"Ukrayna savaşı” dünyanın siyasi görünüşünü dəyişdirməkdə davam edir. Qonşu ölkəyə hərbi müdaxilə edən və ən ağır silahlardan istifadə edən Rusiya təkləndikcə onun nəzarətində olan münaqişələr də çözülməyə başlayır. Bu baxımdan, Qarabağ danışıqlarında 30 ilə yaxın vasitəçilik etmiş ATƏT-in Minsk qrupu da tarixə qovuşur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, ABŞ və Fransa ATƏT-in Minsk qrupunda iştirakdan imtina ediblər. Rusiyanın baş diplomatının sözlərinə görə, Fransa və ABŞ qrupda iştirakdan imtina edərək, bu formatda Moskva ilə ünsiyyət saxlamayacaqlarını vurğulayıblar.
Əslində, Rusiya MDB məkanında mövcud olan bütün konfliktləri öz nəzarətində saxlamaq istəyirdi və Minsk qrupu kimi formatlar Kremlin monopoliyasına qarşı düşünülmüş layihələr idi. Yəni münaqişənin həlli zamanı yalnız Rusiyanın deyil, eyni zamanda digər vasitəçi ölkələrin də maraqları nəzərə alınmalı idi. Lakin 30 illik fəaliyyəti ərzində ATƏT-in Minsk qrupu heç bir uğura imza ata bilmədi, əksinə, 3 vasitəçi ölkənin bir-biri ilə çəkişmələri Qarabağın işğalını daha da uzatmış oldu. Digər tərəfdən, həmsədrlər istəsələr belə, ciddi nailiyyətə imza ata bilməzdilər. Ən azı ona görə ki, Minsk qrupu rəsmi cəzalandırma funksiyasına malik deyildi, tərəfləri hansısa qərarın icrasına məcbur edə bilməzdi, belə bir mexanizm yox idi. Bu, "ölü doğulmuş” təşkilat idi və yeganə məqsədi Rusiyanın nizamlanma prosesinə kobud müdaxiləsini tənzimləməkdən ibarətdi ki, buna da tam nail ola bilmirdi.
Müşahidəçiləri indi bir sual düşündürür - Minsk qrupu olmadan Bakı və İrəvan arasında danışıqlar hansı formatda davam edəcək? BMT-nin məlum 4 qətnaməsini Azərbaycan öz gücü hesabına yerinə yetirib, Qarabağın statusu müzakirə predmeti deyil, Rusiya Ukraynada aldığı yaraları sağaltmaqla məşğuldur. Avropa İttifaqı isə yalnız görüşlər təşkil edə bilər, münaqişə ilə bağlı hansısa qərarlar qəbul edə bilməz.
Siyasi araşdırmaçılara görə, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin tanınması, nəqliyyat və digər xətlərin açılması, Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan insanların gələcək taleyi, onların seçkili orqanlarda iştirakı, sərbəst təhsil və digər hüquqların qorunması istiqamətində birbaşa təmaslara başlaya bilərlər. Bakı Qarabağda yaşayan, Azərbaycana qarşı açıq cinayətlərdə iştirak etməyən şəxslərin təhlükəsizliyinə zəmanət verdiyini dəfələrlə vurğulayıb.
Separatçı rejimin və onların himayədarlarının iflası yerli seçkilər keçirtməyə, Azərbaycan vətəndaşı olan ermənilərə bələdiyyə seçkilərində namizədliyini irəli sürməyə (məsələn, Xankəndi ərazisində) imkan yaradır.
Siyasət şöbəsi