"Əslində, bu açıqlamalar gərginliyin nisbətən zəifləməyə doğru getdiyinə işarədir. Hərbi təlimlər bitibsə, deməli, Rusiya ordusu əvvəlki dislokasiya olunmuş yerinə qayıtmalıdır. Deməli, Moskva Ukrayna ilə böyük müharibəyə başlamaqla bağlı konkret qərarlar verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Prezidenti Vladimir Putinin ayrı-ayrılıqda xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə gözlənildiyinin əksinə olaraq, hər ikisinin Ukrayna ətrafındakı gərginlik məsələsində diplomatik səylərin bitmədiyinə və təlimlərin başa çatmaq üzrə olmasına işarə vurmalarına münasibət bildirərkən deyib:
"Rusiyalı nazirlər Ukraynaya hücumun bədəlinin ölkələri üçün ağır olacağını anlayıblar. Rusiyanın məqsədlərindən biri ABŞ-la bərabər hüquqlu dünya gücü səviyyəsində danışıqlar aparmaqdan ibarət idi ki, bununla da dünyaya artıq bir qütblü dünyanın olmadığı mesajını ötürmək istəyir. Kreml dolayısı ilə buna nail olub. Ancaq digər geosiyasi maraqlarını təmin edə bilməyib ki, bu da NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqdan ibarətdir. ABŞ təhlükəsizliklə bağlı məsələnin isə Rusiya ilə müzakirə predmeti olmasını istəyir. Bu da fikrimcə, Rusiyanın hərbi böhran gərginliyini dayandırmasına səbəb ola bilər. Hər bir halda Putin-Lavrov və Putin-Şoyqu görüşündəki açıqlamalar göstərir ki, artıq gərginlik zəifləməyə doğru gedir”.
Politoloq qeyd edir ki, rusiyalı nazirlərin bu açıqlamaları həmçinin ABŞ-ın konkret tarix göstərməklə müharibənin başlana biləcəyi xəbərini də təkzib edir:
"Bu açıqlamalar həm də ABŞ-ın bu kimi dezinformasiyalarla Rusiyanı beynəlxalq səviyyədə işğalçı kimi göstərmək istəyinin üstündən də xətt çəkir. Moskva bunları anlayıbsa, regionda mövcud olan gərginlik zəifləməyə doğru gedəcək”.
Rüfət Sultan