"Görünən
odur ki, Rusiya bütün hallarda sülhməramlılarını Qarabağda saxlamaqla Azərbaycana
az da olsa nəzarətini təmin etmək istəyir”.
BunuQaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Rusiya Xarici İşlər naziri
Sergey Lavrovun "atəşkəs rejiminin saxlanılmasına nəzarət etmək üçün Dağlıq Qarabağda
sülhməramlılar yerləşdirilməlidir” fikrini şərh edərkən deyib. Onun sözlərinə
görə, əslində Lavrovun Qarabağla bağlı son açıqlamasında Rusiyanın mövqeyində
hansısa ciddi dəyişikliyin olmadığını görürük:
"Moskva
israrla mərhələli həll planı ilə bağlı danışıqlar aparılmasını istəyir. Burada əsas
diqqət yetiriləsi məqam da məhz budur. Moskva sadəcə tərəflərin yarıda qaldığı yerdən
danışıqları davam etdirməsini istəyir. Bu isə istənilən halda Azərbaycan üçün sərfəli
variant deyil. Bakının Moskva və digər iki həmsədr ölkədən tələbi aydındır. Azərbaycan
tələb edir ki, bu ölkələr Ermənistana təzyiq etsinlər və Azərbaycanın işğal
edilmiş torpaqları ilə bağlı məsələ həllini tapsın. Lavrovun açıqlaması göstərir
ki, Moskva hələlik bunu istəmir. Digər tərəfdən Lavrovun açıqlanmasından görünən
başqa məqam Azərbaycana qarşı güclü təzyiqlərin olmasıdır. Belə ki, məhz Rusiya
XİN rəhbərinin açıqlamasından aydın olur ki, Bayramovun Mnatsakanyanla görüşünə
Putinlə Şoyqu da qoşulub. Görünən odur ki, Moskvada Bayramovu sıxışdıraraq və
hansısa formada təhdid edərək, nəyəsə məcbur etməyə çalışıblar, lakin bu
alınmayıb. Əgər bu alınsaydı, o zaman Lavrov dünənki kimi media qarşısına
çıxaraq Şoyqu ilə Putinin danışıqlara qatılmasından bəhs etməzdi”.
İlkin
Həsənli bildirib ki, üstəlik, Lavrov həm də danışıqlara Azərbaycanın öz şərtləriylə
gəldiyini dolayısı yolla etiraf etmiş olur:
"Moskva
hələlik bu şərtləri qəbul etmək iqtidarında deyil. Çünki artıq söhbət Dağlıq
Qarabağ ətrafındakı 5+2 rayon və statusun müəyyənləşdirilməsindən getmir. Artıq
ilkin olaraq təklif edilən 5 rayondan ikisi və Dağlıq Qarabağ muxtar vilayətinin
ərazisinin bir qismi Azərbaycanın nəzarətindədir. Əgər danışıqlarda bundan
sonra Madrid prinsiplərinin baza hissəsi əsas götürüləcəksə, o zaman Azərbaycana
ediləcək təkliflər dəyişilməlidir. Ona görə ki, mərhələli həll planında tərəflərin
razılaşdırdığı məqam bütün bu prinsiplərin işğal altında olan torpaqlara aid
olmasıdır. Amma indi bu torpaqların bir qismi azad olunub deyə, bu prinsiplər həmin
ərazilərə yox, məhz işğal altındakı başqa ərazilərə şamil olunur. Moskvanı da, İrəvanı da indiki halda ən çox qorxudan məhz bu məqamdır”.
Analitik
hesab edir ki, digər tərəfdən Lavrovun bəyanatında yer alan başqa məqam sülhməramlılar
məsələsi oldu:
"Rusiya
bütün hallarda sülhməramlılarını Qarabağda saxlamaqla Azərbaycana az da olsa nəzarətini
təmin etmək istəyir. Lakin buna cavab dərhal prezident səviyyəsində verilib.
İlham Əliyev sülhməramlı məsələsinin Azərbaycan və Ermənistan tərəfindən həll
edilməsi gərəkdiyini söyləməklə önəmli addım atıb. Belə ki, bu, gələcəkdə
Qarabağa sülhməramlılar yerdiləcəksə belə, onun tərkibinin Rusiya yox, məhz bu
iki ölkə tərəfindən müəyyən ediləcəyi deməkdir. Üstəlik, bu həm də tərəflərin hələ
uzun müddət bununla bağlı razılaşmayacaqları anlamına da gəlir, yəni hələ uzun
müddət razılaşma imzalamayacaq. Bakı heç bir halda rus əsgərini öz ərazisinə
buraxmamağa və ya buraxmağa məcbur qoyulacağa halda belə bunun ən minimum səviyyədə
etməyə çalışır. Lavrovun açıqlaması göstərir ki, Moskva Qafqazda öz təsirinin
itməsiylə bağlı çox narahatdır və böyük zərbəyə məruz qoyulduğunu anlayıb”.
İlkin
Həsənlinin fikrincə, bununla belə, Moskva Azərbaycana qarşı açıq sərt addımlar
atmaqdan da çəkinir:
"Belə ki,
Moskva bu halda Azərbaycanı əbədiyyən itirəcəyindən və Qafqaza yolunun tam
bağlanacağından qorxur. Ona görə də Moskva müxtəlif vasitələrlə Ermənistanı dəstəkləməklə,
yardımlar, hətta muzdlular göndərməklə yetinməli olur. Moskvanı Azərbaycana sərt
hərəkətdən çəkindirən başqa amil isə Türkiyə faktorudur. Yəni, Azərbaycana təhdid
yaradacağı halda Moskva Azərbaycan ərazisinə Türkiyə ordusunun gələcəyini və hətta
burada Türkiyə bazasının açılacağını bilir. Bu isə Rusiyanın Azərbaycanda sonu
deməkdir. Ən son olaraq isə Lavrovun müsahibə verdiyi jurnalistlər və radiolara
nəzər yetirsəniz, onun əsas niyyətinin nə olduğunu görə bilərsiniz. Belə ki, bu
radiolardan biri olan "Komsomolski Pravda” Azərbaycana qarşı açıq-aşkar qərəz
nümayiş etdirir. Üstəlik, onun xüsusi müxbiri Aleksandr Kots hazırda
Qarabağdadır və Azərbaycana qarşı məhz burada təhqiramiz və qərəzli
informasiyalar paylaşır. "Sputnik”lə "Danışır Moskvaya” gəlincə isə bu iki
orqan Rusiyanın imperial siyasətinin təbliğatını gerçəkləşdirməklə məşğuldur”.
İlkin
Həsənli bildirib ki, Rusiya Azərbaycanı dayandırmaq üçün bütün vasitələrə cəhd
edəcək:
"Amma
bu, Azərbaycanın əvvəlki ona tabe olacağı və ya güzəştə gedəcəyi anlamına gəlməməlidir.
Çünki artıq həm beynəlxalq şərtlər, həm də regional şərtlər tam Azərbaycanın
xeyrinə dəyişib”.
Qeyd
edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuata müsahibəsində "ilk mərhələdə,
iki bölgə azad edilməli, bütün rabitə, iqtisadi əlaqələr, nəqliyyat əlaqələri
açılmalıdır və sülhməramlılar yerləşdirməlidir ki, bu da hərbi əməliyyatların
başlamamasına zəmanət verəcək”, - deyə qeyd edib.
Bahar
Rüstəmli
Şərhlər