Xəbər lenti

Moskvanın təklif etdiyi 6 humanitar marşrut nəyə hesablanıb?
Siyasət12:17 08.03.2022

Moskvanın təklif etdiyi 6 humanitar marşrut nəyə hesablanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya mühasirədə qalan Ukrayna əhalisinin çıxması üçün 6 marşrut üzrə humanitar koridor təklif edib. Maraqlıdır ki, təklif edilən bu koridorlar yalnız Rusiya və Belarus istiqaməti üzrə nəzərdə tutulub. Kiyev isə Moskvanın humanitar koridorların istiqaməti üzrə təklifini qəbul etməyib. 
Görəsən, Moskvanın humanitar koridor məsələsində yalnız Belarus və Rusiyaya gedən marşurutlar üzərində dayanmasında məqsədi nədir? 
Rusiya bunu etməklə Ukrayna əhalisi arasında özünün guya humanist mövqe sərgilədiyini, dinc sakinlərin "qayğısına” qaldığını göstərmək istəyir. Başlıcası isə bu addımı ilə Kreml müharibə başlayandan bəri Ukrayna xalqı ilə hökuməti arasında yaranan sıx birliyi pozmaq istəyir. Belə ki, Rusiyanın hücumu Ukraynada xalqla hakimiyyət arasında ciddi konsolidasiya, birliyin yaranmasına gətirib çıxarıb ki, bu da Moskvanı narahat edir. Ona görə də koridorun ancaq şərq və şimal istiqaməti üzrə açılmasını təklif etməklə, Moskva Kiyevin Rusiyanın "humanist” təklifinə qarşı çıxdığı obrazını yaratmaqla sözügedən birliyi parçalamaq, Ukrayna daxilində nifaq salmaq, hakimiyyətdən narazılıq yaratmaq niyyətindədir. Hazırkı situasiyada ölümlə üz-üzə qalan dinc sakinlər istiqamətindən asılı olmayaraq açılan hər bir humanitar koridora təhlükədən uzaqlaşmaq üçün nəfəslik kimi yanaşa bilərlər. Bu fonda Kiyevin Rusiyanın təklif etdiyi marşturlara razılıq verməməsi isə Kremlin fikrincə, əhali arasında Kiyev hakimiyyətinə münasibətdə etimadsızlıq yaradar.  
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu telemarafonda daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
Ola da bilsin Rusiya bu təklifin reallaşması ilə mühasirədən çıxaraq şərq və şimala üz tutmalı olan dinc sakinlərdən apardıqları informasiya oyununda əsir kimi istifadə etmək niyyətindədir. Belə ki, Rusiya və Belarusa gələn ukraynalılardan Kreml birmənalı şəkildə Kiyev əleyhinə istifadə edəcək. Onları televiziya kanallarından istifadə edərək alçaltmaqla Ukrayna əleyhinə danışmağa vadar edəcəklər. 
Qeyd edək ki, hazırda humanitar fəlakətlə üzləşərək mühasirə vəziyyətində olan Ukrayna şəhərlərində, xüsusən də cənub və şərq istiqamətində çoxsaylı rus əhalisi də yaşayır. Moskva isə koridorun qərb istiqamətləri üzrə açılması fonunda Qərbin və Kiyevin rus əhalisindən Rusiya əleyhinə istifadə edəcəyindən ehtiyatlanır. Hətta Moskva qarşı tərəfin onlardan hücuma keçən Rusiya ordusuna qarşı qalxan kimi yararlana biləcəyindən də narahatdır. Bəzi məlumatlara Rusiya ordusu Mariopol və Xarkov kimi iri şəhərlərdə çoxsaylı rus əhalisi yaşadığına görə, həmin şəhərlərə sarsıdıcı zərbə ilə daxil olmaqda çətinlik çəkir. Belə ki, bu halda şəhərlərdə çoxsaylı dinc əhali qırıla bilər ki, onların da əksəriyyəti məhz rusdilli sakinlər ola bilər. Bu senari isə Rusiyanın özündə Putin hakimiyyətinə qarşı ciddi qəzəb və nifrət hissi yarada bilər. O mənada Moskvanın koridorun marşturları barədə verdiyi təklif həm də onu göstərir ki, Kreml ilk növbədə həmin ərazilərdən əsasən rus əhalisinin çıxarılmasında maraqlıdır. Ukraynalı dinc sakinlərin orada qalıb-qalmaması isə Moskvanı o qədər də ilgiləndirmir. Görünür, bu amil də Moskvanı humanitar koridor məsələsində ancaq Rusiya və Belarus istiqamətləri üzərində dayanmağa sövq edib.   
Digər tərəfdən, Rusiyanın humanitar koridor məsələsində tutduğu mövqe həm də ona işarə ola bilər ki, reallıqda Kreml koridorun açılmasında ümumiyyətlə maraqlı deyil.
Bunun nəticəsidir ki, Ukraynanın vitse-naziri İrina Veraşuk təklifi absurd, kinli və qəbuledilməz adlandırıb. Hətta Fransa Prezidenti Emmanuel Makron da Rusiyanı absurd təklif verməkdə ittiham edib. 
Rüfət Sultan