Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, təmsil etdiyi nazirliyin yaxın gələcəkdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi perspektivlərini qiymətləndirib. Zaxarova belə görüşün keçirilməsi şanslarının yükəsk olduğunu bildirib.
O, ekspertlərin görüşün keçirilməsi üzərində çalışdıqlarını vurğulayıb. Zaxarova, görüşün tarixi konkretləşdikdən sonra açıqlayacaqlarını əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə görüşüblər. Ondan əvvəl isə hər iki ölkənin XİN rəhbərləri ABŞ-da bir araya gəlib. İndi isə görünür, estafeti Moskva öz əlinə almaq istəyir.
Politoloq İlqar Vəlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın vasitəçiliyilə aparılan danışıqlar məcrasını dəyişərək, hansısa başqa səmtə yönəlməyəcək.
"Bu görüşdən hansısa önəmli nəticə gözləmək düzgün olmazdı. Amma XİN rəhbərlərinin Moskva görüşü sıradan bir tədbir də olmayacaq. Güman ki, prosesin gedişaatındakı son proseslər müzakirə ediləcək. Rusiya çalışır ki, burada öz maraqları təmin edilsin. Rusiyanın nə istədiyi də təxminən aydındır. Görüş nəticəsində tərəflər son bir il ərzində müəyyən olunmuş dəst-xəttdən kənara çıxmayacaqlar. Rusiyanın vasitəçiliyilə aparılan danışıqların məcrasını dəyişərək, hansısa başqa səmtə yönələcəyini düşünmürəm. Moskva danışıqları baş tutarsa, ciddi sənədlərin imzalanacağını da gözləmirəm”, deyə İlqar Vəlizadə vurğulayıb.
Rüfət Sultan