XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Ölkə14:21 11.08.2026

MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlər vakant yerlərin müsabiqədən əvvəl açıqlanmamasından narazıdırlar. Onlar hesab edirlər ki, hansı rayon və fənlər üzrə nə qədər vakansiyanın olduğu əvvəlcədən məlum olsa, namizədlər həm imtahana hazırlıq prosesini, həm də vaxt və maliyyə resurslarını daha düzgün planlaşdıra bilərlər.

Bəs vakant yerlərin müsabiqədən əvvəl açıqlanması nə dərəcədə vacibdir? Namizədlərin bu tələbi əsaslıdırmı və mövcud sistemdə hansı dəyişikliklərə ehtiyac var?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vakant yerlərin əvvəlcədən elan olunması yalnız inzibati məsələ deyil, həm də təhsil idarəçiliyinin əsas prinsiplərindən biridir:

“Son dövrlərdə MİQ imtahanlarında iştirak edən namizədlərin vakant yerlərin imtahandan əvvəl açıqlanmaması ilə bağlı narazılıqlarını müşahidə edirik. Düşünürəm ki, bu, sadəcə inzibati şikayət deyil, həm də təhsil menecmentinin fundamental prinsiplərinə birbaşa toxunan ciddi problemdir.

Namizədlərin vakant yerləri əvvəlcədən bilməsi onlara resurslarını buna uyğun idarə etmək imkanı verərdi. Zaman və maliyyə resurslarının itirilməməsi ilə bağlı iradları da tamamilə doğru hesab edirəm. Mövcud yanaşma insan kapitalının səmərəsiz istifadəsinə, həmçinin namizədlərdə peşəkar depresiyaya və dövlət-vətəndaş münasibətlərində etimadın zədələnməsinə yol aça bilər.

Açığı deyim ki, bu istiqamətdə mənim özümə də müraciətlər olur, insanların haqlı narazılıqlarını ifadə etdiklərini görürəm.

Təhsil idarəçiliyi və strategiyası baxımından müəllim tələb-təklif zəncirinin idarə edilməsi tam şəffaflıq və proqnozlaşdırıla bilənlik prinsipinə əsaslanmalıdır. Avropa təhsil məkanları standartları tələb edir ki, dövlət qulluğu və müəllimlərin işə qəbulu kimi kütləvi müsabiqələrdə namizədlərin hərtərəfli məlumatlandırılması və strateji planlaşdırma həlledici rol oynasın”.

İlqar Orucov qeyd edib ki, prosesin şəffaflığı ilə bağlı hər hansı bir şübhə ola bilməz. MİQ imtahanının keçirilməsində şəffaflıq baxımından son illərdə ciddi irəliləyişlər əldə olunub

“Müəllimlərin işə qəbulu imtahanının şəffaflığı ilə bağlı ümumilikdə ciddi iradım yoxdur. Son illərdə bu istiqamətdə kifayət qədər yaxşı addımlar atılıb. Amma prosesi zaman-zaman idarə etmək, çevik dəyişikliklər həyata keçirmək və müəllim olmaq istəyən şəxslər üçün qaydalara yenidən baxmaq lazımdır”.

Həmsöhbətimiz müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanların modeli üçün bir neçə prinsipin önəmli olduğunu düşünür:

“Elm və Təhsil Nazirliyi və aidiyyəti regional idarələr cari tədris ilinin sonuna, məsələn, may-iyun aylarına qədər təqaüdə gedəcək, iş yerini dəyişəcək və ya yeni açılacaq siniflərlə bağlı vakansiyaların dinamikasını müasir riyazi modellərlə hesablaya bilərlər. Bu rəqəmlər imtahan qeydiyyatı başlamazdan əvvəl regionlar və fənlər üzrə minimum kvota şəklində elan edilməlidir”.

İ.Orucovun sözlərinə görə, namizədlərin aylarla hazırlaşması və bunun üçün maliyyə vəsaiti xərcləməsi də nəzərə alınmalıdır:

“Əgər müəyyən fənn üzrə konkret regionda, tutaq ki, bir vakant yer varsa və müsabiqəyə bundan dəfələrlə çox namizəd cəlb edilirsə, bu, ciddi resurs israfıdır. Dövlət vətəndaşın bu itkisini minimuma endirmək üçün imkanlar yaratmalıdır.

Namizəd bilsə ki, hədəflədiyi regionda cəmi bir vakant yer var, bəlkə də həmin şəxs vaxtını və vəsaitini bu müsabiqəyə sərf etməyəcək. Başa düşürəm ki, daha çox iddiaçı arasından seçim etmək keyfiyyətli namizədin müəyyənləşdirilməsinə imkan verə bilər. Amma burada insan amili və vaxt itkisi də nəzərə alınmalıdır”.

Ekspert hesab edir ki, müsabiqə təşkilatçısının əlində olan məlumatın namizədlərdən gizli saxlanılması rəqabət mühitində müəyyən bərabərsizlik yarada bilər:

“Vakansiyalarla bağlı məlumatların gizlədilməsi və ya sonraya saxlanılması rəqabət mühitində fərdi bərabərsizlik yarada bilər. Mən MİQ imtahanında özüm də zaman-zaman iştirak etmişəm və prosesi monitorinq etmişəm. Şəffaflığa söz ola bilməz. Amma məlumatların öncədən paylaşılmaması həmin şəffaflığa müəyyən kölgə sala bilər. Bu məlumatları əvvəlcədən açıqlamaq o qədər də böyük və çətin məsələ deyil”.

İ.Orucov vurğulayıb ki, vakant yerlərin ilkin və minimum sayı mütləq imtahandan əvvəl açıqlanmalıdır:

“Düşünürəm ki, vakant yerlər müsabiqədən mütləq əvvəl açıqlanmalıdır. İlkin və minimum vakant yerlərin sayı imtahandan əvvəl bəlli olmalıdır. Namizəd öz fənni üzrə, məsələn, beş vakant yer olduğunu bilsə, həmin il vaxtını başqa peşəkar fəaliyyətə və ya magistratura təhsilinə yönəldə bilər. Bu, fərdin öz karyerasını idarə etmək azadlığıdır.

İnsan psixologiyası qeyri-müəyyənliyə qarşı həssasdır. Qarşısında real vakansiya sayını görən namizəd daha hədəfli və yüksək motivasiya ilə hazırlaşır”.

Ekspert vakant yerlərin avqust ayında dəyişməsi ilə bağlı arqumentin də artıq əvvəlki qədər əsaslı olmadığını düşünür:

“Vakansiyaların avqust ayında dəyişdirilməsi ilə bağlı arqument müasir rəqəmsal idarəetmə dövründə ciddi əsas sayıla bilməz. Elektron sistemlər vasitəsilə vakant yerlərin 90 faizini may ayında müəyyən etmək mümkündür. Sonradan yaranan 10 faizlik dinamik vakansiyalar isə ikinci tur və ya əlavə yerləşdirmə mexanizmi ilə həll edilə bilər”.

İlqar Orucov növbəti illərdə MİQ sistemi ilə bağlı bir sıra dəyişikliklərin edilməsini təklif edib:

“İlk növbədə ilkin vakansiya xəritəsi yaradılmalıdır. İmtahan qeydiyyatı elan olunduqda regional idarələr üzrə minimum vakant yerlərin sayı ictimaiyyətə mütləq şəkildə təqdim edilməlidir.

Həmçinin vakansiyası olmayan və ya kritik dərəcədə az olan fənlər üzrə imtahan məhdudiyyətləri tətbiq edilə bilər. Namizədlər əvvəlcədən xəbərdar edilməli və bu halda onların əlavə xərclərinin qarşısı alınmalıdır.

Əgər bu il vakansiya yoxdursa, yüksək bal toplayan namizədin nəticəsi iki-üç il qüvvədə qala bilər. Dünyada bunun nümunələri var. Hesab edirəm ki, imtahan balının ən azı iki il qüvvədə qalması təmin edilməlidir. Belə olduqda növbəti illərdə vakansiya yarandıqda namizəd yenidən imtahan stresi və xərc çəkmədən müsabiqədə iştirak edə bilər”.

O, sonda bildirib ki, müəllimlərin işə qəbulu sistemi insan yönümlü qurulmalıdır:

“Təhsil idarəçiliyi insan yönlü olmalıdır. Müəllim namizədlərini qeyri-müəyyənlik mühitində saxlamaq təhsil sisteminin keyfiyyətinə və gələcək müəllimlərin dövlət təhsil siyasətinə inamına mənfi təsir göstərir. Şəffaf və əvvəlcədən elan olunan vakansiya sistemi MİQ kimi mühüm islahatın nüfuzunu daha da artıra bilər. Bu dəyişikliklər vaxtında həyata keçirilsə, mövcud narazılıqların da əhəmiyyətli hissəsi aradan qalxar”.

Günay İlqarqızı