Xəbər lenti

Moskva və Tehran Bakının notasına cavab verməsə... - Politoloq
Siyasət08:34 12.08.2021

Moskva və Tehran Bakının notasına cavab verməsə... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın İran səfirliyinə sübutlar əsasında təqdim etdiyi kəşfiyyat məlumatlarının mətbuata çıxarılmasının cənub ölkəsində yaşayan 40 milyonluq soydaşımız tərəfindən necə qarşılanacağını Tehran çox gözəl bilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan XİN-in İranın yüklərlə dolu avtomobil karvanının Qarabağa qanunsuz səfərlərinə son qoymaq üçün Tehrana nota verməsi məsələsinə toxunarkən deyib. 
Politoloq bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin İrana nota verməkdə məqsədi burada göstərilən hadisələrin həqiqət olub-olmadığına qarşı tərəfin cavab verməsinə nail olmaqdır:
"Qarşı tərəf notanı qəbul etmirsə, orada göstərilən məqamların olmadığını əsaslandırmalıdır. Tehran notaya cavab verməsə, deməli, notada qeyd edilənlər həqiqətdir. 
Bu hal onu göstərir ki, İrandan yük maşınlarının Qarabağa gəlmələri barədə Azərbaycanın əlində ciddi sübutlara söykənən kəşfiyyat məlumatları var. Düşünürəm ki, notanı verən ölkə burada göstərilənlər aradan qaldırılmadığı təqdirdə, görüləcək adekvat tədbirləri də hazırlayıb. Azərbaycanın əlində diplomatik və digər vasitələrdən istifadə edərək bu prosesin qarşısını almaq üçün geniş imkanları var”. 
Politoloqun fikrincə, İran bu notadan ümumən nəticə çıxaracaq: 
"Ancaq bu ölkə Ermənistana yardımları davam etdirəcək. Bununla belə, yalnız İrəvana qədər gəlmək və buradan geri qayıtmaqla, ən azından Qarabağa birbaşa İran bayrağı altında avtomobil karvanının daxil olmasını dayandırmalı olacaqlar”. 
Ə. İbrahimov əmindir ki, notanı verən tərəf qarşı tərəfi insidentin qarşısı alınmadığı təqdirdə, atacağı gələcək adekvat addımlar barədə də məlumatlandırıb:
"Bu istiqamətdə hadisələri qabaqlamayaq. Azərbaycan 20 il bundan qabaqkı ölkə deyil. İndi onunla hesablaşırlar. Azərbaycanın İran səfirliyinə sübutlar əsasında təqdim etdiyi kəşfiyyat məlumatlarının mətbuata çıxarılmasının cənub ölkəsində yaşayan 40 milyonluq soydaşlarımız tərəfindən necə qarşılanacağını bizim kimi, Tehran da çox yaxşı bilir. Tehran bu istiqamətdə atacağımız sözügedən adekvat addımın İranda necə rezonans doğuracağını unutmamalıdır”. 
Həmsöhbətimiz Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının öz işlərilə məşğul olmadığı və ermənilərin hərəkətlərinə göz yummalarını Moskvanın diqqətinə çatdırmasına da münasibət bildirərək qeyd edib ki, bu, şimal qonşumuza edilən ciddi xəbərdarlıqdır: 
"Bu xərəbdarlığa məhəl qoyulmadığı halda, İran məsələsində olduğu kimi, burada da Bakının Rusiyaya münasibətdə ata biləcəyi adekvat addımlar vardır. Son zamanlar Moskva-İrəvan yaxınlaşması baş verir. Bu yaxınlaşma fonunda Azərbaycan adekvat addım olaraq Türkiyə və Pakistanla daha böyük müstəvidə yaxınlaşa bilər”. 
Rüfət Sultan