Xəbər lenti

Moskva görüşü nə vəd edir? - Politoloq
Siyasət08:52 24.08.2022

Moskva görüşü nə vəd edir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə  Komissiyanın növbəti görüşü avqustda Moskvada keçiriləcək. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb. 
Qeyd edək ki, mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli  görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar.
Tərəflərin ilk görüşü isə mayın 24-də baş tutub. Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər. Görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqləyiblər.Bildirildiyinə görə, ilk görüşdə komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.Tərəflər həmin zaman razılaşıblar ki, dövlətlərarası sərhəddəki görüşlərlə yanaşı, fərqli yerlərdə də iclaslar keçirsinlər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib. Göründüyü kimi avqustun sonlarına doğru ikinci görüşün Moskvada keçiriləcəyi gözlənilir. 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Tural Rzayev Moskva görüşündə də hər hansı bir xüsusi razılaşmanın əldə olunacağını düşünmür:"Bu görüş də növbəti simvolik görüşlərdən biri olacaq. Böyük ehtimalla Moskvadakı görüşdə də xüsusi bir razılaşma əldə olunmayacaq. Delimitasiya ilə bağlı hansı xəritələrdən istifadə olunacağı ilə bağlı hələlik hər hansı bir razılıq yoxdur. Burada hər iki tərəfə sərf edən xəritələr var. Azərbyacan özünə, Ermənistan da özünə sərfəli olan dövrün xəritələrindən istifadə etmək istəyir. Bu xəritələr də əsasən Rusiyada olduğundan proses Moskvanın monopoliyasındadır. Ona görə də düşünürəm ki, Moskva görüşü də növbəti nəticəsiz görüş olacaq. Görüşdə yekun nəticənin əldə olunacağını ehtimal etmirəm. Amma bu məsələdə Avropa İttifaqının daha aktiv olmağa çalışması Rusiyanı narahat edir. Bununla bağlı Rusiya xarici işlər naziri Lavrovla qurumun sözçüsü Zaxarova dəfələrlə Avropanı aranı qarışdırmaqda ittiham edib. İstisna deyil ki, Moskva görüşündə Qərbin mövqeyini zəiflətmək üçün Rusiya müəyyən bir qərarların əldə edilməsinə nail olsun. Ən azından komisiyalarla bağlı hansısa bir fəaliyyət proqramı istiqamətində ilkin addım atıla bilər”. 
Rüfət Sultan