Siyasət 14:55 24.12.2022

Moskvada Bayramov-Lavrov görüşü: Azərbaycan üçün mübət və mənfi məqamlar

"Bu görüşdə müəyyən müsbət məqamlarla yanaşı, mənfi çalarlar da oldu. Görüşdən sonra verilən açıqlamalarda Azərbaycan üçün həm müsbət məqamlar, həm də müəyyən qəbul etmədiyimiz halların olduğunu müşahidə etdik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında başa çatan görüşü şərh edərkən deyib. Ekspert bildirib ki, Lavrovun "Qarabağ hakimiyyəti”, "Qarabağ ərazisi” ifadələrini xüsusi vurğu ilə işlətməsi mənfi və Azərbaycan üçün qəbul edilməz məqamdır:



"Sülhün əldə olunması üçün danışıqların davam etdirilməsi istənilib. Bakı bu prosesə töhfə verməyə çalışır. Ermənistan isə destruktiv mövqeyini davam etdirir. İrəvanın son yanaşmasının konstruktiv olmadığı, sülhün əldə olunmasına töhfə vermədiyinin əsas vasitəçi tərəfindən də qeyd olunması müsbət haldır. Digər müsbət məqam isə odur ki, Lavrov da Azərbaycan tərəfindən irəli sürülən və Cənubi Qafqazda sülhün əldə olunmasına yönələn 3+3 formulu barədə müsbət yanaşma ortaya qoydu. 

Görüşdə regiondakı gərginliyin dinc yolla aradan qaldırılmasının vurğulanması da müsbət məqamdır. Çünki Ermənistanda ara-sıra müəyyən revanşist təşəbbüslər baş qaldırır. Kənardan onları buna təhrik etmək istəyənlər də var. Bununla belə, Lavrovun "Qarabağ hakimiyyəti”, "Qarabağ ərazisi” ifadələrini xüsusi vurğu ilə işlətməsi mənfi və Azərbaycan üçün qəbul edilməz məqamdır. Hesab edirəm ki, İrəvan Cənubi Qafqazda sülhün bərqərar olması üçün prosesi doğru dəyərləndirməlidir”. 

Politoloq Taleh Əliyev isə bildirib ki, Moskvada Qarabağda yaşanan gərginliyin həllilə bağlı gözləntilər növbəti dəfə özünü doğrultmadı:



"Öncədən nəzərdə tutulduğu kimi, Moskvada baş tutan görüş üçtərəfli deyil, ikitərəfli formatda keçirildi. Lavrovla Bayramov arasında olan danışıqlardan isə ciddi nəticə gözləmirəm. Çünki Moskvada keçirilən danışıqlar bir qayda olaraq Azərbaycanla Ermənistan arasında Qərbin vasitəsilə əldə edilən razılıqları ya sabotaj etmək, ya da erməniləri prosesdən çəkindirməklə prosesdə ciddi irəliləyişlərin əldə olunmaması ilə yadda qalıb. 

Lavrovla Bayramovun görüşünü Xankəndi-Laçın yolunda baş verənlər bağlanması kontekstində qiymətləndirməliyik. Azərbaycan qızıl-mis yataqlarında qeyri-qanuni istismarla bağlı monitorinq aparmaq istəyir. Lakin Vardanyanın təxribatı ilə monitorinqin qarşısı alındı. Moskva isə sülhməramlıların timsalında belə bir monitorinqin keçirilməsinə heç bir şərait yarada bilməyəcəyini bildirdi. Lavrovla danışıqlarda da bu məsələ ətrafında heç bir irəliləyiş olmadı. Moskvada Qarabağda yaşanan gərginliyin həllilə bağlı gözləntilər növbəti dəfə özünü doğrultmadı”. 

Rüfət Sultan