
"Rüstəm İbrahimbəyov özünü və dostlarını nəzərdə tutub"
"Elçibəyin Azərbaycanda vətəndaş müharibəsi ilə bağlı dedikləri özünü doğrultmadı"
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Qaynar.info-ya müsahibəsi:
- Mirmahmud bəy, aprelin 5-də Hacıbaba Əzimovun təşəbbüsü ilə müxalifət partiyalarının görüşü keçirildi. Necə düşünürsüz, bu təşəbbüslər sonda hansısa birliyin yaradılmasına gətirib çıxara biləcəkmi?
-Bu, arzuolunandır və proses bir az sürətlənəcək. Ancaq bunun bizim arzularımıza nə dərəcədə uyğun olmasını zaman göstərəcək. Görünən budur ki, indiki zamanda, vaxt daraldıqca, gün keçdikcə hər kəs bu istiqamətdə təşəbbüs göstərəcək və bunun alınmasına calışacaq. Ola bilər ki, bəziləri hansısa birliyin əleyhinə olsunlar. Bu da təbiidir. Amma bu təşəbbüslərin istənilən nəticəni verməsi haqqında indidən danışmaq hələ tezdir. Deyək ki, bu hələ başlanğıcdır, dünən də alına bilərdi, alınmadı. Növbəti görüş aprelin 12-də keçiriləcək. Nə olacaqsa, orada olacaq.
- Əksər müxalifət partiyalarının rəhbərləri çıxışlarında birləşməyin tərəfdarı olduqlarını deyirlər. Buna baxmayaraq partiyalar arasında tez-tez qarşılıqlı ittihamlar səslənir. Belə bir situasiyada birlik anlayışı, bəlkə də, bir az mücərrəd görünür...
- Burada hansı məsələdə, hansı məqamda birləşmək mümkündürsə, o zaman birləşmək lazımdır. Bizim əsas istəyimiz budur. Birləşmək bütün hallarda demokratik mühit, seçki məcəlləsinin təkmilləşdirilməsi, komissiyaların tərkibinin dəyişdirilməsi üçün mübarizəni asanlaşdırar. Çünki bu məsələlərdə hamının fikri ortaqdır. Siz partiyalar arasında yaşanan qarşılıqlı ittihamları qınayırsız, haqlısınız. Qarşılıqlı ittihamlar olmamalıdır. Ancaq demokratik cəmiyyət qurmaq ideyasından və sağlam rəqabətdən söhbət gedirsə, bu ittihamlar həm də olmalıdır. Demokratiya uğrunda mübarizədə tolerantlıq, dözümlülük nümayiş etdirmək lazımdır. Bunlar olmazsa, hakimiyyətlə bizim fərqimiz olmayacaq. Necə olar bilər ki, hakimiyyəti qanunsuzluqda, qeyri-legitimlikdə ittiham edirik, amma özümüz buna bənzər addımlar atırıq. Bu, yolverilməzdir. Qarşılıqlı ittihamlar, tənqid yoxdursa, belə halların olması təbiidir.
- AXCP və Müsavat İctimai Palatanı müxalifətin birliyi üçün ən real və optimal variant hesab edir. Bu palatanın həm də Milli Məclisi tanımayan namizədlər tərəfindən yaradıldığını nəzərə alsaq, bir vaxtlar Siz də mandatdan imtina etmişdiniz. Bu günün özündə də parlamenti tanımadığınızı deyirsiniz. O zaman İP-də təmsil olunmağınıza nə mane oldu?
- Bu, bir az ötən zamanın söhbətidir. Bugünki məqamda bu mövzuya qayıtmaq doğru deyil. Ona görə ki, bayaq dediyiniz qarşılıqlı ittihamlar başlayacaq. Mən də bu mövzuya qayıtmaqdan vaz keçirəm. Məsələ onda deyil ki, onlar parlamenti tanımırlar. Parlamenti kim tanıyır ki? Amma həm də hamı tanıyır. Çünki parlament işləyir, qanunlar qəbul edir və həmin qanunları biz həyatımıza tətbiq edirik. Pisdir, ədalətsizdir, bunlar ayrı məsələlərdir. Axı onların qəbul etdiyi qanunlarla işləyirik, yəni həm tanıyırıq, həm də tanımırıq. İctimai Palatada olmamağımızın başqa səbəbləri var və bu gün bu mövzu artıq cəmiyyət üçün də maraqlı deyil.
- İsa Qəmbər bir müddət öncə gənclərlə görüşündə Azərbaycandakı siyasi partiyaların bəzilərinin İrana, bəzilərinin Rusiyaya, bəzilərinin də hakimiyyətə işlədiyi ittihamı ilə çıxış etdi. Sizcə, bu ağır ittiham kimlərə yönəlmişdi?
- Azərbaycanda, dünyada yeni söz demək çox çətindi. Yeni söz o zaman deyilir ki, kəşfə gəlib çıxır. Və bəzən də görürsən ki, hadisə var və hadisənin adını deyirsən, yəni sadəcə sözlərdən təkrar istifadə edərək. Əgər siyasətdə yeni söz yoxdursa, demək, yeni fikir də yoxdur. Olsaydı, təbii ki, bu 20 ildə Azərbaycan dəyişərdi. Ona görə də bu, yenilik deyil. Biz də bunu zaman-zaman demişik və hər kəs də bunu bilir. Bu iddianın indi səsləndirilməsinin yerində olub-olmamasını deyə bilmərəm. Mənə elə gəlir ki, təsnifat axıra qədər deyilməyib. Həmçinin deyim ki, diplomatik korpusların da dəstəklədiyi partiyalar var. Amma onu bilirəm ki, türkün, Azərbaycan xalqının mənafeyinə xidmət edən partiyalar barmaqla sayılası qədərdir.
- Demək istəyirsiniz ki, İsa Qəmbər haqlıdır?
- Mən nə haqq qazandırıram, nə də əleyhinəyəm. Deyirəm ki, təsnifat tam deyilməyib.
- Partiyanız seçkilərə necə hazırlaşır?
- Prezident seçkiləri ilə bağlı ilk qərarı biz verməsək də, sırada ikinci olmuşuq. Bu ilin yanvarın 26-da Ali Məclisin sessiyasında partiyanın prezident seçkilərində iştirak etməsi ilə bağlı qərar qəbul edib. Seçkilərlə bağlı müəyyən hazırlıq işləri gedir, partiyamızın seçki qərargahı fəaliyyət göstərir, rayon-şəhər şöbələrində seçki qərargahları formalaşır, təkmilləşir, imza toplama kampaniyasında iştirak edəcək insanlar artıq müəyyənləşib. Təbii ki, işlər qanuna müvafiq olaraq aparılır.
- Niyə məhz Sizin, partiya sədrlərinin namizədliyi irəli sürülür? Bu qədər partiyaların içində gənc, potensiallı kadr yoxdur ki, onun namizədliyi irəli sürülsün?
- Nəzəri cəhətdən yaxşı təklifdir, amma bir şeyi nəzərə almaq lazımdır ki, seçki həm kampaniyadır, siyasətdir, həm də qısa müddətdə çox əmək sərf etmək deməkdir. Burada işi asanlaşdıran amillərdən biri namizədin tanınmasıdır. Sədrlərin namizədiliyinin irəli sürülməsi cəmiyyətdə yaxşı tanınması ilə bağlıdır. Başqa bir məqam ondan ibarətdir ki, partiyanın sədri namizəd olmayacaqsa və partiya seçkilərə iştirak edəcəksə, namizədi yeni olacaqsa, partiya onun təbliğatına başlamalıdır. Bu, dünya praktikasında da özünü göstərir və bir az ağır məsələdir. Ona görə ağırdır ki, tanınmış adamın namizədliyi ilə bağlı bir iş görülürsə, yeni adamın namizədliyi üçün partiya 10 dəfə artıq iş görməlidir. Hər dəfə izahını verməlidirlər ki, niyə görə partiyanın birinci şəxsi deyil, yeni şəxsin namizədliyi irəli sürülüb. Məntiqlə yanaşanda deyərlər ki, əgər belədirsə, niyə qurultay çağırıb həmin gənci özünüzə sədr seçmədiniz? Buna görə də bu iş əlavə enerji tələb edir. Amma təbii ki, partiyalarda belə prespektivli gənclər çoxdur. Belə olan halda həmin insanların qurultayda sədrliyi irəli sürülməli, partiyanın birinci şəxsi seçilməlidir.
- Fikirlər səslənir ki, Azərbaycandakı müxalifət partiyalarının fərqli ideoloji xətləri yoxdur və partiyalar ideologiyadan deyil, şəxslərdən asılıdır. Belə bir situasiya yarana bilər ki, tutaq ki, sədr istefaya gedir və yaxud...
- Dünyasını dəyişir…
- Belə deyək. Onda partiyaların dağılma ehtimalı yaranar. Yəni hazırki sədrləri onları əvəzləyə biləcək şəxslər yetişdirə bilibmi?
- Bu məsələdə poblem yoxdur. Amma ideologiya məsələsinə gəlincə, deyirlər ki, partiyada ideologiyaya ehtiyac yoxdur və ya filan siyasi partiyanın idelogiyası yoxdur. Deməli, bu siyasi partiya deyil, artıq. Nəsə başqa bir şeydir. İdeologiyasız təşkilat olmaz. Sovet dövründə ideologiyasızlaşdırma prinsipi mövcud idi. Məsələn, bəziləri deyirlər ki, biz ideologiya ətrafında deyil, ideya ətrafında birləşirik. Bunlar söz oyunundan başqa bir şey deyil. Tutaq ki, biz KXCP olaraq heç kəsin yaşamadığı çətinlikləri yaşamışıq. Əvvəla liderimizi itirmişik. Buna baxmayaraq, onun qoyduğu ideologiyanı, məktəbi saxlaya bilmişik. Təşkilatımızın məhv olmasını istəyənlərə imkan verməmişik ki, arzularına çatsınlar. Bu gün də mövcudluğumuzu saxlayırıq. İstənilən partiyada yeni sədr seçimi problem yoxdur, təbii ki, ideologiyaya söykənən siyasi təşkilatdırsa. Yox, əgər bu ideologiyaya söykənən təşkilat deyil və hansısa şəxsə bağlıdırsa, o zaman məsələ qəliz olur.
- Siz Elçibəyin gətirdiyi ideologiya əsasında fəaliyyət göstərdiyinizi qəsd edirsiniz. Amma görünən odur ki, müasir cəmiyyətdə ideologiyalar keçərli deyil. Bu, xüsusən də Azərbaycanda özünü doğrultmur..
- Bizim tapındığımız ideologiyanı Əbülfəz Elçibəydən də qabaq təklif ediblər. Bu rəmzlər bayrağımızda da var. Bəy bunu dəfələrlə özü də deyib. Bəyin xidməti bu olub ki, hamı ilə birlikdə, amma hamıdan birinci Azərbaycan Xalq Cumhuriyyətinin bərpa olunmasında iştirak edib. Yeni ideologiya yaratmağa ehtiyac yoxdur. Azərbaycan dövləti də məhz bizim dediyimiz ideologiya əsasında qurulub. Rəsulzadə də cumhuriyyəti bu ideologiya üzərində qurdu. Bu ideologiyanın adına müsavatçılıq da demişik. Müsavatçılıq o mənada ki, kimliyimizi də, müasirliyimizi də, dünyəviliyimizi də, mənəvi dəyərlərimizi də bərabər şəkildə, yəni müsavat olaraq qəbul etmişik. Bəy o vaxtlar böyük Azərbaycan məsələsini gündəmə gətirdi. Onun da adını millətləşmə, dövlətləşmə və bütövləşmə qoydu. Heydər Əliyevin iddia etdiyi azərbaycançılıq ideologiya deyil. Onun dönəmində hətta millətin Konstitusiyada öz əksini tapan adı dəyişdirildi. Onun dövlətçilik təcrübəsi birbaşa Moskvaya xidmət etmək demək idi. Xüsusilə 1990-cı ilə qədər siyasətlə məşğul olanlar Güneydə Tehrana, Quzeydə Moskvaya xidmət ediblər. Yəni “parçala hökmranlıq et” siyasəti yürüdüblər. Amma gəlin tarixə nəzər salaq. Hətta repressiyalara başçılıq etmiş Mircəfər Bağırovun kimliyində adı “türk” olaraq qeyd edilmişdi. Biz bu adı 1992-ci ildə bərpa etmişdik. Dünyada Azərbaycan dili adında dil yoxdur. Azərbaycan ərazinin adıdır, coğrafi məkandır. Özbəkistan, Türkmənistan dili adında dil yoxdur. Bunu bilərəkdən həyata keçiriblər. Hakimiyyətin məntiqindən belə çıxır ki, bizim tarixçilər yalan danışıblar. Həmin tarixçilər Azərbaycan ərazisində min illər boyu dövlətçilik tariximizi araşdırıblar. Bunlar deyirlər ki, həmin tarixçilər yalan deyirlər. İndiki hakimiyyət deyir ki, Azərbaycanın quruculuğu 1993-cü ildən başlayır. Bir sözlə, müstəqillikdən deyil, dövlət quruculuğundan danışırlar.
- 20 ildir siyasətdəsiniz. Amma müxalifətin bir araya gəlməsində rolunuz hiss olunmur. İstiqlalçı deputat, el dili ilə desək, ağsaqqal siyasətçi kimi sizdən də bu addımı gözləyənlər var. Doğrudan da, əgər Azərbaycanda tanınmış siyasətçilərin birliklə bağlı təklifləri qəbul olunmursa, bu müxalifətin faciəsi deyilmi?
- Mən YAP və YAP-ı dəstəkləyənlər istisna olmaqla, Azərbaycandakı bütün partiyaların rəhbərləri ilə heç bir problem olmadan, çox asan şəkildə görüşə bilən adamam. Bu istiqamətdə, yəni birliyin formalaşması və eyni nöqtəyə vurmaq üçün illərlə əlimdən gələni etməyə çalışdım. Bu sahədə şanslar hələ də itirilməyib. Ancaq haqlısınız ki, bu gün bir arada olmamağımız həm də bir-birimizin sözünü eşitmədiyimizin göstəricisidir. Azərbaycanda elə bir mühit yaradılıb ki, ailədə böyüklərinin sözlərini eşitməyənlər var.
-“El” Hərəkatı və Ziyalılar Forumu ilə əməkdaşlığınız hansı səviyyədədir?
- Onların fəaliyyətini izləyirik. Ziyalılar Forumuna böyük ümidlərimiz var idi. O da tam itirilməyib. Ziyalılar Forumundan ayırılanlar “El” hərəkatını yaratdılar. Dediyim kimi, hələ fəaliyyətlərini izləyirik.
- Çıxışlarınızdan hiss olunur ki, ölkədə daha çox narazı təbəqə ilə işləməkdə maraqlısınız. Bəs narazı olmayan insanları seçkyə necə cəlb edəcəksiniz? Yoxsa, buna ehtiyac duymursunuz?
- Nəzərdə tutduğumuz platformamızda da bu var. Biz Azərbaycanı, onun insanını azad görmək istəyirik. Hesab edirəm ki, ölkədə sahibkarlığı inkişaf etdirmək lazımdır. Sahibkarlar zümrəsi çox böyük zümrədir. Azərbaycanda orta təbəqə tamamilə sıradan çıxarılıb. Bunun inkişaf etməsi vacibdir ki, digər sahələr də inkişaf etsin. Çalışacağıq ki, pulu olan pulunu Azərbaycana yatırsın, başqa ölkələrə qaçmasınlar. Bunlarla bağlı bizim xüsusi fikirlərimiz var. Təbii ki, vaxtı gələndə deyəcəyik. Nəinki onlardan, bizim hətta Azərbaycanın yürütdüyü daxili siyasətdən əziyyət çəkən dövlət məmurların vəziyyətini yaxşılaşdırmaq üçün hazırladığımız təkliflər var. Həmin insanların maaşları bir cürdür, zərfləri başqa cür. Onlar ideyalarını həyata keçirə bilmirlər. Ona görə də təbii ki, bizim təkliflərimizi dəyərləndirəcəklər.
- Tutaq ki, prezident seçildiniz, işləyə bilərsiniz?
- Mümkündür ki, biz komandamızla Azərbaycanı indikindən qat-qat yaxşı idarə edək. Bizim idarəçiliyimiz indiki hakimiyyətlə deyil, Azərbaycan Xalq Cumhuriyyəti, Elçibəyin bir ildə yaratdığı Milli Hökumətlə müqayisə olunmalıdır.
- Son günlər ölkədə gənc fəalların həbsi gündəmə gəlib. Bəziləri iddia edir ki, hakimiyyət öz qürubunu yaşayır. Siz də mi bu cür düşünürsünüz?
-Yox, bütün bunlar hakimiyyətin narahatlığından irəli gəlir. Bu, qürub deyil, sadəcə, böyük narahatlıqdır. Artıq gənclər belə bunların sirrlərini bilirlər. Gənclik bütün bunları bildiyinə görə narahatlığın nəticəsi olaraq 2008-ci il prezident seçkilərindən dərhal sonra referendum keçirildi və Konstitusiyanın 105.1 maddəsi aradan qaldırıldı. Qanundan “prezident iki dəfədən artıq seçilə bilməz” ifadələri çıxarıldı. Bu, artıq narahatlıqdır. İqtidar dirəniş göstərib, seçkilərdə iştirak edir. Bu həbslər, Azərbaycan xalqının haqlı narazılığı hakimiyyətin qürubu yox, məmurların qudurğanlığıdır.
- Bir vaxtlar deyirdiz ki, biz seçki keçirə bilmədik, Allah keçirsin...
- Bu çoxdan olub.
- Hələ də xalqı Allahın ümidinə buraxmısınız?
- İstənilən situasiyada deyilənləri konteksdən çıxarmaq olmaz. Xalqımız zamanında seçimində dürüst olub, sadəcə aldadılıb. İctimai qınaq olmadığı üçün az qala yalan qanun halına salınıb. Ümumiyyətlə, insan yalan danışmaz. Dövləti təmsil edən insan yalan danışmamalıdır. Yalan danışmaq istəyirlərsə, istefa versinlər, sonra nə qədər istəyirlər yalan danışsınlar. Diplomatiya və yalançılıq başqa-başqa şeylərdir. Bunlar hiyləgəriklə siyasəti bərabərləşdirirlər.
- Son zamanlar Rusiyanın və digər kənar qüvvələrin Azərbaycana təzyiqləri müşahidə olunur. Nəzərə alsaq ki, biz Sovet imperiyasından qoparaq müstəqillik qazanmışıq, bu üzdən də Rusiyanın burada ciddi maraqları var. Əgər xarici qüvvələrin ölkəyə müdaxiləsi və təzyiqləri davamlı olarsa, hansı mövqedə duracaqsınız?
- Biz heç yerdən qopmamışıq. Azərbaycan müstəqillliyini qazanıb. Azərbaycandakı qanların, şəhidlərin hesabına Sovet imperiyası dağılıb. Biz dövlətçiliyimizi bərpa etmişik. Bu yolda çox böyük itkilər vermişik, torpaqlarımızı itirimişik. Bu gün Azərbaycan dövləti var, bu dövlət yaşayır, bunun qonşuları da yaşayır. Dövlətçiliklə bağlı təhdidlər hər zaman olub. Bir neçə gün öncə Rusiyanın Azərbaycandakı böyük elçisi Heydər Əliyevlə bağlı görüşlərindən danışandan sonra cəbhəçilərdən danışıdı. Bu təhdidlərin kökünü yenə də Xalq Cəbhəsinə bağlamaq istəyirlər. Bu da tarixi təhrif etmək deməkdir. Azərbaycanda bizim bərpa etdiyimiz dövlətçiliyimizlə bağlı hər hansı təhlükə olarsa, biz yenə də öndə olacağıq.
- Siyasi hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq…
- Burada kiminsə hakimiyyətindən yox, dövlətin bütövlüyündən söhbət gedir. Bu dövləti qorumağa borcluyuq. Başa düşməyənləri də başa salmalıyıq ki, siyasəti belə aparmazlar. Əslində, bu, hakimiyyətin balanslaşdırılmış, yalançı siyasətidir. Elementar bir misal çəkim, sənin qarşında bayrağını baş-ayaq asacaqlarsa, sənin ona etiraz etməyə cəsarətin çatmırsa, deməli, sənin də, hakimiyyətinin də başına bu oyunları gətirəcəklər. Bu, sənin bayrağındır. Biz xalqların heç biri ilə düşmən deyilik. Savaşacaqlar, savaşacağıq, dost olacaqlarsa, dost olacağıq. Azərbaycana qarşı təhdidlər olarsa, ağlı başında olan hər kəs bir araya gələcək.
- Rüstəm İbrahimbəyov çıxışında deyib ki, biz ermənilərlə düşmən deyilik... Sabir Rüstəmxanlı da ona dəstək olaraq bildirib ki, Rüstəm bəy sadə erməni xalqını nəzərdə tutub, Ermənistan hakimiyyətini yox…
- Sizin sualınıza Mirmahmud cavab verirsə, siz Mirmahmudun özünə diqqət etməlisiz. Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyov özünü və dostlarını nəzərdə tutur. Onun dostları, doğrudan da, ermənilərlə düşmən deyil, Rüstəm də. Bu birmənalı belədir: istər yumor hissi olsun, istərsə də məntiq olsun. Fars şovinizmi, siyasəti varsa, mən deməliyəm ki, fars şovinistləri Azərbaycan türklərinin qardaşıdır? Belə demək ayıbdır. Onu deyənlərin yaşı da, imkanları da məndən çoxdur. Bu baxımdan bunu nəzərə almaq lazımdır ki, bu adam deyəndə birinci özünü nəzərdə tutur. Yaxşı, Xocalıda ölən kim idi? Əlbəttə, xalq. 1988-ci ildən başlyaraq xeyli şəhid verənlər hansı xalqın nümayəndələri idi? Başa düşmürəm, onları kim öldürüb? Onları öldürənlər, bəlkə, başqa adamlar olub, biz tanımırıq? Yazıçı, şair, rejissor gedib, öz işi ilə məşğul olmalıdır, siyasətçi, diplomat da öz işi ilə. Bizdə hər şey bir-birinə qarışıb deyə belə olur. İndi də Rüstəm bəy Azərbaycan siyasətinə gəlib. Kim ona deyə bilər ki, gəlmə. Siyasətlə məğul olmaq insanın öz seçimidir. Mənə elə gəlir ki, o, Azərbaycan siyasi səhnəsində nəzərdə tutduqlarını həyata keçirməkdən ötrü rollarını ifadə etmək istəyənlərə rol paylacaq. Yəni birmənalı olaraq Rüstəm İbrahimbəyov siyasətdə də rejissorluğunu nümayiş etdirəcək.
- Seçkilər ərəfəsində müharibə ehtimalı ola bilərmi? Bir neçə gün öncə Azərbaycanın hərbi təyyarələrinin Qarabağ səmasında uçuş keçirməsi xəbəri yayıldı.
- Bu bizim üçündür. İnformasiyası, təhlili məhdud olanların, dövlətçilik məsələsində iqtidarla dövlətçilik arasında bərabərlik işarəsi qoyan, yəni guya Əliyevlər hakimiyyəti dövlət deməkdir düşünənlərin olması göstərir ki, belə məsələnin təhlili azdır. Dediyim kimi 2009-cu ildə referendum keçirdilər ki, müharibə şəraitində prezident 2 dəfədən çox namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycanda maraqları olan dövlətlərə ən çox sərf edən hakimiyyət məhz bu hakimiyyətdir. Ona görə də bu informasiyalar maraqlara uyğun yayılmalıdır. Gələcəkdə aksiya da keçirəcəklər ki, seçki keçirilməsin. O zaman adama deyərlər ki, 20 ildə neçə santimetr torpaq azad etmisən? Bəlkə, seçkiyə görə Qarabağ problemini həll etmirsiniz? Hələ bəziləri deyir ki, bu hakimiyyət getsə, Azərbaycanda ərəb ölkələrində baş verənlər təkrarlanacaq.
- Bunu qəbul etmirsiniz?
- Yox, bu, mümkün deyil. Düzdür, xalqı o vəziyyətə salmaq istəyəcəklər, amma mümkün olmayacaq. Hətta bizim liderimizin - Əbülfəz Elçibəyin də bir zamanlar Azərbaycanda vətəndaş müharibəsi ilə bağlı dedikləri özünü doğrultmadı. Yəni Əbülfəz bəy hakimiyyətdən vətəndaş müharibəsinə görə çəkildi. Amma sonralar özü də etiraf etdi ki, bu, doğru addım olmadı.
- Yəni Elçibəy getməsəydi, vətəndaş müharibəsi olmayacaqdı?
- Olmayacaqdı. Bəy bunu özü də etiraf etdi. O vətəndaş müharibəsini real hesab edirdi. Əgər vətəndaş müharibəsi olsaydı, ən azından 30 il davam edəcəkdi. Çünki hamı prosesdə iştirak edəcəkdi. Biri deyəcəkdi, filankəs KQB-nin agentidir, biri deyəcəkdi filan vaxt filankəsin toyuğu filankəsin çəpərindən keçib və.s. Amma bu müddət ərzində elə günə düşdük ki, torpaqlarımızı itirdik. 6 rayon bu hakimiyyətin gəlməsinə görə getdi. Bunlar hakimiyyətə gəlmək üçün 6 rayonu qurban verdilər.
- Seçki yaxınlaşdıqca ölkədə aktivlik hiss olunur. Həmçinin nazirlər rayonlara gedib əhali ilə görüşlər keçirirlər…
- Bu, görüş deyil, gəzintidir və camaatı razı salmaqdan ötrüdür. Baxın, həmin nazirlərin qəbul etdikləri kimlərdir? Sadə vətəndaşlardır, yoxsa öz strukturlarında çalışan insanlar? Kimin məsələsi həll edilir? Fikir verin, həmin nazirlərin qəbul keçirdikləri bölgələrdə icra başçıları nə əziyyət çəkirlər. Onlar hansı şikayətçiləri qəbul edirlər, neçə cür filtirdən keçirilirlər. Məqsəd bu il keçirilən prezident seçkilərinə hazırlıqdır.
- Demək, hakimiyyət bu seçkilərdə qalib olacaq…
- Hakimiyyət heç vaxt qalib olmayıb. Bunu bacarsaydı, bu qədər əl-ayağa düşməz, görüşlər keçirməz, deputatları, nazirləri əhali ilə görüşlər keçirməyə məcbur etməzdilər. Bu hakimiyyətin sabahı yoxdur, artıq özü də bunu başa düşür.
Şəmşad AĞA
Qaynar.info