təkrarlayacaq”
Hazırda dünyanın bir çox ölkə başçıları, liderləri milyardlarla dollar dəyərində sərvətə sahibdirlər. Onların əksəriyyəti bunu məhz prezident seçildikdən sonra əldə edib. Lakin bəzi prezidentlər var ki, onlar öncə milyarder iş adamı kimi tanınıb, sonradan siyasətə atılmaq qərarı veriblər. 
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp da belələrindəndir. Milyardlarla dollar sərvətə sahib olan Tramp indi bütün şirkətlərini övladlarına təhvil verərək açıq siyasət meydanına atılıb. Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko da o sıradandır. Lakin Poroşenko ölkəsini hələ ki böhrandan çıxara bilməyib. Bu xüsusda Trampın da siyasətdə nə qədər uğur qazanacağı mübahisəli məsələlərdən biridir. 
Politoloq Hikmət Hacızadə
Картинки
Ekspertlər siyasətdə uğur qazanan milyarder şəxslərin sayının çox məhdud olduğuna diqqət çəkir. Politoloq Hikmət Hacızadənin fikrincə, demokratik dövlətlərdə milyarderlərin xalq tərəfindən seçilməsi çox çətindir: “Belə prezidentlərin sayı çox azdır. Çünki demokratik ölkələrdə prezidenti xalq seçir, xalq da milyarderləri sevmir. Çox nadir hallarda onlar  hakimiyyətə gəlirlər. Bir neçə dəfə bu cür cəhdlər olub. Milyarder Rokfeller bir dəfə belə bir cəhd elədi, lakin nəticəsi olmadı. Demokratik ölkələrdə onların prezident seçilməsi çox çətindir. O baxımdan hazırda sadəcə, iki nəfərin adını çəkə bilərik. Onlardan digəri Ukrayna prezidenti Pyotr Poroşenkodur. Adətən seçicilər milyarderlərə şübhə və paxıllıqla yanaşırlar. Ona görə də həmin namizədlər səs toplaya bilmirlər. Əslində onların prezident olmağa ehtiyacı yoxdur. Çünki prezidentə təsir göstərmək üçün alətləri var. Onlar ölkəni “saman altından” idarə edirlər, siyasətçilərin seçki kompaniyasına pul buraxılar, əllərində mətbuat var, seçilmədən də siyasətə təsir edə bilirlər. Donald Tramp seçilsə də, onun haqqında şübhələr çoxdur ki, ölkəni necə idarə edəcək. Çünki siyasətçi kimi təcrübəsi yoxdur. Gah müsəlmanları təhqir edir, gah qadınları... Milyarderlərin açıq siyasətdə uğur qazanması çox çətindir. Xalq onlara səs vermir”. 
Elxan Şahinoğlu
Картинки
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Tramp və Poroşenko nümunəsi bu cür şəxslərin siyasətdə uğur qazanma şansının çox olmadığını təsdiq edir: “Milyarder iş adamının sonradan prezident seçilməsi halları elə də çox deyil. Donald Tramp bu mənada bir nümunədir ki, milyardlarla pul qazanıb, sonradan siyasətə baş vurmaq istəyib. Bundan öncə də hansısa hökumətlərdə milyarder iş adamlarına yüksə vəzifələrə cəlb edirdilər. Ancaq sırf baş nazir və prezidentlərin milyarder olması faktları çox azdır. İş adamları prezident və baş nazir olublar. Ancaq bu qədər kapitalı olan insanın prezident seçilməsi nadir hadisədir. 
Bu, o demək deyil ki, həmin şəxs biznesdə uğur qazanıbsa, mütləq həmin uğuru siyasi hakimiyyətin idarəedilməsində də təkrarlayacaq. Donald Trampdan gözləntilər çoxdur, həm ABŞ cəmiyyətinin, həm də Trampın qatı əleyhdarlarının, Avropanın və Yaxın Şərqin  gözləntiləri var. Barak Obamaya da prezidentliyinin ilk illərində böyük ümidlər bəslənirdi. Ancaq o heç də bütün ümidləri doğrulda bilmədi, ABŞ-ın xarici siyasəti və təhlükəsizlik sahəsində Obama elə də böyük uğur qazanmadı. Çox güman ki, Trampla bağlı gözləntilərin də əksər hissəsi özünü doğrultmayacaq. Və ya Tramp bir-biri ilə ziddiyyət daşıyan vədlərini yerinə yetirməyə çalışsa, müsəlmanları ölkəyə buraxmasa, Meksika ilə sərhəddə divar tiksə, o zaman çox böyük problemlər yaşaya bilər. O zaman impiçment məsələsi də gündəmə gələ bilər. Tramp hələ prezident postuna gəlməmiş ətrafında nə qədər qalmaqal var. Ən böyük qalmaqalı isə ABŞ özü yaratdı ki, guya Tramp rusiyalı hakerlərin hesabına prezident seçilib. Onlar Hillari Klintonun gizli yazışmalarını aşkar etməsəydilər, Klinton qələbə çala bilərdi. Ona görə də Trampın prezidentliyi müddətində çox ciddi mübahisələr ortaya çıxa bilər. Tramp bu günə qədər əl atdığı bütün sahələrdə, biznesdə, şou-biznesdə, kitab yazmaqda və sairdə uğurlu olub. Amma Amerika kimi dövləti idarə etmək tamam başqadır və biznesə bənzəməz”.
Politoloqun fikrincə, öz biznesini uğurla idarə edən Poroşenko da Ukrayna iqtisadiyyatında eyni uğuru təkrarlaya bilmədi: “Ukrayna prezidenti Pyotr Poroşenko da prezident seçilən zəngin iş adamlarından biridir. Onun kapitalı Tramp qədər olmasa da, 1 milyard dollara yaxındır. Trampdan fərqli olaraq Poroşenko uzun illər siyasi idarəetmədə təmsil olunub, sabiq prezident Viktor Yuşenkonun kabinetində xarici işlər naziri olub. Yəni biznesi atıb birbaşa siyasətə gəlməyib, 15 il hökumətdə işləyib, deputat olub. Bu müddət ərzində öz biznesini də idarə edib. Ancaq prezident seçildikdən sonra dünyanın hər bir yerində olduğu kimi şəxsi biznesini idarə etməkdən imtina edib. Tramp da prezident seçildikdən sonra elan etdi ki, biznesinin idarə etməsini övladlarına verəcək. Poroşenko da bunu etdi. Poroşenkonun biznesi ilə bağlı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Rusiya və Ukrayna düşmən mövqedədir. 
Ancaq Poroşenkonun Rusiya ərazisində zavodu var, Rusiya rəhbərliyi isə həmin şirniyyat fabrikinin fəaliyyətinə mane olmur. Hər iki prezidentin ortaq cəhəti odur ki, bu biznesi sıfırdan yaratmayıblar, ataları imkanlı olub və atalarından müəyyən kapital qalıb. Poroşenkonun siyasəti elə də uğurlu deyil, Ukrayna əhalisi getdikcə kasıblaşır, islahatlar lazım olan nəticəni vermir. Müəyyən uğurları da var, məsələn Ukraynanı Rusiyanın qaz asılılığından xilas etdi. Lakin hələ ki çox da ciddi uğurları  yoxdur. Korrupsiya ilə mübarizədə uğur qazana bilmir, ölkədə kriminogen vəziyyət ağırdır. Bu da onu göstərir ki, biznesdə uğur qazanıb milyarder olanlar dövlət başçısı kimi heç də hər zaman özlərini doğrulda bilmirlər”.
Qaynarinfo.Az