"Kremlin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinə uyğun davrandığını iddia etmək mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri keçən ilin bu günü Moskvada imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni şərh edərkən deyib. Ekspert bildirib ki, Rusiya imzaladığı istənilən müqavilə və sazişi rahatlıqla pozmağı bacaran və bunu dəfələrlə edən ölkədir:
"Onu qeyd edim ki, Rusiyanın imza atdığı heç bir sənəd müqəddəs Quran ayəsi kimi qəbul olunmalı deyil. Rusiya imzaladığı istənilən müqavilə və sazişi rahatlıqla pozmağı bacaran və bunu dəfələrlə edən ölkədir. Moskva özünün arxa baxçası saydığı heç bir postsovet ölkəsilə bərabərhüquqlu münasibətlər sistemi qurmur və qurmayacaq. Çünki bu ölkələri özünün nüvəsi ətrafında fırlanan orbitlər statusunda görür. Konkret müqaviləyə gələndə, beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq müəyyən mənada bir-birilərinin ziddinə olan məsələlərin müzakirəsi fonunda keçirilən səsvermədə ola bilsin ki, bir sıra qarşılıqlı addımlar atılıb. Ancaq sözün əsl mənasında Bakını maraqlandıran təməl və strateji məsələlərdə Moskvanın qeyri-səmimi olduğunu görürük. Sənəddə qeyd olunur ki, bu iki ölkə öz ərazilərində digər müttəfiq ölkəyə qarşı hər hansı bir separat rejimin fəaliyyətinə imkan verilməyəcək. Müqavilədən ötən müddət ərzində Qarabağdakı qondarma separatçı rejim yenə də Rusiya tərəfindən dəstəklənməkdə davam edir”.
Ekspert deyir ki, rus qoşunlarının Qarabağda həddini aşan davranışı da Azərbaycanın suveren hüquqlarının gözardı edilməsi deməkdir:
"Hansı ki, Bakı ilə Moskva arasında ərazi bütövlüyü və suverenlik məsələsində ilə də bağlı qarşılıqlı öhdəliklər var. Əvvəlki dövrdə olduğu kimi, son 1 il ərzində də rus sülhməramlıları Qarabağdakı Ermənistan ordusunun qalıqları və separatçılara məxsus terrorçu dəstələrin silahlandırılması prosesini həyata keçirib. Qarabağda xəritə üzrə 24 hərbi obyektin kordinatları dərc olunub. Həmin hərbi obyektləri formalaşdırmaq üçün ciddi silah təchizatına ehtiyac var. Azərbaycan Qarabağda mövcud olan bütün hərbi texnikanı, havadan müdafiə sistemlərini darmadağın edib. Bu faktın özü də göstərir ki, həmin hərbi obyektlərin bərqərar olmasına yardım edən Rusiyadır. Ona görə də Rusiya və müttəfiqlik məsələsi yan-yana qoyulacaq məsələ deyil. Bu ölkə hər zaman öz müttəfiqlərini satıb”.
Qeyd edək ki, 2022-ci ilin fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. 43 maddədən ibarət sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin imzalayıblar. Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurmalıdırlar.
Rüfət Sultan